İsrailin turizm naziri: "Azərbaycan Ticarət Nümayəndəliyinin açılması yeni nailiyyətlər yolunda növbəti mərhələdir" - YENİLƏNİB

İsrailin turizm naziri Yoel Razvozov

© APA | İsrailin turizm naziri Yoel Razvozov

# 29 iyul 2021 18:15 (UTC +04:00)

"Azərbaycan İsrail üçün mühüm sabit və dəyərli enerji tərəfdaşıdır."

APA-nın xəbərinə görə, bunu Təl-Əvivdə Azərbaycanın Ticarət Nümayəndəliyinin açılışında çıxış edən İsrailin turizm naziri Yoel Razvozov bildirib.

"Son 30 illik diplomatik münasibətlərimizdə biz Azərbaycan və İsrail olaraq bir çox nailiyyətlər əldə etmişik, lakin şübhəsiz ki, İsraildə Azərbaycan Ticarət Nümayəndəliyinin açılması tarixi hadisə, yeni nailiyyətlər yolunda növbəti mərhələdir. Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycanın İsraildə səfirliyi açılacaq. Fürsətdən istifadə edərək Prezident İlham Əliyevə bu vacib qərarı verdiyi və münasibətlərimizi gücləndirdiyi üçün təşəkkür edirəm. Nazir Mikayıl Cabbarova da iki ölkə arasında bu xüsusi münasibətləri dəstəklədiyinə görə minnətdarlığımı bildirirəm", - İsrailin turizm naziri Yoel Razvozov deyib.

O bildirib ki, iki ölkə arasında münasibətlər bir çox sahəni əhatə edir, bura kənd təsərrüfatı layihələri, tibb, rabitə və digər sahələr aiddir: "Sözsüz ki, Azərbaycan İsrail üçün mühüm sabit və dəyərli enerji tərəfdaşıdır. Ticarət baxımından rəqəmlərin daim artmaqda olduğunu bildirməkdən məmnunam. 2020-ci ildə ölkələrimiz arasında qarşılıqlı mülki ticarətin həcmi təxminən 200 milyon dollara çatıb. İsraillilərin Azərbaycanı cazibədar və cəlbedici bir turizm məkanı olaraq gördüklərini bölüşməkdən məmnunam. Beş il əvvəl Azərbaycana yalnız bir neçə min israilli turist gedirdisə, 2019-cu ildə, yəni pandemiyadan əvvəl 50 min israilli turist Azərbaycana səfər edib. Bu yaxşı bir rəqəmdir. İsrailin turizm naziri olaraq, fürsətdən istifadə edərək, azərbaycanlıları gözəl ölkəmizi görmək üçün İsrailə səfər etməyə dəvət etmək istərdim. Qollarımızı açaraq sizi qarşılamağı səbirsizliklə gözləyirik”.

İsrail ilə Azərbaycan arasında əməkdaşlıq üçün sonsuz imkanların olduğunu vurğulayan Y.Razvozov Ticarət Nümayəndəliyinin ofisinin açılışının yəhudilərlə Azərbaycandakı müsəlmanlar arasında əsrlər boyu davam edən yaxın əlaqələrin daha geniş perspektivinə əsaslandığını diqqətə çatdırıb: “Qarşılıqlı dərin hörmət, tanınma və tolerantlıq ruhu münasibətlərimizə və əməkdaşlığımıza istiqamət verməyə davam edəcək. Tərəfdaşlığımızı və dostluğumuzu gücləndirmək üçün əlimdən gələni edəcəyəm".

***

12:41

"İqtisadi əməkdaşlıq baxımından Azərbaycan və İsrailin nail ola biləcəyi çox şey var".

APA-nın İsrailin Azərbaycandakı səfirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bunu Təl-Əvivdə Azərbaycanın Ticarət Nümayəndəliyinin açılışında çıxış edən İsrailin turizm naziri Yoel Razvozov deyib.

"Azərbaycan və İsrail arasında iqtisadi əməkdaşlıq baxımından əldə oluna biləcək və əldə olunmalı daha çox şey var, bu ticarət və turizm ofisi bu məqsədə xidmət edəcək", -deyə Yoel Razvozov bildirib.

Onun sözlərinə görə, Nümayəndəlik həmçinin Azərbaycanda iş qurmaq istəyən israillilərə və İsraildə iş qurmaq istəyən azərbaycanlılara kömək edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR