İran Azərbaycana qarşı qeyri-səmimi münasibət bəslədiyini ortaya qoyur – RƏY

İran Azərbaycana qarşı qeyri-səmimi münasibət bəslədiyini ortaya qoyur – RƏY
# 13 oktyabr 2021 19:34 (UTC +04:00)

“İran rəsmiləri az qala tutuquşu kimi eyni saxta ittihamları səsləndirirlər”.

Bunu APA-ya açıqlamasında İranın baş prokuroru Məhəmməd Cəfər Montazerin Ermənistanlı həmkarı ilə görüşdən sonra Azərbaycanın ünvanladığı ittihamlara münasibət bildirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu söyləyib.

E. Şahinoğlu deyib ki, bu ittihamlardan birincisi guya Azərbaycan sərhədində sionist rejimin, yəni İsrailin yerləşdirilməsi, ikincisi, guya ölkəmizdə beynəlxalq terrorçuların olmasıdır: “Bu iddiaları ermənilər 44 günlük müharibə zamanı deyirdilər, indi heç ermənilər bu mövzuları yada salmırlar, İran rəsmiləri isə bu mövzuları ortaya atırlar. Sionistləri, beynəlxalq terrorçuları harada görüblər? Bu saxta ittihamları ilə Azərbaycanla münasibətlərə daha böyük zərbə vururlar. Bəli, Azərbaycanın İsraillə əməkdaşlıq edir, hərbi texnika alırıq. Bu, bizim daxili işimizdir, İran buna qarışa bilməz. Amma İsrail Azərbaycandan istifadə edərək İrana qarşı hər hansı siyasət yürütmür, biz buna imkan vermirik. Amma İran bizim daxili işlərimizə qarışır, İrandan Qarabağa qanunsuz yüklər daşınır. İranın baş prokuroru da bu barədə danışsın. İranın baş prokuroru bir dəfə məsələ qaldırıbmı ki, İranın hansı şirkətləri Qarabağa qanunsuz yüklər daşıyır, niyə daşıyır, niyə Azərbaycanın sərhədləri pozulur?! Bunun fonunda isə Azərbaycana qarşı əsassız, saxta ittihamlar irəli sürürlər. Ermənistan da zamanında çox hay-həşir salmışdı, Ermənistana bəzi Qərb ölkələri də dəstək verirdi. Amma iddia etdikləri kimi, bir terrorçu belə tapa bilmədilər. İndi hamı, o cümlədən Ermənistan susub, çünki bilirlər ki, saxta ittihamdır, heç kəs inanmadı, amma İran bu gün belə saxta ittihamlar irəli sürür. Belə olan halda İran hansı haqla deyir ki, Azərbaycanla münasibətlərin normal olmasını istəyir? Əgər sən Azərbaycana qarşı belə saxta ittihamlar söyləməyə davam edəcəksənsə, Azərbaycanla münasibətlər heç vaxt normallaşmayacaq. Halbuki biz qonşu İranla normal münasibətlər, ortaq layihələrin reallaşmasını istəyirik. Amma yenə də İran rəsmiləri Ermənistana gedib, oradan Azərbaycan əleyhinə açıqlamalar, bəyanatlar səsləndirirlər. Belə olan halda isə Azərbaycan-İran münasibətlərinin normallaşması çətin olacaq. Bundan ən çox itirən də İranın özü olacaq”.

Politoloq qeyd edib ki, İran terrorçulardan danışırsa, birinci özü güzgüyə baxsın: “Bütün bölgədə terrorçuları silahlandıran ölkələrdən biri də məhz İrandır. Yaxın Şərqdə, Suriyada, İraqda, Yəməndə radikal şiə qrupları İranın silahlandırdığı məlumdur. Ona görə də ölkələrdə sabitlik yaranmır. İranın bu cür əməlləri ortada olduğu halda Azərbaycanı terrorçuluqla əlaqələndirməyə çalışmasına heç kəs inanmaz. Çünki bölgədəki terrorçuların, silahlı qruplaşmaların sponsoru məhz İrandır. Hizbullahı, HƏMAS-ı məhz İran silahlandırır. Suriyada, İraqda, Yəməndə niyə sabitlik yaranmır? İran bu suallara cavab versin. Bunun əvəzinə qonşu dövlətə qarşı saxta ittihamlara çıxış edir. Buna özünə hörmət edən heç bir dövlət inanmaz. İran Ermənistanla münasibətləri inkişaf etdirmək istəyirsə, bu, öz işləridir. Amma bundan İrana heç bir xeyir gəlməyəcək”.

Politoloq Xəyal Bəşirov qeyd edib ki, İranın Azərbaycana qarşı münasibətdə atdığı əsassız addımlar və bunun fonunda Ermənistanla münasibətlərin inkişaf etdirilməsi ilə bağlı görülən işlər, atılan addımlar, keçirilən görüşlər və verilən bəyanatlar xalqımızı, dövlətimizi təəssüfləndirir : “Bütün bunlar bizi haqlı olaraq narahat edir. Çünki ilk öncə İran Azərbaycan kimi müsəlman dövlətidir. İranın islam dininin dəyərlərinə görə qardaşlıq etməli olduğu dövlətə qarşı bu addımları atması bir daha sübut edir ki, İranın nəinki dövlətlərarası münasibətlərdə siyasəti qeyri-səmimidir. Eyni zamanda İranın islam dövləti kimi ümumilikdə mövcudluğu ilə bağlı dəyərlərin özü qeyri-səmimidir. İran uzun illər Azərbaycana münasibətdə qeyri-səmimi siyasət yürüdüb. Amma Azərbaycan Prezidenti İlham Əliyevin, Azərbaycanın İrana münasibətdə siyasəti həmişə mehriban qonşuluq siyasəti olub, qardaş dövlət kimi qəbul etmişik. Təsadüfi deyil ki. Torpaqlarımız işğaldan azad ediləndən sonra Cəbrayıla, Füzuliyə səfər edən Prezident İlham Əliyev İran-Azərbaycan sərhədini dostluq sərhədi adlandırdı. Lakin biz bu gün buna adekvat olmayan münasibətin şahidi oluruq”.

Politoloq 30 ilə yaxın Azərbaycanın tək torpaqlarının işğaldan azad edilməsi uğrunda deyil, Ermənistanın islamafobiya siyasətinə qarşı da mübarizə apardığını vurğulayıb: “İran isə Ermənistana qarşı mövqeyini ortaya qoymalı olduğu halda 30 il ərzində işğal altındakı ərazilərimizin terrorçuların yuvasına çevrilməsi, talanması, yeraltı və yerüstü sərvətlərin daşınmasında işğalçı ölkəyə yardımçı olub. Azərbaycanın hazırda bu faktları üzə çıxarması və beynəlxalq ictimaiyyətə çatdırması isə İranı ciddi narahat edir. Azərbaycan daim İrandan normal qonşuluq, dostluq, qardaşlıq münasibəti gözləyib. Azərbaycanın işğal olunmuş ərazilərində 60-a yaxın məscid dağıdılıb, orada donuz saxlanılıb. Azərbaycan bütün müsəlman düynasına yönəlik bu təcavüzün, vandallığın qarşısını alıb, torpaqlarını işğaldan azad edib. İran isə Ermənistanın bu kimi əməllərinə sərt reaksyia vermək əvəzinə bu gün Azərbaycana qarşı əsassız, absurd ittihamlar irəli sürür. Beləliklə, İran günü-gündən Azərbaycanla münasibətləri gərginləşdirmək yönündə addım atır. İran unutmamalıdır ki, Azərbaycan uğurlu diplomatiyası sayəsində yüz illər boyu rəqabətdə olan Türkiyə və Rusiyanı regionda yaxınlaşdırdıq və münasibətlərini normallaşdırdı ”.

X. Bəşirov bu aspektdə İran xarici işlər nazirinin Rusiyaya son səfərinə də toxunub : “İranın Rusiyadan gözləntiləri də özünü doğrultmadı. Əksinə, Rusiya xarici işləri naziri İranın Azərbaycan sərhədində keçirdiyi hərbi təlimi region üçün təhlükə adlandırdı. Bu gün İran 30 il işğal dövründə olduğu kimi Ermənistana nəfəslik kimi baxır. Amma unudur ki, Azərbaycan İran üçün bu kiçik nəfəsliyi qapadıb. İran Ermənistandan hər hansı xeyir əldə edə bilməz. İran Azərbaycanla normal münasibətləri nəticəsinə dünyaya çıxa, reallaşacaq Zəngəzur dəhlizi ilə məhsullarını dünyaya çıxara bilər. Baxmayaraq ki, bir çox dövlətlər İranı terrorçu, sülh üçün təhlükəli dövlət sayıb, Azərbaycan hər zaman İrana dost münasibət bəsləyib, alətə çevrilməyi. Amma bu gün İran əsassız addımları ilə Azərbaycana qarşı qeyri-səmimi münasibət bəslədiyini ortaya qoyur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR