Dini Komitə: ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının arayışında saxta iddialar irəli sürülüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

© APA | Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

# 06 sentyabr 2021 15:07 (UTC +04:00)

“Bütün müasir demokratik dövlətlər kimi Azərbaycan Respublikası fikir və söz azadlığı, vicdan azadlığı prinsiplərini gündəlik həyatda təmin edir və qoruyur. Bu sahədə görülən işlər həyatın ən vacib elementlərindən biri kimi Azərbaycan Respublikası hökumətinin diqqət mərkəzindədir və dövlətimiz ölkədə və dünyada dini azadlıqların qorunması ilə bağlı zəruri qabaqlayıcı tədbirləri görür və bu istiqamətdə bütün səyləri dəstəkləyir.

Azərbaycan təmsil olunduğu beynəlxalq təşkilatlarda daim aktiv fəaliyyəti ilə fərqlənmiş, milli maraqlarımızın təmin olunmasına, ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasına yönəlmiş siyasət həyata keçirmişdir. Bu baxımdan Dövlət Komitəsi də müxtəlif beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, onların nümayəndələri ilə görüşlər keçirir, konfranslar təşkil edir. Eyni zamanda, ayrı-ayrı beynəlxalq qurumların və xarici ölkələrin dərc etdiyi arayışlar yaxından izlənilir və təhlil olunur.

Təəssüf ki, bəzi beynəlxalq və xarici təşkilatlar bir sıra hallarda ölkəmizdəki dini vəziyyətlə bağlı ya qərəzli münasibətdən, ya da məlumatsızlıqdan irəli gələn, fakta əsaslanmayan, yanlış məlumatlar yayırlar. Halbuki, Dövlət Komitəsi həm ölkə daxilində, həm də xaricində keçirilən tədbirlərdə, eləcə də yerli və xarici kütləvi informasiya vasitələrində Azərbaycanda mövcud dövlət-din modelini, dini etiqad azadlığının qorunması və həyata keçirilməsi sahəsindəki real vəziyyəti mütəmadi işıqlandırır, eləcə də vaxtaşırı informasiyalar yayır”.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən APA-ya ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının 01.09.2021-ci il tarixli “Məzarlıqların dağıdılması” adlı arayışının Azərbaycanla bağlı hissəsi ilə bağlı bildirilib.

Məlumatda deyilir ki, Dövlət Komitəsinin əməkdaşlıq etdiyi xarici qurumlardan biri də ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasıdır (U.S. Commission on International Religious Freedom - USCIRF). Dövlət Komitəsi bu təşkilatın hər il olduğu kimi cari ildə də yaydığı 2020-ci il hesabatına öz mövqeyini bildirib: “Bu günlərdə ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyası “Məzarlıqların dağıdılması” (“Destruction of Cemetries”) adlı arayış yayıb.

Qeyd olunur ki, bu arayış hökumətlərin dini icmalara məxsus məzarlıqları mədəni irs kimi qorumaq öhdəliklərini müəyyən edən beynəlxalq insan hüquqlarını izah edir. Bununla bağlı 2018-ci ildən bu günə qədər qeyri-dövlət aktorları və hökumətin dəstəklədiyi qruplar tərəfindən “məzarlıqların baxımsızlığı, vandalizmi, təhqiredici hərəkət və məhvini” əks etdirən xüsusi nümunələrin olduğu bildirilir və Azərbaycan, Əlcəzair, Misir, Pakistan, Cənubi Afrika, Türkiyə və yəhudi məzarlıqları ilə bağlı iddialar əks olunur.

Təəssüf ki, çox vaxt olduğu kimi, bu arayışda da real vəziyyəti əks etdirməyən, ermənilərin yaydıqları yalan məlumatlara istinad olunan, Azərbaycan tərəfinin tarixi-dini, o cümlədən qəbirüstü abidələrə olan həqiqi münasibəti fonunda saxta iddialar irəli sürülüb. Arayışın 2018-ci ildən sonranı əhatə etməsinə baxmayaraq, Azərbaycan üzrə bölməsində 2000-ci illərin əvvəllərinə aid edilən “Naxçıvan və Bakı üzrə iddialar” təkrarlanıb, azərbaycanlıların məzarlıqlarına qarşı ermənilərin vandal münasibətinin üzərindən ötəri keçilib, sənəddə “Yəhudi məzarlıqları” adlı ayrıca yarımbaşlıq olsa da, Ermənistanda 2020 və 2021-ci illərdə Holokost memorial abidəsinə və yəhudi məzarlığına qarşı vandallıq aktları əks olunmayıb.

Bildiririk ki, ümumiyyətlə, Azərbaycanın müstəqillik tarixində heç bir məzarlığın və ya qəbiristanlığın dağıdılması qeydə alınmayıb. 44 günlük Vətən müharibəsi müddətində belə Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmənin mülki obyektlərinə, habelə dini təyinatlı binalara hər hansı hücum əməliyyatı həyata keçirilməyib. Nəticədə döyüşlər zamanı heç bir dini abidə zərər görməyib. Bu faktı xarici jurnalistlər də dəfələrlə təsdiqləyib. Məsələn, döyüşlərin qızğın vaxtlarında Xankəndidə və digər işğal olunmuş şəhərlərdə olan ispan jurnalist Pablo Qonzales Azərbaycan Ordusunun yalnız hərbi hədəflərə atəş açdığını qeyd edib: “Hər bir halda azərbaycanlılar dəqiq hədəflərə, məsələn, hava hücumundan müdafiə sistemlərinə zərbələr endirməyə çalışırdılar. Bilərəkdən mülki obyektlərə, o cümlədən otellərə və mülki əhalinin çox olduğu yerlərə toxunmurdular. Prezident sarayına belə atəş etmirdilər, baxmayaraq ki, istəsəydilər onu hədəf almaq çox asan idi - bina aydın görünürdü”.

Hərbi əməliyyatlar bitdikdən sonra işğaldan azad edilmiş ərazilərə baxış zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən yüzlərlə dini abidənin (həm müsəlman, həm də xristian) dağıdılması, talan edilməsi, mənşəyinin dəyişdirilməsi əyani şəkildə görünüb. Bu arayışda da azərbaycanlılara məxsus məzarların və digər yerlərin dağıdılması, vandalizm aktları, son müharibə dövründə erməni hərbi qüvvələrinin Tərtər rayonu ərazisində dəfn mərasimi zamanı qəsdən qəbiristanlığa atəş açması, 4 nəfərin həlak olması, 4 nəfərin yaralanması faktının "Human Rights Watch" təşkilatı tərəfindən təsdiq edildiyi vurğulansa da, qəribədir ki, həmin məlumatlar “Azərbaycan” adlı yarımbaşlıq altında qeyd edilib. Bunu isə ölkəmizə qarşı qərəzin dəlili kimi qiymətləndirmək mümkündür. Bütün bu deyilənlər və arayışda “Ermənistan” yarımbaşlığının, ümumiyyətlə, olmaması sözügedən materialın nə dərəcədə ermənipərəst və qərəzli mahiyyət daşıdığının göstəricisidir”.

Dini Komitə arayışda Ermənistanın 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı BMT tərəfindən tanınan Azərbaycan ərazilərində etnik təmizləmə və soyqırımı həyata keçirməsi, Azərbaycan toponimlərini erməniləşdirməsi, yüzlərlə tarixi-mədəni abidələrlə yanaşı, mövcud olan 60-dan çox məscidi, 200-ə yaxın ziyarətgahı dağıtması və yarımuçuq məscidlərdə heyvan saxlamaqla dini dəyərləri təhqir etməsi, eləcə də Qafqaz Albaniyası mədəni irsinə və pravoslav kilsəsinə aid olan xristian məbədlərində saxtalaşdırma işləri görərək qriqoryanlaşdırması və ya dağıtması qeyd olunan sənəddə öz əksini tapmamasından təəssüfünü ifadə edib: “İşğal dövründə hətta qəbiristanlıqlara da aman verilməyib. Məlumdur ki, qəbiristanlıqlar ibadət yerləri və digər müqəddəs yerlər kimi, din və ya etiqad azadlığı hüququnun ifadəsinin zəruri elementidir. Azərbaycan vətəndaşlarının bu hüquqları 30 il ərzində dünya ictimaiyyətinin gözü qarşısında kobud surətdə pozulub. Belə ki, vətəndaşlarımız öz yaxınlarının məzarlarını ziyarətdən məhrum olunub, ümumilikdə təqribən 900-dən çox qəbiristanlıq ya tamamilə dağıdılaraq yerlə bir edilib, ya da qəbir daşları sındırılıb, qəbirlər qazılaraq cəsədlər çıxarılıb, təhqir olunub, qəbirüstü abidələr talan edilib. Mətbuatdan da bilindiyi kimi, ermənilər hətta iki bacının qəbir daşları arasından səngər qazaraq onları ayırıblar. Eyni zamanda qəbiristanlıqların ətrafı minalanıb, nəticədə onlarla vətəndaşımız həlak olub”.

Dini Komitədən bildirilib ki, həmçinin, Şuşanı işğal edərkən Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbül kimi mədəniyyət xadimlərinin heykəlləri gülləbaran edilib, Azərbaycan şairi və ictimai-siyasi xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin binası və burada sərgilənən onlarla eksponat məhv edilib, Natəvanın Ağdam şəhərində yerləşən qəbirüstü abidəsi, Pənahəli xanın (XIX əsr) və Mehdiqulu xanın türbələri dağıntılara məruz qoyulub, İbrahimxəlil xanın türbəsi (XIX əsr), eləcə də Qaraağac qəbiristanlığında yerləşmiş yerli əhəmiyyətli memarlıq abidəsi olan Uğurlu bəyin türbəsi də daxil olmaqla XIX əsrə aid 4 türbə tamamilə məhv edilib: “Qeyd edək ki, sözügedən vandalizm aktları tarixi Azərbaycan torpaqları olan İrəvan şəhəri və Zəngəzur mahalında da həyata keçirilib. Bütün bu cinayətkar əməlləri ilə qarşı tərəf “Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt”, “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyası və s. beynəlxalq norma və standartların tələblərini kobud surətdə pozub.

Azərbaycan hər zaman işğaldan azad olunmuş ərazilərində bütün mədəni və dini abidələrlə yanaşı, qəbiristanlıqlara qarşı da törədilən dağıntıların müvafiq şəkildə sənədləşdirilməsi üçün bölgəyə müstəqil və hərtərəfli beynəlxalq missiyanın göndərilməsində ən maraqlı tərəf olub. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı məlumata görə, müharibə zamanı "ermənilərə məxsus qəbir daşlarını dağıtmaqla təhqiredici hərəkətlərə yol verməyə" görə AR Silahlı Qüvvələrinin iki hərbçisi həbs olunub. Amma 30 il ərzində Ermənistan tərəfindən Azərbaycan-müsəlman qəbiristanlıqlarını dağıtmış bir nəfərə belə cinayət işi açılmayıb.

Təəssüflər olsun ki, 30 illik işğal dövründə bəzi beynəlxalq qurumlar da məsələyə laqeyd münasibət bəsləyib, Azərbaycan tərəfinin tələblərinə baxmayaraq, nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən UNESCO tərəfindən bu məsələlərlə bağlı faktaraşdırıcı missiya göndərilməyib. Bununla belə, Azərbaycan UNESCO da daxil olmaqla, beynəlxalq təşkilatlarla konstruktiv dialoq aparır.

Qeyd etmək lazımdır ki, hərbi əməliyyatlar bitdikdən dərhal sonra Azərbaycan hökuməti tərəfindən işğaldan azad olunmuş ərazilərdəki Ermənistan Silahlı Qüvvələri tərəfindən dağıdılmış bütün dini abidələrin bərpa ediləcəyi bəyan edilmiş, həmin ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən, “Böyük Qayıdış” proqramı əsasında bərpa prosesi başladılıb - Əlaqələndirmə Qərargahı, işçi qrupları, o cümlədən Tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri üzrə işçi qrupu yaradılıb, Strateji Fəaliyyət Planı hazırlanıb. Dövlət strukturları ilə yanaşı, bərpa prosesində Heydər Əliyev Fondu da yaxından iştirak edir. Hazırda bərpa layihələri uğurla icra edilməkdədir. Belə ki, qısa müddət ərzində Şuşadakı adıçəkilən mədəniyyət xadimlərinin heykəlləri, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi bərpa edilib, Vaqif Poeziya Günlərinin açılışı olub, Zəngilan, Laçın, Füzuli beynəlxalq hava limanlarının inşasına başlanılıb və s.

Qeyd edək ki, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri ilə yanaşı, ICESCO, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ), Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu kimi beynəlxalq təşkilatlar, eləcə də xarici jurnalistlər azad edilmiş zonalarda missiyalarını həyata keçirərkən, qəbiristanlıqlara qarşı mənfur düşmənin törətdiyi vandalizm aktlarının nümunəsi olan Cəbrayıl rayonundakı məzarlığa da baş çəkərək bilavasitə şahidi olduqları erməni vəhşiliyinin dünya ictimaiyyəti tərəfindən pislənilməsi istiqamətində çağırışlar ediblər.

Sonda qərəzli və obyektiv olmayan məlumatlardan dərin təəssüf hissi keçirdiyimizi bildirərək, bir daha qeyd edirik ki, dünyada vicdan azadlığı ilə bağlı vəziyyəti təhlil etmək və qiymətləndirmək məsuliyyətini üzərinə götürmüş ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyası sözügedən arayışa da bəzi məsələləri araşdırmadan daxil edib. Komissiya illərdir, Azərbaycana aid əsassız iddialar yayır, yoxlanılmamış məlumatları təkrarlamaqda davam edir və biz hər dəfə bu iddiaların əsassız olduğuna dair faktlar göstərməyə məcbur qalırıq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi gələcəkdə bu sahədə hazırlanan arayışların daha obyektiv və əsaslı tərtib edilməsi üçün ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasını və digər müvafiq qurumlarını bir daha əməkdaşlığa dəvət edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR