Fərid Şəfiyev: “Ermənistan XİN-in UNESCO missiyası ilə bağlı bəyanatı əsassızdır”

Fərid Şəfiyev

© APA | Fərid Şəfiyev

# 26 avqust 2021 15:20 (UTC +04:00)

Avqustun 25-də Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın işğaldan azad edilmiş ərazilərində UNESCO missiyasının həyata keçirilməsinin vacibliyinə dair əsassız bəyanatla çıxış edib və Azərbaycanı məqsədyönlü şəkildə erməni abidələrini dağıtmaq və məhv etməkdə ittiham edib.

APA-nın xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O bildirib ki, Ermənistan XİN bəyanatında “Silahlı münaqişələr zamanı mədəni irisin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına istinad edir: “Lakin qeyd etmək lazımdır ki, 30 illik işğal müddətində Ermənistan tərəfi Azərbaycan irsinə məxsus 100 mindən çox artefaktın qorunduğu 22 muzey, 4,6 milyon kitabın saxlanıldığı 927 kitabxana, 85 musiqi məktəbi, 4 teatr, 2 konsert zalı, 4 incəsənət qalereyası, 808 əyləncə məkanı, o cümlədən 67 dini abidələrdən 63-nü məhv edib. Bununla yanaşı, Ermənistan tərəfdən Azərbaycan mədəniyyət abidələrinin saxtalaşdırılması və özününküləşdirilməsinə və daha əvvəl işğal altında olmuş ərazilərdə qanunsuz qazıntı işlərinin aparılmasına cəhdlər edilib. Buna İkinci Qarabağ Müharibəsi zamanı Şuşadakı xalça muzeyindən çıxarılmış xalçaların 2021-ci il fevralın 20-də Yerevanda təşkil edilmiş sərgisini misal göstərmək olar. Ermənistan tərəfinin bu addımı UNESCO-nun “Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyasının kobud şəkildə pozulması deməkdir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mədəniyyət abidələrinin vəziyyətinə dair daha ətraflı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin hazırlığı xüsusi hesabatda tanış olmaq mümkündür”.

F. Şəfiyev qeyd edib ki, yuxarıda qeyd edilənlərlə yanaşı, Ermənistandakı indiki və əvvəlki hakimiyyət 1988-89-cu illərdə bu ölkədən qovulmuş azərbaycanlılara məxsus mədəni irsi mütəmadi olaraq məhv ediblər: “Məscidlər, qəbiristanlıqlar və digər mədəniyyət abidələri dağıdılıb. Bununla əlaqədar UNESCO azərbaycanlıların əsrlərlə yaşadığı müasir Ermənistana da missiyanın göndərilməsi imkanını nəzərdən keçirməlidir. Müstəqillik qazandığı ilk gündən Azərbaycan dünyaya multikultural dəyərlərə sadiqliyini nümayiş etdirib. Uzun illər ərzində Azərbaycan UNESCO-nun bütün dünyada dini irsin bərpası proqramında iştirak edib. 1990-cı illərdəki xaos zamanı zərər görmüş Bakıdakı erməni kilsəsi tam olaraq bərpa edilib və hazırda 5000 vacib erməni əlyazılarının saxlanıldığı kitabxana kimi fəaliyyət göstərir. Burada qeyd etmək yerinə düşər ki, vaxtilə azərbaycanlıların dini ayinlərini həyata keçirdikləri və Yerevanda fəaliyyət göstərən yeganə məscid Ermənistan rəhbərliyi tərəfindən İran mədəniyyət irsi kimi təqdim edilir.

Bu günlərdə BMT-nin Azərbaycana yeni təyin olunmuş rezident əlaqələndiricisi ilə görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb ki, 30 il müddətində UNESCO nümayəndələri Azərbaycanın çoxsaylı müraciətlərinə məhəl qoymayaraq Azərbaycanın daha əvvəl işğal altında olmuş ərazilərinə səfər təşkil etməyib. Buna baxmayaraq, dövlət başçısı bildirib ki, Azərbaycan müharibədən sonrakı indiki dövrdə Ermənistan tərəfinə görə təxirə salınmış bu səfərə hər zaman hazırdır. Bu baxımdan Ermənistan XİN-in Azərbaycan tərəfinin öz ərazisində UNESCO missiyasının fəaliyyət göstərməsinə mane olmasına dair bəyanatı əsasızdır.

Yuxarıda qeyd olunan faktlar Azərbaycanın UNESCO ilə əməkdaşlıq etməyə hazır olduğunu göstərir və sübut edir ki, digər dini konfessiya və mədəniyyətlərə məxsus abidələr kimi Azərbaycan ərazisindəki erməni mədəniyyət abidələri də qoruma altındadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR