Elin Süleymanov: “İşğaldan azad edilmiş ərazilərdəki infrastruktur layihələri regional əməkdaşlığa töhfə verəcək”

Elin Süleymanov

© APA | Elin Süleymanov

# 05 noyabr 2021 15:05 (UTC +04:00)

“İşğaldan azad edilmiş ərazilərdə yaradılmaqda olan infrastruktur layihələri regional əməkdaşlığa töhfə verəcək”.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu sözləri Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov London Universitet Kollecinin Azərbaycan Cəmiyyəti tərəfindən təşkil olunmuş "Cənubi Qafqaz - Müharibə sonrası iqtisadi inkişaf" adlı paneldə deyib.

Gürcüstan Britaniya Ticarət Palatasının sədri Mako Abaşidzenin də iştirak etdiyi panelde Azərbaycanın Gürcüstanla münasibətləri, iki ölkə arasındakı mədəni yaxınlıq və əməkdaşlıq, hər iki ölkənin gələcək regional əməkdaşlığa verə biləcəyi töhfələr, Zəngəzur dəhlizinin iqtisadi potensialı və siyasi əhəmiyyəti, Füzuli Beynəlxalq Hava Limanının yaradacağı iqtisadi imkanlar, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri, bu ərazilərdə "sıfır karbon emissiyasi" zonasının yaradılması kimi məsələlər müzakirə edilib.

E. Süleymanov 2021-ci ilin reallığının 2016-cı, 2017-ci ilin reallığından çox fərqləndiyini bildirib.

Səfir qeyd edib ki, ATƏT-in Minsk qrupunun Azərbaycanın torpaqlarının qayıtmasında qaçqın düşən şəxslərin geri qayıtmasında heç bir rolu olmayıb: “Lakin Minsk Qrupu bundan sonra da faydalı ola bilər. Üç həmsədr ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Onlar delimitasiya və demarkasiya prosesində, iki xalq arasında kommunikasiyanın qurulmasında faydalı ola bilər. Sadəcə, buna tam olaraq necə töhfə verməli olduqlarını başa düşməlidirlər".

Paneldə tələbələrin gələcəkdə regionda iqtisadi əməkdaşlıq imkanlarının daha da artırılması, Britaniya-Azərbaycan münasibətləri və s. mövzularla bağlı sualları cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR