Fransalı jurnalistlər Gəncədə Ermənistanın atəşə tutduğu ərazidə olub - FOTO - VİDEO

Fransalı jurnalistlər Gəncədə Ermənistanın atəşə tutduğu ərazidə olub - FOTO  - VİDEO
# 20 may 2021 12:10 (UTC +04:00)

Fransanın KİV nümayəndələri Gəncəyə səfər ediblər.

APA-nın yerli bürosunun xəbərinə görə, nümayəndə heyəti cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olub.

Qonaqlara məlumat verilib ki, işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələri ətrafdakı şəhər və kəndləri, eləcə də cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alıb. 2020-ci ilin oktyabrın 11-də və 17-də Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə məqsədli şəkildə ballistik raketlərlə atəşə tutulub. Gecə saatlarında yatmış şəhərə edilmiş raket hücumları nəticəsində 1 körpə, 5 uşaq, 10 qadın da olmaqla 30-a yaxın dinc sakin həlak olub, 90-dan çox insan yaralanıb.

Belə müharibə cinayətlərindən biri də 100 min əhalinin yaşadığı Bərdə rayonunun hədəfə alınmasıdır. 2020-ci ilin oktyabrın 27-də və 28-də Bərdə şəhərinin beynəlxalq səviyyədə qadağan edilmiş kasetli raketlərlə atəşə tutulması nəticəsində isə 1 uşaq, 8 qadın olmaqla 27 dinc sakin həlak olub, çoxlu sayda mülki şəxs xəsarət alıb.

KİV nümayəndələri erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin və binaların ətrafına gül düzüb, dualar oxuyublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR