Gəncədə YAP və Türkiyənin Ədalət və İnkişaf Partiyasının nümayəndələrinin iştirakı ilə konfrans keçirilib  - YENİLƏNİB - VİDEO

Gəncədə YAP və Türkiyənin Ədalət və İnkişaf Partiyasının nümayəndələrinin iştirakı ilə konfrans keçirilib  - YENİLƏNİB  - VİDEO

© APA | Gəncədə YAP və Türkiyənin Ədalət və İnkişaf Partiyasının nümayəndələrinin iştirakı ilə konfrans

# 28 iyul 2021 10:45 (UTC +04:00)

Gəncədə Türkiyə Cümhuriyyəti Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin birinci müavini Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyətinin iştirakı ilə "Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, Heydər Əliyev Mərkəzində keçirilən konfransı giriş sözü ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov açaraq qonaqları salamlayıb. Əvvəlcə Vətən müharibəsində şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. İH başçısı çıxışında qeyd edib ki, tarixən dostluq, qardaşlıq münasibətləri ilə dünya ölkələri üçün nümunə olan Azərbaycan və Türkiyə bu gün də öz ənənəsinə sadiq qalır: “Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadələri xalqlarımızın birliyini milli-mənəvi dəyərlər müstəvisində təmin edir”.

Qeyd olunub ki, dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında imzalanmış ikitərəfli Əməkdaşlıq Protokolundan sonra ilk belə konfransın Gəncə şəhərində keçirildiyini qeyd edib. 44 günlük Vətən müharibəsinin Türkiyə-Azərbaycan münasibətlərinin zirvəsi olduğunu bildirən T.Budaqov qarşılıqlı əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib. İki ölkəni birləşdirən tarixi köklərin, mədəniyyətin, dinin və milli-mənəvi dəyərlərin olması ilə yanaşı, dövlət başçılarının qarşılıqlı münasibətlərinin də bu əlaqələrin yüksək səviyyəyə çatmasında böyük rol oynadığını vurğulayıb. Konfransın Gəncə şəhərində keçirilməsinin təsadüfi olmadığını qeyd edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri deyib ki, tarixən Gəncə Azərbaycanın milli istiqlal mübarizəsində, azadlıq və azərbaycançılıq ideyalarının həyata keçməsində müstəsna xidmətləri olmuş şəhərlərimizdəndir.

“Türkiyə - Azərbaycan dostluğu bizim milli köklərimizə əsaslanır və çoxəsrlik tarixə malikdir. Bütün zamanlarda bizim ürəyimiz türk qardaşlarımızla döyünüb, eyniylə onlarda olduğu kimi. Türkiyə Azərbaycanın hər bir problemini öz problemi, hər bir uğurunu öz uğuru kimi qəbul edib. Biz bunu bu gün əyani şəkildə bir daha görürük. Xüsusilə, 44 günlük Vətən müharibəsində Azərbaycanı istəməyən müxtəlif qurumların, təşkilatların təzyiqlərinə baxmayaraq, qardaş Türkiyə bizim yanımızda oldu”, - deyə Tahir Budaqov çıxışında qeyd edib.

Daha sonra tədbirdə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədrinin birinci müavini Numan Kurtulmuş çıxış edib: “Bu gün qardaş Azərbaycanda, qazi şəhər Gəncə şəhərindəyik. Bundan sonra da Türkiyə və Azərbaycan qardaşlığı davam edəcək. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Şuşa görüşü, habelə 15 iyun 2021-ci il tarixində imzalanan Şuşa Bəyannaməsi bu münasibətlərin mühüm tarixi mərhələsidir”.

Numan Kurtulmuş bildirib ki, indiyədək bütün məsələlərdə bir yerdə olan Türkiyə və Azərbaycan bundan sonra da bir yerdə olacaq: “Bu birgəlik əzmi 15 iyunda Şuşa Bəyannaməsi ilə daha da əzəmətli oldu. Qardaşlığımız əbədi, bayraqlarımız uca olsun!”

AK Partiya sədrinin birinci müavini onu da deyib ki, ermənilər 30 il ərzində Azərbaycanın işğal altında olan torpaqlarını viran qoyublar, bu, insanlığa sığmayan bir hərəkətdir. O, 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın Gəncə şəhərini, dinc insanları raket atəşinə tutmasının da insanlığa qarşı hərəkət olduğunu deyib, həlak olanlara rəhmət diləyib.

AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini, Bursadan deputat Efkan Ala, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru professor İbrahim Cəfərov, SETA Araşdırmalar Mərkəzinin xarici əlaqələr üzrə mütəxəssisi professor Ferhat Pirinççi konfransda çıxış edərək Şuşa Bəyənnaməsinin əhəmiyyətindən və gələcəkdə qarşılıqlı əlaqələrin inkişafındakı rolundan danışıblar.

***

09.08

Gəncədə Türkiyə Cümhuriyyəti Ədalət və İnkişaf Partiyası (AK Partiya) sədrinin birinci müavini Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyətinin iştirakı ilə "Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans başlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, konfrans Heydər Əliyev Mərkəzində keçirilir.

Tədbirdə AK Partiya sədrinin I müavini Numan Kurtulmuş və YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iştirak edir.

Əvvəlcə qonaqlar mərkəzdə ümummilli lider Heyder Əliyevin abidəsini ziyarət edib, qarşısına gül dəstələri qoyublar.

Konfransdan sonra AK Parti sədrinin I müavini Numan Kurtulmuşun və YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun iştirakı ilə səfərin yekunlarına dair mətbuat konfransı keçirilərək.

Qeyd edək ki, Türkiyə Cümhuriyyəti Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyəti ötən gündən Gəncə şəhərində səfərdədir. Qonaqlar Gəncədə Ermənistanın Vətən müharibəsi dövründə raket atdığı ərazidə (Qələbə parkı) olublar. İmamzadə Dini Kompleksi və Nizami Gəncəvi Məqbərə Kompleksini ziyarət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR