MM İnsan hüquqları komitəsinin sədr müavini: “Azərbaycanlını  qətlə yetirən polisin azadlığa buraxılması Rusiyada ayrı-seçkiliyi nümayiş etdirdi”

Tahir Kərimli,  Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini

© APA | Tahir Kərimli, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini

# 05 iyun 2021 11:42 (UTC +04:00)

“Rusiyada polis tərəfindən qətlə yetirilmiş azərbaycanlı Vəkil Abdullayevin qatili azadlığa buraxılıb. Həbs olunmuş polisə qarşı əvvəlcə cinayət təhqiqatının dayandırılması, sonra isə onun azadlığa buraxılması ilk növbədə Rusiyanın hüquq sistemində ciddi problemlər olduğunu və ya siyasi, ayrı-seçkilik, fobiya motivlərinin mövcudluğunu nümayiş etdirdi”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli bildirib.

Qeyd edək ki, may ayının 28-də Novosibirsk vilayətinin Moşkovski rayonundakı R-255 “Sibir” magistral yolunun 61-ci km-də “Toyota” markalı avtomobilin sürücüsü yol polisinin “Saxla” tələbinə məhəl qoymayaraq, hərəkətini davam etdirib. Polislər onu təqib etməyə başlayıblar. Avtomobil yol kənarındakı mehmanxananın qarşısında dayanıb. Bir neçə nəfər avtomobildən düşərək qaçmağa çalışıb. Polis həmin şəxslərdən birini tutaraq patrul avtomobilinə aparıb. Bu zaman qaçanlardan ikisi geri qayıdıb və polisə müdaxilə etməyə çalışıb, onlardan biri baş verənləri videoya çəkib, ikincisi – 19 yaşlı azərbaycanlı V. Abdullayev isə yoldaşını polislərin əlindən almağa çalışıb. Polis V.Abdullaevi bir neçə dəfə vurub, ardınca isə tapançanı çıxararaq ehtiyatsızlıqdan ona atəş açıb. Nəticədə V.Abdullaev başından yaralanıb və xəstəxanada keçinib. Sonradan məhkəmə polis əməkdaşının həbsi barədə qərar verib. Dünən Rusiya Federasiyasının İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin tapşırığı ilə Novosibirsk vilayətində qayda pozduğu iddia edilən V. Abdullaevi ölümcül yaralayan yol müfəttişi barədə seçilmiş həbs-qətimkan tədbiri ərazini tərk etməmək tədbiri ilə əvəzlənib və düzgün davranış kimi qiymətləndirilib. A.Bastrıkin V.Abdullayevi tapança ilə ölümcül yaralayan yol müfəttişinə qarşı iş açmış İstintaq Komitəsinin Novosibirsk vilayəti üzrə İstintaq İdarəsinin əməkdaşları barədə araşdırma başladılmasına da təşəbbüs edib. Eyni zamanda məsələ ilə əlaqədar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318, 319-cu maddələri (dövlət məmuruna qarşı zor tətbiq etmə; dövlət məmurunu təhqir etmə) maddələri ilə cinayət işi başladılıb.

T. Kərimli isə deyib ki, V. Abdullayev yol qəza hadisəsi törədildiyinə görə saxlanılmışdı və polisin silah çıxartmasına heç bir ehtiyac yox idi: “Bu hadisə Rusiyada digər xalqların nümayəndələrinə qarşı dözümsüzlüyün, rasizmin olduğunu göstərdi. “Russia Today” telekanalının əməkdaşı, Rusiya Federasiyası İctimai Palatasının üzvü, Vahid Rusiya partiyasından dövlət Dumasına namizədliyini irəli sürmüş Mariya Butina kimilərinin qatil polisə dəstək verməsi və onun azadlığa buraxılmasını tələb etməsi Rusiyada rasistlərin xalqın adından danışmaq səlahiyyəti əldə etməyə can atdığını göstərir. Belələrinin millət vəkili olması qanunverici orqana hörmətsizliyin bariz nümunəsidi”.

Parlamentin İnsan hüquqları komitəsinin sədr müavini V. Abdullayevin Gürcüstan vətəndaşı olmasına da diqqət çəkib: “Görəsən rəsmi Tbilisi öz vətəndaşına niyə sahib çıxmır? Bu məsələ Gürcüstan tərəfindən beynəlxalq təşkilatlarda qaldırılacaqmı?”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR