Fransa və Almaniya səfirlikləri gender bərabərliyi üzrə müsabiqənin qalibini elan edib

Zakari Qross

© APA | Zakari Qross

# 31 may 2021 17:48 (UTC +04:00)

Fransa və Almaniyanın Azərbaycandakı səfirlikləri “Azərbaycanda gender bərabərliyi üzrə fransız-alman mükafatı” müsabiqəsinin qalibini elan edib.

APA-nın xəbərinə görə, təqdimatda Fransanın Azərbaycandakı səfiri Zakari Qross çıxış edib.

O bildirib ki, Fransa gender bərabərliyini dəstəkləyir və buna sadiqdir.

Fransalı diplomat deyib ki, ailə daxili şiddətə, gender bərabərliyi ilə bağlı stereotiplərə qarşı mübarizə aparmaq vacibdir. Z. Qross bu il Fransanın gender bərabərliyi konfransına ev sahibliyi edəcəyini xatırladıb: “Biz bu konfransa Azərbaycanı da dəvət etmişik, müsbət cavab alacağımıza, bu sahədə sıx əməkdaşlığa ümid edirik”.

O, müsabiqənin keçirilməsinin məqsədini də açıqlayıb. Səfir vurğulayıb ki, müsabiqənin keçirilməsində məqsəd Azərbaycan qadınlarını dəyişiklik və cəmiyyətdə aktiv iştirak üçün cəsarətləndirməkdir. Z. Qross qeyd edib ki, bu müsabiqəyə çox sayda layihə təqdim olunub və onlardan beş layihə seçilib.

Daha sonra çıxış edən Almaniyanın Azərbaycandakı səfirinin müavini Andrea Maria Sühl bildirib ki, qadınların bərabər imkanları olmalıdır: “Onların təhlükəsizliyi təmin olunmalıdır, əmək bazarına çıxış, bərabər əməkhaqqı verilməlidir. Biz ailə daxili şiddətə qarşı mübarizə aparmalıyıq. Hər yerdə qadınların cəmiyyətdəki yeri və rolu gücləndirilməlidir. Gender bərabərliyi davamlı səylər tələb edir. Bu Almaniyanın xarici siyasətində əsas prioritetlərdən biridir. Bu qədər aktiv, bacarıqlı ilhamlandırıcı Azərbaycan qadınlarını görmək çox gözəldir, həyəcanvericidir”.

Tədbirin sonunda birinci yerin qalibi elan olunub. Fransız-Alman gender bərabərliyi müsabiqəsində birinci yerin qalibi Elm Sektorundakı Azərbaycan Qadınları Assosiasiyasını (AWIS) yaradan Günel Ağabəyli olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR