İşğal zamanı qiymətli Araz palıdı meşə sahəsinin 288 hektarı tamamilə məhv edilib

Ermənilərin törətdiyi ekoloji terrora həsr olunmuş tədbir

© APA | Ermənilərin törətdiyi ekoloji terrora həsr olunmuş tədbir

# 21 sentyabr 2021 10:45 (UTC +04:00)

“İşğal nəticəsində regionun təbiətinə, bioloji müxtəlifliyinə, bütövlükdə ekosistemə ciddi ziyan vurulub, bir çox halda bu, ətraf mühitin deqradasiyasına gətirib çıxarıb, eləcə də, təbii sərvətlərin amansız istismarı nəticəsində ekoloji tarazlıq pozulub”.

APA-nın məlumatına görə, bunu “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

Nazir müavini qeyd edib ki, nazirlik tərəfindən aparılan monitorinqlərin nəticələri meşələrin, xüsusi mühafizə olunan ərazilərin, çoxillik təbiət abidələrinin məhv edilməsi və mineral xammal ehtiyatlarımızın talan olunması faktlarını bir daha təsdiqləyir: “Şərqi Zəngəzur bölgəsində - Qubadlı və Zəngilan rayonlarında mövcud olan meşələrin yarısından çoxu məhv edilib. Bu ərazilərdə daha çox rast gəlinən çinar, palıd, fıstıq, vələs, ağcaqayın, tozağacı və sair kimi qiymətli meşə cinslərinə aid ağac növləri kəsilərək müxtəlif məqsədlər üçün istifadə olunub. Meşələrin kütləvi şəkildə qırılması səhralaşmaya və torpaqların eroziyasına səbəb olmaqla yanaşı, meşə ekosisteminin və onun tərkib hissəsi olan qiymətli flora və fauna növlərinin məhvinə gətirib çıxarıb”.

V. Kərimov bildirib ki, hərbi əməliyyatlar zamanı cəbhə bölgəsindən kənarda yerləşən Göygöl və Ağgöl milli parkları hədəfə alınaraq yanğınlar törədilib, ekosistemə və təbii landşafta bərpa olunmayan ziyan dəyib.

Nazir müavininin sözlərinə görə, ümumi sahəsi 43 min hektar olan 6 xüsusi mühafizə olunan təbiət ərazisində 6 800 hektar meşə örtüyü tamamilə məhv edilib, biomüxtəlifliyə ciddi zərər vurulub: “Xüsusi mühafizə olunan Qaragöl Dövlət Təbiət Qoruğunun mühafizə zonası ekoloji cəhətdən gərgin vəziyyətə salınıb, işğal dövründə göl suyundan təsərrüfat və digər məqsədlər üçün intensiv istifadə olunması suyun səviyyəsinin aşağı düşməsi və bioloji ehtiyatların kəskin azalması ilə nəticələnib. Aparılan tədqiqatların nəticəsi olaraq müəyyənləşdirilmişdir ki, göldə qoruma altında olan qızılxallı balıq populyasiyası, demək olar ki, məhv olub”.

V. Kərimov 1982-ci ildə regionda yaşı 120 ildən 2000 ilədək olan 152 ədəd qədim ağaca, 6 xüsusi qiymətli meşə sahəsinə və 6 geoloji-palentoloji obyektə təbiət abidəsi statusu verilərək dövlət mühafizəsinə götürüldüyünü, bu təbiət abidələrinin uzun illər ciddi təsirlərə məruz qaldığını, qədim ağaclardan 131-nin kəsildiyini və izlərinin itirilməsi məqsədilə kök hissələrinin belə yandırıldığını diqqətə çatdırıb: “Bununla yanaşı, xüsusi qiymətli Araz palıdı meşə sahəsinin 288 hektarı tamamilə məhv edilib. Təəssüflə bildirmək istərdik ki, məhv edilmiş təbiət abidələrinin bərpası mümkün olmayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR