Millət vəkili: “Ekoloji terrorda şirkətlərinin iştirakı təsdiqlənən Almaniya Azərbaycana qarşı kampaniya təşkil edib”

Cavid Osmanov, Milli Məclisin deputatı

© APA | Cavid Osmanov, Milli Məclisin deputatı

# 06 iyul 2021 17:57 (UTC +04:00)

“Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda xarici şirkətlərin, xüsusilə Qərb şirkətlərinin iştirakına dair çoxsaylı faktlar mövcuddur”.

Bunu APA-ya açıqlamasında millət vəkili Cavid Osmanov bildirib.

C. Osmanov deyib ki, Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 70%-i qonşu ölkələrdə formalaşan transsərhəd su axınları hesabınadır: “Transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalan çaydır. Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay sanki sənaye tullantılarının kollektoru rolunu oynayır. Bu sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir. Oxçuçayın Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına töküldüyünü nəzərə alsaq, onun çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir: “Araz çayı Kür çayının ən böyük sağ qolu olmaqla Ermənistanla digər transsərhəd çaydır və Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır. Lakin çaydakı suyun keyfiyyətinin ciddi dəyişikliyi səbəbindən onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi son dərəcə mənfi təsirlərə yol aça bilər”.

Millət vəkili qeyd edib ki, Zəngilan rayonu ərazisindən keçən Oxuçayın çirkləndirilməsi, çay hövzəsinin flora və faunasının məhv edilməsi Azərbaycanda geniş rezonans və ictimai narazılıq doğurub: “Ermənistanın dağ-mədən şirkətlərinin fəaliyyəti Oxuçayda fəlakətli vəziyyət yaradıb, bu prosesdə Almaniyanın “CRONIMET Holding GmbH” şirkəti yaxından iştirak edib. Azərbaycan mediasının Almaniya səfirliyinə müraciətinə səfirin cavabı məsələni ört-basdır etmək və diqqəti şirkətin üzərindən yayındırmaq məqsədi daşıyıb. Bu ölkənin Yaşıllar Partiyası isə ümumiyyətlə müraciətə saymazyana cavab verərək, Azərbaycana ayırmaq üçün vaxtlarının olmadığını bildirib”.

Millət vəkili qeyd edib ki, Almaniya mediası müxtəlif illərdə Azərbaycana qarşı Soros şəbəkəsi tərəfindən təşkil edilən qarayaxma kampaniyalarında fəal iştirak edib. Qarayaxma kampaniyalarının təşkilində bir neçə motiv diqqəti cəlb edib. Bura birincisi, Soros şəbəkəsinin Azərbaycanda özəl maraqları, ikincisi, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi və xarici tərəfdaşlarının sayının artması, beynəlxalq əlaqələrinin genişlənməsi, üçüncüsü, Azərbaycanın öz tərəfdaşları ilə uğurlu enerji layihələrini reallaşdırması, dördüncüsü, Ermənistanda Sorosun layihəsi olan N.Paşinyanın hakimiyyətə gəlməsi daxil olub: “Eurovision - 2012, Birinci Avropa Oyunları və digər mühüm tədbirlər zamanı Almaniya mediasının Azərbaycana qarşı aqressiv mövqeyinə dair də çoxsaylı faktlar var. Almaniyadan təşkil olunan kampaniyaların davamlı xarakter daşıması bu prosesdə Almaniya hökumətinin bilavasitə iştirak etdiyini göstərir. Digər tərəfdən, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda Almaniya şirkətinin iştirak etdiyi təsdiqini tapdıqdan və Azərbaycan ictimaiyyətinin bu məsələni beynəlxalq səviyyədə gündəmə gətirməsindən sonra Almaniya hökuməti problemdən diqqəti yayındırmaq üçün mediada Azərbaycana qarşı kampaniya təşkil etdi. Bu, həm də seçkilər ərəfəsində Almaniya hökumətinin ciddi ittihamlardan yaxa qurtarmaq cəhdidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR