Macarıstandan olan ekspert heyəti Ağdam və Tərtərdə səfərdə olub

Macarıstandan olan ekspert heyəti Ağdam və Tərtərdə səfərdə olub
# 02 iyul 2021 14:42 (UTC +04:00)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Macarıstan Xarici İşlər Nazirliyi nəzdində Xarici İşlər və Ticarət İnstitutu və Baş Nazirlik aparatı nəzdində fəaliyyət göstərən “Matthias Corvinus College” İnstitutunun nümayəndələri 28 iyun-2 iyul tarixində Azərbaycanda səfərdə olub.

BMTM-dən APA-ya verilən məlumata görə, səfərin əsas məqsədini qonaqları 44 günlük müharibə, onun səbəb və nəticələri, eyni zamanda Ermənistan tərəfindən xalqımıza qarşı törədilmiş cinayətlər barədə məlumatlandırmaq təşkil edib.

Səfər çərçivəsində qonaqların Ağdama və Tərtərə səfəri təşkil edilib və onlara erməni cinayətkarlarının bir zamanlar bölgənin çiçəklənən şəhəri olan Ağdamın işğaldan sonrakı vəziyyətini öz gözləri ilə görmək imkanı yaradılıb. Eyni zamanda onlar düşmənin raket hücumlarına məruz qalmış mülki əhaliyə məxsus yaşayış məskənlərin dağıntıları ilə tanış olublar. Qonaqlar gördüklərindən çox təsirlənib və eyni zamanda Macarıstan ictimaiyyətinin Ermənistanın bu cinayətləri haqqında müfəssəl məlumatlandırılmasının vacib olduğunu qeyd ediblər. Macarıstan Xarici İşlər və Ticarət İnstitutunun nümayəndələri Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumatlı olsalar da, səfərdən öncə dağıntıların bu miqyasda olmasını təsəvvür etmədiklərini bildiriblər.

Qonaqlara eyni zamanda azad edilmiş torpaqların bərpasını ləngidən mina problemi haqqında məlumat verilib. İyun ayında Ermənistanın təqdim etdiyi mina xəritələrinə əsasən təkcə Ağdamda ən az 97 min minanın basdırıldığı qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR