Latviya Seyminin üzvü: “Gəncəyə raket atılmasına görə Ermənistan rəhbərliyi beynəlxalq məhkəmədə cavab verməlidir”

Latviya Seyminin üzvü: “Gəncəyə raket atılmasına görə Ermənistan rəhbərliyi beynəlxalq məhkəmədə cavab verməlidir”

© APA | Latviya Seyminin üzvü Roman Naudinş Gəncədə

# 09 iyun 2021 12:50 (UTC +04:00)

“Mən inanıram ki, qısa müddətdə istintaq aparılacaq və cinayətkarlar cəzalandırılacaq. Cinayətkar mütləq cavab verməlidirlər. Dünya ictimaiyyəti mülki Azərbaycan əhalisinə qarşı törədilmiş bütün hərbi əməlləri mühakimə etməli və cinayətkarlar cəzalandırılmalıdır. Latviya parlamenti adından həlak olanların hamısının ailələrinə başsağlığı verirəm”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Gəncədə Ermənistanın raket zərbəsi nəticəsində dağılan binaların yerləşdiyi əraziyə səfər edən Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığı təşviq edən qrupun rəhbəri Roman Naudinş bildirib.

R. Naudinş erməni hərbçilərin Gəncəyə raket zərbələri endirməsinin cinayət olduğunu vurğulayıb.

O, Latviyanın Azərbaycanın tarixi ərazilərini azad etdiyi günlərdə hadisələri çox diqqətlə izlədiyini qeyd edib: “Ümid edirik ki, dünya ictimaiyyəti Ermənistanın siyasi rəhbərliyinə çox ciddi siyasi təzyiq göstərəcək. Uzun illər əvvəl Ermənistanın siyasi rəhbərliyinə qarşı müxtəlif sanksiyalar tətbiq olunmalı idi ki, müharibə olmasın, bir güllə atılmadan tarixi torpaqları Azərbaycana qaytarılsın. Əgər beynəlxalq ictimaiyyət bunu etsəydi, müharibədən yayınmaq, Gəncədə binaların dağıdılmasının qarşısını almaq olardı. Beynəlxalq ictimaiyyət də günahını etiraf etməlidir ki, Ermənistanın siyasi rəhbərliyinə qarşı siyasi vasitələrdən yetərincə istifadə edilməyib”.

R. Naudinş cəbhə xəttindən uzaqda yerləşən Gəncəyə raket zərbəsi endirilməsinin terror aktı olduğunu vurğulayıb: “Terrorçuları da mühakimə etmək lazımdır. Ermənistan siyasi rəhbərliyi beynəlxalq məhkəməyə verilməli, onlar bu əmələ görə cavab verməlidirlər. Bu, həm də Ermənistan dövlətinin özünün xeyrinə olacaq. Ermənistan hazırda tam təcrid vəziyyətində yaşayır. Ermənistan Türkiyə və Azərbaycanla sərhədləri aça, dostluq şəraitində yaşaya, ticarət əlaqələrini bərpa edə bilər. Baxın, Latviya və Estoniya necə dostluq şəraitində yaşayır. Ermənistanda da qonşularla dostluq şəraitində yaşamalıdır”.

R. Naudinş Azərbaycanın torpaqlarını azad etməsinin müsbət hal olduğunu söyləyib: “Dünya diplomatiyası hər şey etməlidir ki, gələcəkdə münaqişə tam tənzimlənsin və bir daha alovlanmasın, bu regionda insanlar sülh şəraitində yaşasınlar. Çox ümid edirəm ki, Ermənistan siyasi elitası düzgün nəticə çıxaracaq və bu regionda sülh bərqərar olacaq. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir ”.

O, səfər çərçivəsində Azərbaycan xarici işlər naziri ilə görüşdüklərini də xatırladı: “Bizim qrup Ermənistandan mina xəritələrinin verməsi ilə bağlı Bəyannamə hazırlayacaq və imzalanması üçün Latviya Seyminin deputatlarına təqdim edəcək. İşğaldan azad edilmiş ərazilərdə on minlərlə mina basdırılıb, bunun özü də terrordur. Biz məlumat almışıq ki, Ermənistan işğal etdiyi ərazilərdən ordusunu geri çəkəndə də oranı minalayıb. Bu, terror aktıdır”.

R. Naudinş Azərbaycan-Latviya dostluq qrupunun rəhbəri Kamran Bayramovla Vətən müharibədə həlak olanların ailə üzvlərinin 1-2 həftəlik Latviyaya dəvət edilməsi barədə razılığa gəldiklərini də nəzərə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR