Milli Məclisin sədri Rusiyada beynəlxalq konfransda çıxış edib

Sahibə Qafarova Rusiyada beynəlxalq konfransda çıxış edib

© APA | Sahibə Qafarova Rusiyada beynəlxalq konfransda çıxış edib

# 25 noyabr 2021 20:17 (UTC +04:00)

MDB PA-nın tədbirlərində iştirak etmək üçün Sankt-Peterburqda işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 25-də “Səhiyyə xidmətlərinin hamıya şamil olunması və dayanıqlı inkişafın məqsədləri” mövzusunda beynəlxalq konfransda çıxış edib.

APA-nın Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla xəbərinə görə S.Qafarova qeyd edib ki, COVİD-19 pandemiyasının tüğyan etməsi fonunda səhiyyə xidmətlərinin hamıya şamil olunması vacibliyinin önə çıxdığı indiki dövrdə bu konfransın əhəmiyyəti böyükdür.

Sahibə Qafarova bildirib ki, səhiyyə xidmətlərinin hamıya şamil olunmasının əsas vəzifələrindən biri müalicənin hər kəs üçün əlçatan olmasıdır. Bütün ölkələrdə səhiyyəyə qoyulan investisiyaların həcminin və keyfiyyətinin yüksəldilməsi, milli səviyyələrdə fəaliyyətlərin artırılması dünyanı bu məqsədə nail olmağa daha da yaxınlaşdıracaq.
Beynəlxalq konfransın iştirakçılarına Azərbaycan səhiyyəsi barədə məlumat verən spiker qeyd edib ki, ölkəmizdə səhiyyə sisteminin inkişafı, maddi-texniki bazasının və kadr potensialının möhkəmləndirilməsi, bu sahədə infrastrukturun yenilənməsi daim dövlətin diqqət mərkəzindədir. Ölkə rəhbərliyinin həyata keçirdiyi sosial siyasət sayəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin ilbəil artırılması tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına və ümumilikdə xidmət səviyyəsinin yüksəldilməsinə imkan yaradır.

Sahibə Qafarova bildirib ki, son 18 ildə ölkəmizdə 700-dən çox xəstəxana yenidən qurulub və əsaslı təmir olunub. Tibb müəssisələrimiz ən yüksək standartlara cavab verir. Ardıcıl olaraq səhiyyə sisteminin və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində addımlar atılır. Azərbaycanda hər il 5 milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçir.

Nəzərə çatdırılıb ki, hazırda tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əhalinin bu xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədilə ölkəmizdə icbari tibbi sığorta tətbiq olunur. Bu məqsədlə 2016-cı ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb.
Milli Məclisin sədri səhiyyə sahəsində bir sıra dövlət proqramlarının həyata keçirilməsində müstəsna xidmətləri olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini ayrıca qeyd edib. Bildirib ki, Fond şəkərli diabet və talassemiya xəstələrinə qulluq və müalicə edilməsi, qanvermə aksiyaları, ana və uşaq sağlamlığının qorunması sahələrində bir çox böyük layihələri gerçəkləşdirib.

Azərbaycan parlamentinin rəhbəri qeyd edib ki, 2030-cu ilədək səhiyyə xidmətlərinin hamıya şamil olunmasını təmin etmək BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində əsas hədəflərdən biridir. Azərbaycan öz regionunda 2030-cu ilədək olan dövrdə Gündəliyin icrasına dair 3-cü könüllü milli hesabatı təqdim edən ilk dövlətdir, dünya miqyasında isə 12 ölkədən biridir. Dayanıqlı İnkişaf Məqsədləri İndeksində 100 mümkün baldan 72,4 bal toplayan Azərbaycan 2021-ci ilədək dayanıqlı inkişaf Hesabatında 165 ölkə arasında 55-ci yeri tutub ki, bu da regionda ən yaxşı nəticədir. Bundan başqa, “insanın sağlamlığı” ölkənin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafının tərkib hissəsi və 5 milli prioritetdən biridir.

Konfransda Sahibə Qafarova son illərin bütün dünyada səhiyyə sistemi üçün sınaq dövrü olduğunu vurğulayıb. O, nəhəng elmi-intellektual potensiala və qabaqcıl texnologiyalara malik ən inkişaf etmiş ölkələrin belə koronavirus epidemiyasının yayılmasına qarşı dura bilmədiklərini təəssüflə qeyd edib.

Spiker diqqətə çatdırıb ki, keçən il dünya pandemiyaya məruz qalarkən beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi işğal altında olan Azərbaycan 1 milyondan çox qaçqın və məcburi köçkününün olmasına, Ermənistanın davamlı hərbi təxribatlarına və bunun nəticəsində torpaqlarının azad edilməsi üçün başlanmış 44 günlük müharibəyə baxmayaraq, infeksiyanın yayılması nəticəsində yaranmış təhlükələrə vaxtında və adekvat reaksiya verərək ciddi tədbirlər gördü.

Milli Məclisin sədri çıxışında pandemiya ilə mübarizədə Azərbaycan parlamentinin rolundan da söz açıb. O, məlumat verib ki, parlamentdə, həmçinin ayrı-ayrı komitələrdə problemlə əlaqədar geniş müzakirələr təşkil olunub, bir sıra qanunvericilik aktlarına əhali arasında koronavirusa yoluxma hallarının azaldılmasına xidmət edən əlavə və dəyişikliklər edilib.

Azərbaycan tərəfindən COVİD-19-la mübarizədə qlobal səylərin, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində səylərin səfərbər olunması təşəbbüslərinin irəli sürüldüyünü vurğulayan Milli Məclisin sədri Sahibə Qafarova xatırladıb ki, ölkəmiz “peyvənd millətçiliyi”ndən – zəngin ölkələrin ehtiyaclarından qat-qat artıq peyvənd almasından narazılığını dəfələrlə açıq şəkildə bəyan edib. Spiker bildirib ki, noyabrın 17-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın üçüncü komitəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının üzvləri adından irəli sürülmüş “COVİD-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib. BMT-yə üzv olan 126 dövlət həmmüəllif qismində bu qətnaməyə qoşulub.

Parlament sədri konfrans iştirakçılarına onu da bildirib ki, Azərbaycan könüllü olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində maliyyə yardımı edib. Bununla yanaşı, koronavirusla mübarizəni dəstəkləmək üçün 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib. Azərbaycan bir neçə ölkəyə təmənnasız peyvənd dozası verib.

Çıxışının yekununda Milli Məclisin sədri Sahibə Qafarova əminliyini ifadə edib ki, parlamentarlar da öz səviyyələrində əhalinin sağlamlığının ümumbəşəri təhlükəsizliyini təmin etmək üçün bütün mümkün tədbirləri görəcək və bununla da davamlı inkişaf məqsədlərindən birinə – sağlam həyat tərzinin təmin edilməsinə və hamı üçün rifahın təşviqinə nail olacaqlar.

Sonra MDB PA-nın Şura iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında gündəlikdəki “Üçüncü Avrasiya Qadın Forumunun keçirilməsinin nəticələrinə dair” məsələ barədə çıxış edib.

Spiker qeyd edib ki, ümumilikdə forum qadınların müxtəlif tematik sessiyalarda canlı ünsiyyətdə olması üçün müsbət rol oynayıb. Çünki hər bir müzakirə bu və ya digər şəkildə bu gün bölgə qadınlarını narahat edən əsas suallara cavab axtarışına öz töhfəsini verir. Sülh və etimad gündəminin formalaşmasında, iqtisadiyyatın və səhiyyənin inkişafında, sosial transformasiyaların həyata keçirilməsində və davamlı inkişaf məqsədlərinə nail olmaq üçün müxtəlif layihələrin işlənib hazırlanmasında qadınların rolu böyükdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR