Millət vəkili: “Azərbaycan Prezidenti QH-nın beynəlxalq nüfuzunun güclənməsinə önəmli töhfələr verib”

Məlahət İbrahimqızı

© APA | Məlahət İbrahimqızı

# 12 oktyabr 2021 14:42 (UTC +04:00)

“Azərbaycan Prezidenti İlham Əliyevin qlobal çağırışların həlli istiqamətində təşəbbüsləri və aktiv fəaliyyəti nəticəsində Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının dünyada rolu və nüfuzunun artdığı etiraf olunmaqdadır. Qoşulmama Hərəkatına üzv dövlətlərin yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərarı Prezident İlham Əliyevin dünyadakı nüfuzunun daha bir göstəricisidir və onun şəxsiyyətinə verilən yüksək dəyərin ifadəsidir. Belqradda Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə Yüksək Səviyyəli Toplantıda Azərbaycana, Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi diqqət və hörmət də göz önündə idi”.

Bunu APA-ya açıqlamasında Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, millət vəkili Məlahət İbrahimqızı bildirib.

M. İbrahimqızı deyib ki, Azərbaycan Qoşulmama Hərəkatı üzvlərinin legitim maraqlarını, eyni zamanda beynəlxalq hüquq və ədaləti müdafiə edir: “Dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan Hərəkatda sədrliyinə məsuliyyətlə yanaşıb və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərib. Azərbaycan Prezidenti 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürüb. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılıb. Ümumdünya Səhiyyə Təşkilatı da pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edir. Eyni zamanda Prezident İlham Əliyevin Zirvə Toplantısındakı təklifinə əsasən, 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş, dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası təşkil olunub. Cari ilin mart ayında Azərbaycanın təşəbbüsü əsasında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə qəbul edilib. Dövlət başçısı Belqradda Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə Yüksək Səviyyəli Toplantının rəsmi açılış hissəsində videoformatda çıxışında onu da bildirib ki, BMT Baş Assambleyasının cari sessiyası çərçivəsində də Azərbaycan eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır və Qoşulmama Hərəkatına üzv dövlətlərin dəstəyin arxalanır. Bu aspektdə COVID-19-dan sonra qlobal bərpa üzrə Yüksək Səviyyəli BMT Panelinin yaradılması təşəbbüsünü də qeyd etmək lazımdır. Azərbaycan Prezidenti sözügedən panelin yaradılmasının vacibliyini cari il sentyabrın 23-də BMT Baş Assambleyasında ümumi müzakirələr zamanı çıxışında da səsləndirib. Ümumiyyətlə, Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT Baş Assambleyasında çıxışlarında mütəmadi olaraq, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyindən və sədr kimi irəli sürdüyü təşəbbüslərdən bəhs edib, bununla, Azərbaycan Prezidenti Hərəkatın beynəlxalq nüfuzunun güclənməsinə önəmli töhfə verib”.

Deputat qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentariləri arasında əməkdaşlığın inkişafı ilə bağlı addımlar atır. Bir həftə bundan əvvəl Azərbaycan sədr kimi Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis iclasını keçirib: “Azərbaycan Prezidenti Yüksək Səviyyəli Toplantının rəsmi açılış hissəsində Qoşulmama Hərəkatına üzv dövlətləri artıq təsisatlanma ideyası üzərində düşünməyə də çağırdı. Azərbaycan sədr qismində məsləhətləşmələr apararaq, Hərəkata üzv dövlətlərin bununla bağlı mövqeyini öyrənəcək. Bu, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın bundan sonra da beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində Hərəkatın rolunun daha da gücləndirilməsi, habelə ədalətin, beynəlxalq hüququn və Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi istiqamətində səylərini əsirgəməyəcəyini təsdiqləyir”.

İ. İbrahimqızı Azərbaycan Prezidentinin toplantının rəsmi açılış hissəsində daha bir mötəbər beynəlxalq tribunadan Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalmasını elan etməsinə də diqqət çəkib: “Eyni zamanda dövlət başçısı Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin Azərbaycana dəstəyinin olduqca dəyərli olduğunu bir daha bəyan etdi. Bu dövlətlər BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan verməyiblər və bununla da, həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqliyini nümayiş etdiriblər. Bu, həm də Azərbaycana, Azərbaycan Prezidentinə hörmət və etimadın göstəricisi idi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR