Deputat: “Revanşist meyllərlə yaşamaq Ermənistanın sonunu yaxınlaşdıra bilər” 

Cavid Osmanov, Milli Məclisin deputatı

© APA | Cavid Osmanov, Milli Məclisin deputatı

# 26 noyabr 2021 13:38 (UTC +04:00)

“Ermənistanda özünü siyasətçi hesab edən bəzilərinin ritorikasından açıq-aydın hiss olunur ki, bu adamlar reallıq hisslərini itiriblər. Yaranmış reallıqları ya dərk etmirlər, ya da mövcud vəziyyətlə barışa bilmirlər”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Cavid Osmanov bildirib.
C. Osmanov deyib ki, bu qisasçılıq, revanşist meyllərlə yaşamaq erməni toplumunun və Ermənistanın, sadəcə, sonunu yaxınlaşdıra bilər: “Ermənistan indiki vəziyyətə aqressiv ritorikasına görə düşüb. Blokada şəraitində olan ölkə qonşu dövlətlərə nifrət aşılayır. Bu aqressiyaya son qoyulmalıdır, başqa alternativ yoxdur. Ermənistanda bəzi siyasətçilər sadə vətəndaşları uçuruma sürükləyirlər. Qisasçı ritorikadan çıxış edən erməni siyasilər özlərini sadə ermənilər, erməni xalqı üçün “qəhrəman” kimi təqdim etmək niyyətindədirlər. Hər halda, başqa xalq və ölkələrə qarşı qəzəb, kin, eyni zamanda təhqir dolu fikirlər səsləndirmək əslində ermənilərin özünün iç-üzünü bütün dünyaya tanıtmış olurlar. Bu günlərdə Ermənistan parlamentinin sabiq deputatlarından olan Zarui Postancanyan adlı birinin Azərbaycan xalqı haqqında sərsəm fikirlər səsləndirməsi bu şəxsin, eyni zamanda onun təmsil etdiyi cəmiyyətin səviyyəsindən xəbər verir. O, yaxşı olar ki, sözün hər mənasında mövcud reallıqlardan çıxış etsin və başqa xalqları təhqir etmək fikrindən uzaq olsun”.
Deputat xatırladıb ki, Ermənistan mono etnik ölkədir və bu ölkədə ermənilərdən başqa digər millətlərin nümayəndələri yaşamırlar: “1988-ci ildə yüzminlərlə həmvətənimiz Ermənistandan deportasiya olundu. Daha əvvəlki dövrlərdə də belə deportasiyalar olmuşdu. 1992-ci ildə Xocalıda məhz milli mənsubiyyətinə görə körpə uşaqları, qadınları qətlə yetirən bir ölkənin siyasətçisindən başqa bir yanaşma gözləmək olmazdı. Ermənistanda ksenofobiya, rasizm, təcavüzkarlıq, dini, etnik dözümsüzlük siyasətin adi normaları kimi qəbul olunur və təəssüf ki, bu yanaşma cəmiyyətə də sirayət edib. Zarui Postancanyan kimi erməni siyasilərinin bu cür etik qaydalardan uzaq, sərsəm və səviyyəsiz fikirləri bir daha sübut edir ki, bunların Qafqaz dəyərlərindən heç bir xəbəri yoxdur”.
C. Osmanov qeyd edib ki, Zarui Postancanyan kimi düşüncədə olanların qurduqları dövlətin siyasəti də terrordan fərqli ola bilməz: “Çox təəssüflər olsun ki, ölkəmiz Azərbaycan da uzun illərdir erməni terrorundan əziyyət çəkir. Əslində biz o cür siyasətçilərə əhəmiyyət verməməliyik, çünki onların fikirləri ümumi prosesə əngəl ola bilməz. Sadəcə, bəzi hallarda hədlərini aşırlar. Elə 30 il müddətində bu cür davam etdilər deyə Azərbaycan xalqı Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında yumruq kimi birləşərək onları diz çökdürdü. Biz yenə də humanizm dəyərlərindən çıxış edərək sülh təklif edirik, müharibənin, toqquşmanın olmasını istəmirik. Azərbaycan xalqının böyüklüyü də ondadır ki, sülhə hazırdır. Nə qədər ki, gec deyil, düşünməlidirlər. Sonra gec ola bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR