Litva səfiri Gəncədə Ermənistan ordusunun raket atdığı ərazilərə baş çəkib - FOTO

Litva səfiri Gəncədə

© APA | Litva səfiri Gəncədə

# 01 dekabr 2021 11:42 (UTC +04:00)

Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Gəncədə səfərdə olarkən Ermənistan ordusunun raket atdığı ərazilərə baş çəkib.

APA-nın yerli bürosunun məlumatına görə, səfir Eqidius Navikas Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə gəlib, günahsız mülki insanlara qarşı həyata keçirilmiş erməni hərbi cinayətlərinin nəticələri ilə yerində tanış olub.

Qonaqlar erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb. Səfir jurnalistlərə açıqlamasında deyib ki, bu gün bu ərazini ziyarət edərkən çox böyük təəssüf hissi keçirir: "Bir il öncə bu əraziyə raket zərbələri endirilib, günahsız insanlar həlak olub".

Sonra Ermənistanın hərbi cinayətləri ilə tanış olan qonaqlara məlumat verilib ki, işğalçı Ermənistanın Silahlı Qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan ordusunun Gəncədə törətdiyi müharibə cinayəti nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Həmçinin bildirilib ki, 20-dən artıq ev tamamilə dağılıb, 100-dən artıq ev və bir o qədər də obyektə ciddi ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR