MM komitə sədrinin müavini: “Qoşulmama Hərəkatına daha 1 il sədrlik Azərbaycana etimadın göstəricisidir”

Rəşad Mahmudov, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini

© APA | Rəşad Mahmudov, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini

# 16 iyul 2021 18:46 (UTC +04:00)

“Qoşulmama Hərəkatına 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin Hərəkata əlavə 1 il sədrlik etmək barədə müraciətini müsbət cavablandırıb. Azərbaycanın Qoşulmama Hərəkatına daha 1 il sədrlik etməsi üzv ölkələrin respublikamıza olan etimadının göstəricisidir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.

R. Mahmudov deyib ki, qlobal səhiyyə böhranı fonunda Azərbaycan “peyvənd millətçiliyi”nə qarşı çıxış edib, ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını ictimai şəkildə qınayıb: “Prezident İlham Əliyev Azərbaycan Respublikasının sədrliyi ilə keçirilən Qoşulmama Hərəkatının “Qoşulmama Hərəkatı qlobal çağırışlara qarşı mübarizədə çoxtərəfli səylərin mərkəzində” mövzusunda, virtual formatda aralıq dövr Nazirlər Konfransında çıxışında da bildirdi ki, indiyədək dünyada mövcud olan peyvəndlərin 82 faizdən çoxu zəngin dövlətlər tərəfindən alınıb, azgəlirli ölkələrin payına düşən peyvənd həcmi isə yalnız 0,9 faiz təşkil edib. Belə münasibət inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrin öz əhalisini qorumaq imkanına mane olub. Bu məsələyə münasibətdə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib”.

Parlamentin komitə sədrinin müavini qeyd edib ki, Azərbaycanın qarşısında Qoşulmama Hərəkatına sədrliyinin sonrakı dönəmində bir sıra vəzifələr durur: “Hərəkatın Bakı Zirvə görüşündə aldığı mandata əsasən, Azərbaycan sədr qismində hazırda təşkilat üzrə gənclərin institusional şəbəkəsinin yaradılmasının mümkünlüyünü nəzərdən keçirir. Eyni zamanda, Azərbaycan Hərəkata üzv dövlətlərin əməkdaşlığının parlamentlərarası istiqamətini də inkişaf etdirmək niyyətindədir".

R. Mahmudov vurğulayıb ki, dünyanın pandemiyadan daha yaxşı şəkildə çıxması üçün qlobal tədbirlər görülməlidir: Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkatın mövqeyinin və nüfuzunun gücləndirilməsi sahəsində birgə səylər göstərməkdə davam edəcək. Pandemiyadan sonra bərpa mərhələsinə dair fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin müəyyənləşdirilməsi baxımından Hərəkata üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsi faydalı ola bilər. Pandemiyadan irəli gələn çətinliklərin mürəkkəbliyini nəzərə alaraq, Hərəkat tərəfindən COVID-19-dan sonra qlobal bərpaya dair BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılması təşəbbüsü ilə çıxış edilməsi məqsədəmüvafiq olardı".

Deputat sonda qeyd edib ki, dünyanı ciddi təşvişə salan, minlərlə insanın ölümünə səbəb olan koronavirus pandemiyasına qarşı mübarizə ilk vaxtlardan Azərbaycan hökumətinin fəaliyyətində mühüm əhəmiyyət daşıyıb. Prezident İlham Əliyevin tapşırığı əsasında Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah koronavirusun yayılmasının qarşısının alınması istiqamətində gərgin iş rejimində səmərəli tədbirlər həyata keçirib. Respublikada epidemioloji vəziyyət ciddi nəzarət altında saxlanılıb, virusa yoluxma hallarının qarşısının alınması, zəruri profilaktik tədbirlərin gerçəkləşdirilməsi ilə əlaqədar vacib addımlar atılıb, əhaliyə lazımi məlumat və tövsiyələr verilib, vətəndaşların rifah halının pisləşməməsi istiqamətində əməli işlər görülüb: “Bütün bu işlər hazırda da uğurla davam etdirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR