Litva XİN başçısı: "Cənubi Qafqazı öz təsir dairəsinə salmaq istəyən bir çox regional güclər var"

Litva XİN başçısı: "Cənubi Qafqazı öz təsir dairəsinə salmaq istəyən bir çox regional güclər var"
# 26 iyun 2021 17:55 (UTC +04:00)

"Cənubi Qafqaz regionu yalnız Aİ yaxınlığında deyil, ümumilikdə dünyada ən vacib geosiyasi regionlardan biridir".

APA-nın xəbərinə görə, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Rumıniya və Avstriya XİN başçıları ilə Cənubi Qafqaz regionuna səfərinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Cənubi Qafqaz regionunu öz təsir dairəsinə salmaq, bu ölkələrə təsir etmək istəyən bir çox regional güclər var: “Baxmayaraq ki, bu üç ölkə müxtəlif məsələlərə müxtəlif yanaşma nümayiş etdirir, lakin onların paylaşdığı ortaq məqamlar da mövcududr. Hər üç ölkənin paylaşdığı məqamlardan biri regionun sabitliyi və proqnozlaşdırıla bilməsidir. Çox təəssüf ki, regiona müdaxilə edən və müdaxilə etməyə çalışan güclər bura sabitlik gətirmir, lakin regionun ölkələri bunu istəyir. Hələ qeyd etmirəm ki, bəzi hallarda bu güclər region ölkələrinin Aİ-yə, Trans-Atlantik məkana yaxınlaşması istəyinə qarşı olurlar. Buradan aydın olur ki, Aİ burada - regionda olmalıdır, onun bu məsələ ilə bağlı missiyası olmalıdır. Niyə? Çünki Aİ gücdür, o, demokratiya, sülh, sabitlik və islahatlarla bağlı kömək təmin edə bilər. Bütün bunlara görə düşünürəm ki, bizim səfərimiz tam zamanında baş tutub. Biz regionla əlaqədə olmalıyıq.

Azərbaycan və Ermənistan məsələsinə gəlincə, biz görüşlərimizdə də vurğuladıq ki, danışıqlar başlayan kimi öncə biz etimadın yaradılmasına kömək etməliyik. Mən şadam ki, artıq Aİ bu prosesə qoşulub. Biz Gürcüstanla birlikdə, Ermənistan və Azərbaycan arasında saxlanılanların və mina xəritələrinin dəyişdirilməsi prosesində iştirak etdik. Bu çox önəmli addım idi və ümid edirəm ki, bu proses davam edəcək. Düşünürəm ki, artıq etimad tam yaranan kimi Avropanın bütün regionda iştirakı region ölkələri arasında əlaqələnməni sürətləndirəcək, ölkələr arasında qaz və elektrik təchizatına yardım edəcək. Avropanın bu sahədə yaxşı təcrübəsi və bilgisi var. Bu, bütün regionun xeyrinə olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR