Deputat: “Türkiyə-Azərbaycan əməkdaşlığı, qardaşlığı dünya miqyasında önəmli amilə çevrilib” 

Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

© APA | Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

# 27 oktyabr 2021 13:02 (UTC +04:00)

“Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulması tarixi hadisədir”.

Bunu APA-ya açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Məlahət İbrahimqızı bildirib.

M. İbrahimqızı deyib ki, Azərbaycan Prezidenti ilə birgə Türkiyə Prezidentinin Zəngəzur dəhlizinin təməlinin qoyulması və Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimlərində iştirak etməsi Azərbaycan-Türkiyə sarsılmaz birliyinin əyani təzahürü və Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın, qardaşlığın regional və dünya miqyasında önəmli amilə çevrilməsinin təzahürüdür: “Bu təməlqoyma mərasimi ilə Bakıdan İstanbula avtomobil və dəmir yolu dəhlizinin yaradılmasına start verildi. Zəngəzur dəhlizinin regionda kommunikasiyaların, iqtisadi əlaqələrin möhkəmlənməsində mühüm rol oynayacaq. Azərbaycan və Türkiyə ilə bərabər İran, Gürcüstan, Ermənistan və Rusiyanın - Azərbaycanın bütün qonşularının Zəngəzur dəhlizindən yararlanmaq imkanı olacaq”.
Deputat Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə açılış mərasimi keçirilən Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsinin əhəmiyyətinə də diqqət çəkib: “Bu hava limanı Qarabağda tikinti və quruculuq işlərinin daha sürətlə aparılmasına öz töhfəsini verəcək, bir çox yüklər məhv hava nəqliyyatı ilə bu hava limanına daşınacaq. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, Füzuli Beynəlxalq Hava Limanının inşası cəmi səkkiz ay davam edib və bu hava limanının inşasında Azərbaycan və Türkiyə şirkətləri iştirak ediblər. Dövlət başçısının qeyd etdiyi kimi, bu da Azərbaycan və Türkiyənin birgə uğurudur. Eyni zamanda dünən iki ölkənin dövlət başçıları tərəfindən Zəngilan rayonunda birinci özəl sərmayə layihəsinin - “Dost Aqropark”-ın da təməli qoyulub. Bu sərmayə layihəsi də Türkiyə və Azərbaycanın birgə layihəsidir. Yəni, bu, bir daha onu göstərir ki, bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də Azərbaycan və Türkiyə çiyin-çiyinə bir yerdə irəliləyir”.

M. İbrahimqızı vurğulayıb ki, Şuşadan sonra Zəngilanın Ağalı kəndində də rəsmi mərasim keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi, iki dövlət başçısının birgə addımları tarixdə əbədi qalacaq: “Bu tarixi biz birlikdə yazırıq. Azərbaycan-Türkiyə birliyinin dostluq, qardaşlıq və müttəfiqliyin rəmzinə çevrilib. Dünyada dil və etnik baxımdan bir-birinə yaxın ölkələrin çox olması fonunda Azərbaycan-Türkiyə birliyinin nümunəvi xarakter daşıyır. Bu aspektdə Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyip Ərdoğanın dostluğu və liderlik fenomeni də xüsusi vurğulamaq lazımdır. Hər iki lider öz əməli fəaliyyəti ilə milli maraqları hər şeydən üstün tutduqlarını və qətiyyətlə qoruduqlarını nümayiş etdirirlər. Həyata keçirilən müstəqil və qətiyyətli siyasət nəticəsində Türkiyə qlobal güc amilinə çevrilib. Bu baxımdan Türkiyə Prezidentinin BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə xitabən səsləndirdiyi “dünya 5-dən böyükdür” bəyanatı da təsadüfi deyil. Heç kim Türkiyəyə öz iradəsini diktə edə bilməz. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ilə qədər işğal altında olan torpaqlarını azad edən, böyük iqtisadi uğurlara imza atan Azərbaycana da dünyada xüsusi hörmətlə yanaşılır. Ümumiyyətlə, bu gün öz liderlərinin sayəsində Türkiyə və Azərbaycan böyük uğurlar əldə etmiş, bütün dünyada prinsipial, cəsarətli, düşünülmüş siyasət yürüdən ölkələr kimi tanınır və qəbul edilirlər. Şuşa şəhərində imzalanan tarixi Şuşa Bəyannaməsi isə Azərbaycan və Türkiyə əlaqələri rəsmən müttəfiqlik səviyyəsinə qaldırıb. Bu səbəbdən də bu gün regional işlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR