Milli Məclisin Sədri Latviya Seyminin nümayəndə heyətini qəbul edib

Milli Məclisin Sədri Latviya Seyminin nümayəndə heyətini qəbul edib
# 08 iyun 2021 18:41 (UTC +04:00)

Bu gün Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlığı təşviq edən qrupun rəhbəri Roman Naudinşin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Spiker Azərbaycanın Baltikyanı ölkələr, o cümlədən Latviya ilə əlaqələrin inkişafına böyük önəm verdiyini söyləyib.

Qeyd edilib ki, Azərbaycanla Latviya dost və tərəfdaş ölkələrdir. İki ölkə arasında münasibətlər qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə söykənir. Hər iki ölkə müstəqillik əldə etdikdən sonra əlaqələrimiz keyfiyyətcə yeni səviyyə yüksəlib. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar və imzalanmış sənədlər əməkdaşlığımızın daha da inkişafı üçün yaxşı zəmin yaradıb.

Milli Məclisin Sədri tərəflər arasında yüksək siyasi dialoqun iqtisadi sahədə də böyük nailiyyətlər əldə etmək üçün yaxşı imkan yaratdığını deyib.

Sahibə Qafarova Azərbaycan və Latviyanın qanunverici orqanları arasında əlaqələrdən danışaraq qeyd edib ki, hər iki ölkənin parlamentində dostuq qruplarının fəaliyyət göstərməsi ümumi məqsədlərə xidmət edir. Deputatların qarşılıqlı səfərləri, beynəlxalq qurumlarda mütəmadi görüşləri tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox önəmlidir.

Görüşdə Spiker 44 günlük Vətən müharibəsi dönəmində Azərbaycanın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarını Ermənistanın işğalından azad etdiyini və ərazi bütövlüyünün bərpasına nail olduğunu söyləyib. Qeyd edib ki, Ermənistan minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir, sərhəddə təxribatlar törədir.

Latviya Respublikası Seyminin Azərbaycan Parlamenti ilə əməkdaşlığı təşviq edən qrupun rəhbəri Roman Naudinşin ölkəsinin Azərbaycanla siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu söyləyib.

Görüşdə parlamentlərarası əməkdaşlığın, beynəlxalq qurumlar çərçivəsində əlaqələrin gələcək inkişaf istiqamətləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR