MM komitə sədri: “Təxribatlar Ermənistan üçün  yaxşı olmayan nəticələr vəd edir”

MM komitə sədri: “Təxribatlar Ermənistan üçün  yaxşı olmayan nəticələr vəd edir”

© APA | Ziyafət Əsgərov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

# 15 iyul 2021 13:11 (UTC +04:00)

“Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş hadisələr, həmçinin Qarabağda atəş səslərinin eşidilməsi Ermənistanın qəsdən vəziyyəti gərginləşdirmək cəhdidir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Z. Əsgərov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistan-Azərbaycan münaqişəsinin həll edildiyini bəyan edib və dövlət başçısı Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində nitqində də bir daha bunu qeyd edib : “Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla Ermənistan-Azərbaycan münaqişəsi başa çatdı, Ermənistan kapitulyasiya etdi. Dünya birliyi, beynəlxalq təşkilatlar 44 günlük müharibənin nəticələrini və 10 noyabrda imzalanmış birgə bəyanatı tanıdı. Bu gün münaqişənin həll olunmadığını deyənlər və ya Dağlıq Qarabağ münaqişəsi ifadəsini (ABŞ Dövlət Departamenti, Fransanın səfiri) işlədənlər regionu yeni təhlükələrə sürükləyirlər. Bu, yenə də Ermənistandan alət kimi istifadə etmək, Ermənistanda revanşizmə dəstək vermək və Qarabağda olan erməniləri aqressiv separatizmə yönəltmək cəhdidir. 30 ilə yaxın dövrdə ATƏT Minsk Qrupunun əhəmiyyətsiz və nəticəsiz vasitəçiliyi ilə müzakirə mövzusu olmuş “Dağlıq Qarabağın statusu” məsələsi artıq gündəmdə deyil. Bundan sonra bütün münasibətlər Azərbaycan Konstitusiyası və qanunları əsasında həll edilməlidir. Hər hansı üçüncü tərəfə Azərbaycanın suveren əraziləri barədə hökmlə danışmağa hüquq verilməyib. ATƏT Minsk Qrupunun da belə bir mandatı yoxdur”.

Parlamentin komitə sədri qeyd edib ki, Ermənistan sülh sazişindən imtina edirsə, deməli sülhdən və Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir: “Belə olacağı təqdirdə Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımır və nəyə görə də tanımalıdır. Bu günkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. Zəngəzur, Göyçə mahalı, İrəvan tarixi Azərbaycan torpaqlarıdır. Azərbaycanın tarixi, hüquqi və siyasi baxımdan tarixi ədaləti bərpa etməyə tam haqqı çatır. Ermənistan rəhbərliyi dərk etməlidir ki, sülh sazişini imzalamaqdan imtina etməsinin bu ölkə üçün ağır fəsadlara səbəb olacağını proqnozlaşdırmaq elə də çətin deyil. Azərbaycanın təklifi yeni real vəziyyətə əsaslanır. Azərbaycan hesab edir ki, məsələ həll olunub, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Dövlət başçısının da qeyd etdiyi kimi, ölkələr bir-birinin ərazi bütövlüyünü, sərhədlərin tanınmalı, bunun üçün də delimitasiya işlərinə start verilməlidir. Delimitasiya məsələsinə indi beynəlxalq təşkilatlar da müsbət reaksiya verirlər. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər. Azərbaycan Prezidentinin vurğuladığı kimi, vaxtilə əgər öz xoşları ilə bizim torpaqlarımızdan çıxsaydılar, bu qədər rəzil duruma düşməzdilər. Ermənistanda bu məsələyə mənfi reaksiya varsa, yenə də peşman olacaqlar”.

Z. Əsgərov onu da nəzərə çatdırıb ki, Ermənistan vəziyyəti gərginləşdirməklə Azərbaycanı cavab addımlarına təhrik etməyə və daha sonra bundan istifadə edib günahlandırmağa çalışır: “Avropa İttifaqı Komissiyasının Prezidenti Şarl Mişelin regiona səfəri öncəsi süni gərginliyin yaradılması heç də təsadüfi xarakter daşımır. Ermənistan müharibədən sonra həyata keçirdiyi təxribatların nəticələrini, 2020-ci ilin dekabrında Azərbaycanın həyata keçirdiyi anti-terror əməliyyatını unutmamalıdır. Ermənistanın təxribatları eyni zamanda Rusiya sülhməramlılarına qarşı yönəlib. Ermənistan bu təxribatlarla onların missiyasının uğursuz olduğunu göstərməyə çalışır. Belə təxribatlar Ermənistan üçün heç də yaxşı olmayan nəticələr vəd edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR