Deputatlar Fransanın həmsədrlikdən kənarlaşdırılmasını təklif edir

Milli Məclis

© APA | Milli Məclis

# 23 noyabr 2021 11:19 (UTC +04:00)

“Fransa Minsk Qrupunun üzvü kimi açıq-aşkar Ermənistana, işğalçı dövlətə dəstək olur”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, 44 günlük savaşda minlərlə gəncin tökülən qanlarına görə Fransa da məsuliyyət daşıyır: “Fransa bu hərəkəti ilə bölgəyə sülhün gəlməsini əngəlləyir. Azərbaycan Fransanın Minsk Qrupu həmsədrliyindən kənarlaşdırılmasına çalışmalıdır. Mən hər cür təhqirin və zorakılığın əleyhinəyəm. Sadəcə, baş verənlər Fransanın yürütdüyü siyasətin nəticəsidir. Ermənilərə müsbət münasibəti olan bu ölkənin Azərbaycana münasibəti heç vaxt dəyişməyəcək. Azərbaycan bütün sahələrdə Fransa ilə münasibətlərinə yenidən baxmalıdır”.

Deputat Hikmət Babaoğlu isə bildirib ki, müxtəlif səviyyəli Fransa rəsmilərinin qeyri-adekvat addımları təəccüb doğurur: “Qondarma qurumun “rəsmisi” kimi özünü təqdim edən erməni Fransada rəsmi şəxs kimi münasibət görür. Məsələ Fransanın bu separatizmi dəstəkləməsidir. Hamı bilir ki, Azərbaycan bu mövzuda çox həssasdır və regionda yeni reallıq yaranıb. Fransa da bu reallığı qəbul etməlidir. Fransanın addımlarında ziddiyyət var. Amma həm də burada məqsədyönlü fəaliyyət var. Regionda yeni reallıqlar şəraitində inkişaf edəcək əməkdaşlıqlara da Fransa mane olur”.

Deputat Tural Gəncəliyev də hesab edir ki, Fransanın istər Cənubi Qafqaz, istərsə də dünyanın digər ölkələrində xarici siyasətində ciddi səhvlər müşahidə olunur: “Bu, Fransada lider problemi ilə bağlıdır. Fransa Azərbaycana minnətdar olmalıdır ki, Azərbaycan öz gücünə BMT-nin qətnamələrinin icrasını təmin etdi. Azərbaycan bu gün postmüharibə, postkonfilikt dövründə regiona heç bir dəxli olmayan, regiondan tamamilə kənarda yerləşən ölkənin hərəkətlərini qəbul etmir. Fransa bundan sonra Cənubi Qafqaz, xüsusilə Azərbaycanla bağlı siyasətlərində çox diqqətli olmalıdır. Əks halda onların batmaqda olan nüfuzu daha da batacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR