Fərid Şəfiyev: “Mənə elə gəlir ki, "Şərq Tərəfdaşlığı"nın formatı dəyişəcək”

Fərid Şəfiyev

© APA | Fərid Şəfiyev

# 17 noyabr 2021 14:05 (UTC +04:00)

“Mənə elə gəlir ki, "Şərq Tərəfdaşlığı"nın formatı dəyişəcək. Orada yenidən strukturlaşma olacaq. Doğrudur, hələ də bu proqramı formal olaraq saxlayırlar. Amma bu proqramda iştirakçı olan ölkələr ambisiyalarına görə fərqlənir”.

Bunu APA-ya müsahibəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

Onun sözlərinə görə, "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan bəzi ölkələr Aİ-nin üzvü olmaq istəyir, bu formatda artıq iştirak etmək istəmir və bəyan edir ki, başqa formatda davam etməyin tərəfdarıdır: “Azərbaycanın mövqeyi ondan ibarətdir ki, ölkə Aİ ilə əməkdaşlıq etmək istəyir, ancaq üzvlüklə bağlı Azərbaycanın hədəfi yoxdur”.

F. Şəfiyev qeyd edib ki, "Şərq Tərəfdaşlığı"nın hazırkı formatını təsirli hesab etmir: “Düşünürəm ki, format dəyişməlidir. Bəlkə ayrı formatda işlər aparılmalıdır. Ancaq ümumiyyətlə Aİ bizim üçün vacibdir, söhbət ondan getmir ki, biz bura üzv olmalıyıq, ya yox. Bunu bir məsələ ilə müqayisə edərdim. Məsələn, Azərbaycan artıq açıq şəkildə bəyan edib ki, ordunu NATO standartlarına uyğun qurur, Türkiyə də bu məsələdə ölkəyə kömək edir. Ancaq bu o demək deyil ki, biz NATO-ya üzv olmaq istəyirik. Yox, sadəcə, istəyirik ki, keyfiyyətli ordu quraq və hazırda NATO modeli bizə uyğundur.

Məsələn, bizdə də ətraf mühitlə bağlı müəyyən qanunvericilik qəbul olunur ki, ölkəyə hansı maşınlar idxal oluna bilər, Avro-4 standartı və s. Bu, yüksək standartlardır. Onları həm dövlət idarəçiliyində, həm iqtisadiyyatda qəbul etsək, bizim üçün səmərəli və xeyirli olar, burada Aİ-dən söhbət getmir. Aİ-dən kənar hər hansı digər yüksək standartlar varsa, biz bu standartları qəbul etməyə çalışmalıyıq. Bu baxımdan mən hesab edirəm ki, Aİ ilə əməkdaşlıq vacibdir. Azərbaycan iqtisadiyyatında əsas problem rəqabət problemidir. Azərbaycanda qeyri-rəsmi olsa da, monopoliyalar hələ də mövcuddur. Bütün bunlara görə biz bu əməkdaşlığı davam etdirməliyik, yeni sazişin imzalanmasına nail olmalıyıq. Avropa bizim üçün çox vacib tərəfdaşdır, eyni zamanda Azərbaycan da Avropa üçün vacibdir, xüsusilə də enerji təhlükəsizliyi məsələsində. Hesab edirəm ki, rəqabətin olduğu bir iqtisadiyyat, qeyri-neft sektorunun inkişafına nail olmaq üçün təkcə iqtisadiyyatda deyil, həmçinin dövlət idarəçiliyində də Aİ təcrübəsini mənimsəmək vacibdir”.

Qeyd edək ki, gələn ay Brüsseldə Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramının iştirakçısı olan ölkələrin liderlərinin sammiti keçiriləcək. Azərbaycanın da sammitdə iştirakı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR