Deputat: “Prezident “La Repubblica”ya müsahibəsində bir daha İranın uydurma  ittihamlarına cavab verib”

Milli Məclisin deputatı Hikmət Babaoğlu

© APA | Milli Məclisin deputatı Hikmət Babaoğlu

# 13 oktyabr 2021 17:48 (UTC +04:00)

“Prezident İlham Əliyevin İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibə istər postmüharibə dövründə regionumuzda formalaşan yeni reallıqlar və onların inkişaf spesifikası, istərsə də xalqımızın illər boyu gözlədiyi böyük qayıdış və bunun üçün hazırda görülən işlər baxımından kifayət qədər çoxsaylı məsələlərə aydınlıq gətirmiş oldu”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat qeyd edib ki, eyni zamanda, məhz yeni reallıqlar kontekstində bəzi regional aktorların fərqli davranışları və onların Azərbaycana qarşı irəli sürdükləri ittihamların da tamamilə əsassız olması bildirildi:

“Müsahibədə əksini tapan digər bir məsələ isə bəzi ermənipərəst qərb dairələrinin qlobal informasiya məkanında Azərbaycana qarşı başlatdığı çirkin böhtan kampaniyasına verilən cavab idi. Beləliklə, aydın oldu ki, istər regional müstəvidə, istərsə də qlobal müstəvidə Azərbaycanın əldə etdiyi tarixi zəfəri və Azərbaycanın güclənməsini qəbul etməyən dairələr var. Onlar bəzən koordinasiyalı şəkildə, bəzən isə lokal formada ölkəmizə qarşı informasiya müharibəsini davam etdirirlər. Bu kontekstdə xeyli vaxtdır ki, sosial mediada Azərbaycana qarşı antitəbliğat kampaniyası aparan şəbəkənin əsassız ittihamları da dəqiq və obyektiv olaraq cavablandırıldı. Məlum oldu ki, ölkəmizdə müvəqqəti mövcud olan Rusiya sülhməramlılarının fəaliyyəti ümumən razılıqla qarşılansa da, üçüncü ölkə vətəndaşlarının Azərbaycan ərazisinə daxil olması və digər bu kimi bənzər istiqamətlərdə narahatlıq yaradan hallar da var. Eyni zamanda, qeyd edə bilərik ki, digər məsələlər kateqoriyasına sülhməramlıların müvəqqəti səlahiyyət zonasında olan ərazilərimizə hələ də azərbaycanlıların qayıda bilməməsi məsələsi də aiddir”.

Deputat bildirib ki, Azərbaycan Prezidenti müsahibə zamanı bir daha İranın uydurma ittihamlarına cavab verərək onu əsassız adlandırdı:

“Əslində isə İran-Azərbaycan münasibətlərinin müsbət məcrada davam etdirilməsi üçün Azərbaycan tərəfinin əlindən gələni etdiyi bəlli oldu. Ancaq ölkəmizin müstəqillik prinsiplərinin xüsusi əhəmiyyətinə vurğu edilərək bu müstəqilliyə hörmətin zəruri olduğu ifadə edildi. Bu fikirlə bir daha qonşulara və bütün dünyaya ismarıc verildi ki, regionumuzda artıq heç nə əvvəlki kimi olmayacaq. İndi Azərbaycan ərazi bütövlüyünün bərpa edilməsi üçün beynəlxalq təşkilatlara və qlobal aktorlara müraciət edən ölkə yox, bu çətin və mürəkkəb problem həll edərək beynəlxalq münasibətlər sistemində bir tarixi ilkə imza atan ölkədir və bunu hamı qəbul etməlidir. Hazırda qarşımızda duran milli vəzifə isə böyük qayıdışı təmin etməkdir ki, bu istiqamətdə qısa müddətdə çox böyük işlər görülüb. Azad edilmiş ərazilərimizdə enerji, su və nəqliyyat kommunikasiyaları demək olar ki, həll edilib. Cəmi 8 aya Füzuli beynəlxalq aeroportu inşa edilib. Şəhər və kəndlərimizin inşası üçün işçi planlar hazırlanıb və bu prosesdə başda qardaş Türkiyə olmaqla İtaliya şirkətləri də yaxından iştirak edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR