Milli Məclisin nümayəndə heyəti Ankarada Türkiyə Böyük Millət Məclisində görüşlər keçirib - FOTO

Milli Məclisin nümayəndə heyəti Ankarada Türkiyə Böyük Millət Məclisində görüşlər keçirib - FOTO
# 15 iyul 2021 00:03 (UTC +04:00)

Ankarada səfərdə olan Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) görüşlər keçirib.

APA-nın yerli bürosunun xəbərinə görə, azərbaycanlı parlamentarilər TBMM-in Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçheyət, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, TBMM-in Milli Müdafiə Komissiyasının sədri İsmət Yılmaz və Avropa Şurası Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin sədri Əhməd Yıldızın rəhbərlik etdiyi qrupun üzvləri ilə görüşüblər.

Görüşlərdə Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr müzakirə olunub, bu əlaqələrin yüksələn xətlə inkişaf etdiyi bildirilib.

2016-cı il iyulun 15-də Türkiyədə törədilən dövlət çevrilişi cəhdi qiymətləndirilib. Bildirilib ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi qəhrəmanlıqla 5 il əvvəl Türkiyənin dövlət müstəqilliyindəki əzmkarlıq eyni ruhun təcəsümü olan qəhrəmanlıq dastanı kimi tarixdə yer tutub. 5 il öncə 15 iyulda Azərbaycan ictimaiyyətindən verilən mənəvi və 44 günlük müharibədə Türkiyə ictimaiyyətinin Azərbaycana verdiyi dəstəklə iki ölkənin qardaşlıq və sarsılmaz əlaqələri bir daha təsdiq olunub. Azərbaycan və Türkiyənin artan gücünün regionda sülh və sabitliyə töhfəsi təhlil olunub. Vurğulanıb ki, qazanılmış Qələbə bizi arxayınlaşdıra bilməz. Bundan sonra daha sıx əməkdaşlıq etməli, birgə mübarizə aparmalı, xüsusilə təhlükə və təhdidlər iki ölkənin güclərinin birləşdirilməsilə dəf edilməlidir.

TBMM Milli müdafiə komissiyasının sədri İsmət Yılmaz ilə keçirilən görüşdə Azərbaycan və Türkiyə arasındakı hərbi müttəfiqlik, birgə hərbi təlimlər, müdafiə sənayesi sahəsində ortaq layihələr və əməkdaşlıq məsələləri müzakirə olunub.

Türkiyə parlamentinin AŞPA-dakı nümayəndə heyətinin başqanı Ahmed Yıldız ilə keçirilən görüşdə isə beynəlxalq təşkilatlar, o cümlədən AŞPA çərçivəsində əməkdaşlığın genişləndirilməsi yolları, milli və dövlətçilik maraqlarımızın birgə müdafiəsi və s. mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 15 iyul 2016-cı il tarixində Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdinin beşinci ildönümü münasibətilə keçiriləcək tədbirlərlə əlaqədar Ankarada olan Milli Məclisin deputatları Asim Mollazadə, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Erkin Qədirlidən ibarət nümayəndə heyətinin Türkiyəyə səfəri iyulun 16-da başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR