Fransız deputat: “Fransa həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb”

Fabien Gouttefarde

© APA | Fabien Gouttefarde

# 19 oktyabr 2021 11:54 (UTC +04:00)

“Mən millət vəkiliyəm və Fransa Milli Assambleyasının Milli Müdafiə Komitəsinin üzvüyəm. Fransa ilə Azərbaycan arasındakı dostluğu vurğulamaq və münaqişələr zamanı Fransanın mülki əhalinin humanitar müdafiəsinə sadiqliyini bir daha təsdiqləmək üçün Azərbaycana səfər etmişəm. Müdafiə komitəsinin üzvü kimi onu da qeyd etməliyəm ki, Azərbaycanla Ermənistan arasında münaqişə Fransada xüsusi maraqla öyrənilir və araşdırılır. Strateji və hərbi baxımdan biz bu münaqişədən dərs çıxarmalıyıq”.

Bunu APA-ya açıqlamasında Fransa Milli Assambleyasının Milli Müdafiə Komitəsinin üzvü, deputat Fabien Gouttefarde deyib.

O bildirib ki, biz gələcəyə baxmalı və parlamentlərimiz arasında əlaqələr qurmalıyıq.

F. Gouttefarde qeyd edib ki, qətnamələr, xüsusən də Fransa Senatının qətnamələri Qarabağdakı əhali ilə bağlı narahatlığı ifadə edib, çünki Fransa və fransızlar İraq və Suriyada xristian əhali ilə bağlı baş verənləri xatırlayırdı.

“Onu da demək istəyirəm ki, mən bu qətnaməyə səs verməmişəm və bu qətnamələr Fransa diplomatiyasına təsir etmir, hökumətimizin mövqeyini əks etdirmir. Buna görə biz komissiya ilə indi buradayıq. Fransa bütün oyunçularla danışmaq imkanına malik olmalıdır. Fransa regionda özünü tarazlaşdırıcı qüvvə sayır. Hesab edirəm ki, Azərbaycan da ona uzanan əli tutmaqda maraqlıdır, çünki Fransa həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb”, - deyə o bildirib.

F. Gouttefarde son vaxtlar Fransa ilə ABŞ arasında müşahidə olunan münasibətlərə də toxunub. O, Fransanın iki vacib mesajının olduğunu bildirib: “Birincisi, biz hesab edirik ki, müttəfiqlər arasında belə davranış olmamalıdır və biz Avstraliya, ABŞ və Britaniya ilə müttəfiqiyik. Biz bilirik ki, dünyanın oxu və marağı Asiyaya doğru hələ də inkişaf edir, lakin Sakit Okeanda güc olan Fransaya da bu maraq var. Fransa indi Avropa səviyyəsində daha böyük suverenliyə nail olmaq istəyir, Fransanın Avropa səviyyəsində, xüsusən müdafiə sahəsində səriştəsi mövcuddur. Bu istiqamətdə təkliflər yanvarın 1-də Fransanın Aİ-ydə sədrliyi başladığı dövrdə təqdim edilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR