Deputat: “Prezidentin sözləri Qarabağdakı erməni əsilli vətəndaşlar üçün yol xəritəsidir”

Bəhruz Məhərrəmov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

© APA | Bəhruz Məhərrəmov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

# 01 oktyabr 2021 17:14 (UTC +04:00)

“Ötən il oktyabr ayının 9-da prezident İlham Əliyev xalqa müraciətində sonradan siyasi məkanda çox populyarlaşan bir ifadə işlətdi: “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”. Hesab edirəm ki, “Anadolu” agentliyinə müsahibəyə, daha doğrusu müsahibənin zamanına, müsahibəni aparan subyektin mənşəyinə, verilmiş bəyanatlara və mövcud situasiyaya baxışımız məhz bu prizmadan olmalıdır”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, bu müsahibə, əslində, müharibədən ötən bir ilin hesabatıdır: “Prezident faktiki olaraq bütün dünyaya nümayiş etdirdi ki, biz Vətən müharibəsində qələbə qazandığımız kimi, zəfərimizin hərbi-siyasi nəticələrini də qorumağı bacarırıq. Təbii ki, münaqişə artıq başa çatıb, yenidən alovlandırılma ehtimalı demək olar ki, yoxdur, olsa da, bu, Ermənistan üçün intihar deməkdir. Lakin qələbə qazanan tərəf olaraq, Azərbaycan məsələnin bununla bitmiş hesab etmir. Rəsmi Bakı hesab edir ki, 30 illik işğala, təcavüzə və 44 günlük müharibəyə gətirib çıxaran səbəb və şərait təhlil edilməli, Ermənistanla yanaşı, işğal və təcavüzə dəstək verən qüvvələr son bir ildə yaşananlardan dərs çıxarmalıdır. Çünki sülh yolu ilə həlli mümkün olan münaqişənin 30 il ərzində həll edilməyib, aralarında ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri də olmaqla, ikili standartlar ortaya qoyulub. Nəticədə Ermənistan arxayınlaşaraq təcavüzkar mahiyyətini və işğal niyyətini daha da genişləndirmək xəyalına düşdü ki, Azərbaycan da buna dözə bilməzdi. Heç şübhəsiz ki, bu 1 il eyni zamanda İrəvan üçün ciddi dərs olmalı, Ermənistan uğursuz dövlət olduğunu həzm etməli və beynəlxalq hüquq əsas tutularaq formalaşdırılmış yeni reallıqla barışmalıdır”.

B. Məhərrəmov qeyd edib ki, dövlət başçısının çıxışı həm də Azərbaycandakı erməni əsilli, yolunu azmış vətəndaşlar üçün qəti qərara gəlmələri baxımından aydın yol xəritəsi hesab edilməlidir: “Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdəki ermənilər anlamalıdır ki, onların normal gələcəyi uğursuz Ermənistanla yox, Azərbaycanla bağlıdır. Reallıq da bundan ibarətdir ki, bu gün Bakıda Xankəndidəkindən daha çox erməni yaşayır. Əgər Bakıda və digər bölgələrimizdə erməni mənşəyinə görə vətəndaş ayrı-seçkiliyə məruz qalmırsa, hətta əli azərbaycanlıların qanına batmış sabiq müdafiə nazirinin bacısı dövlətimizin bütün imkan və imtiyazlarından faydalanır, qonşularından və yaşadığı rayonda hər kəsdən xoş münasibət görürsə, artıq burada başqa bir şərhə və fikrə ehtiyac yoxdur. Qarabağ iqtisadi rayonunda yaşayan erməniləri heç bir amil təhdid etmir və Azərbaycan yolunu azmış, bundan sonra eyni məzmunlu səhvi təkrarlamayacağına zəmanət verən vətəndaşlarına sahib çıxmağa hazırdır. Bu, eyni zamanda bu konstitusion səviyyədə bəyan edilib. Haylar onu da anlamalıdırlar ki, 44 günlük müharibədəki rəzil məğlubiyyət, ardınca sosial və siyasi böhranlar fonunda geri addımlayan Ermənistan üçün 45 kilometrlik sərhəddə malik olduğu İran, yaxud birbaşa sərhəddə malik olmadığı Rusiya İrəvan üçün davamlı inkişaf vasitəsi ola bilməz. Bu dövlətlər yalnız Ermənistan əhalisinin acından ölməməsi üçün minimum təminatı həyata keçirə bilər. Erməni toplumu üçün nicat yolu Azərbaycan və Türkiyədir. Yaxud 30 il ərzində faktiki hərəkətsizliklə İrəvanın lehinə status-kvonu ayaqda saxlayan ATƏT-in Minsk qrupunu yenidən diriltmək cəhdləri İrəvana nəsə vəd edə bilməz. Ermənistan anlamalıdır ki, onların bugünkü səfilliyinin və “failed state” statusunun kökündə dayanan ən əsas amillərdən biri elə diriltməyə çalışdığı Minsk Qrupunun özünün fəaliyyətsizliyidir. Zamanında İrəvana təzyiq göstərib beynəlxalq hüququn aliliyi təmin olunsaydı, Ermənistan bütün regional layihələrə qoşular və çox daha yüksək inkişaf səviyyəsinə malik dövlət ola bilərdi. Bu mənada əslində İrəvan sülh prosesində özü qalib Azərbaycandan daha çox maraqlı olmalıdır. Prezidentin də çıxışında ana xətlərdən biri bu oldu. Ötən üç gün ərzində sosial şəbəkələrin erməni sementində artıq bu mesajları doğru qəbul edən kütlələrlə az da olsa, rastlaşmaq mümkündür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR