Moskvada Azərbaycan və Rusiya ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın iclası keçirilib - FOTO

Moskvada Azərbaycan və Rusiya ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın iclası keçirilib - FOTO
# 16 iyun 2021 23:28 (UTC +04:00)

Moskvada Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Şurasının ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyasının 15-ci iclası keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, komissiyanın iclasına Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikasının Milli Məclisinin sədrinin birinci müavini Əli Hüseynli və Rusiya Federasiyasının Federal Şurasının sədrinin müavini Qalina Karelova həmsədrlik ediblər.

Tədbirdə Səfir Polad Bülbüloğlu, Azərbaycan Respublikasının Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İntizam, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin üzvü Nizami Səfərov, Hesablayıcı, Mədəniyyət, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin üzvü Mixail Zabelin, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Ağalar Vəliyev, Hesablayıcı, Gənclər və idman, Əmək və sosial siyasət komitələrinin üzvü Sevinc Hüseynova, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hesablayıcı, Gənclər və idman komitələrinin üzvü Elnur Allahverdiyev, Rusiya tərəfindən isə Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasin, Elm, təhsil və mədəniyyət komitəsinin sədri Liliya Qumerova, Sosial siyasət komitəsinin sədri İnna Svyatenko, senatorlar Aleksandr Başkin, Sergey Arenin, Dövlət Dumasının deputatları Zaur Qekkiyev, Hacımurad Ömərov, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev və digər rəsmi şəxslər iştirak ediblər.

İclasda ikitərəfli parlamentlərarası əlaqələrin hazırki vəziyyəti ilə bağlı məmnunluq ifadə olunub, onun gələcək inkişafı və genişləndirilməsi istiqamətində müxtəlif məsələlər müzakirə edilib. Bununla yanaşı, ölkələrimizin bir çox beynəlxalq parlament təşkilatları, o cümlədən MDB, AŞPA, ATƏT PA və s. çərçivəsində mövcud olan sıx əməkdaşlığı qeyd olunub.

Rusiya və Azərbaycan prezidentlərinin arasında olan inam və etimad, iki ölkənin parlament münasibətlərinin ildən-ilə genişlənməsi, Rusiyanın aparıcı xarici ticarət tərəfdaşlarımızdan biri olması həm Rusiya, həm də Azərbaycan deputatlarının çıxışlarında xüsusilə vurğulanıb.

10 noyabr 2020 və 11 yanvar 2021-ci il tarixli Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Bəyanatlarının əhəmiyyətini, İkinci Qarabağ müharibəsində şanlı qələbənin ölkə başçısı İlham Əliyevin güclü qətiyyəti və müdrik rəhbərliyi, eləcə də Azərbaycan ordusunun şücaəti və igidliyi nəticəsində əldə edildiyini qeyd edən Azərbaycan nümayəndə heyəti sözügedən bəyanatların imzalanmasında Rusiya Prezidenti Vladimir Putinin müstəsna rolunu önə çəkərək, ölkəmizin hələ ki, qarşılaşdığı təhdidlərdən söz açmış, bölgədə faşizm və terrorçuluğa himayədarlıq siyasətindən əl çəkilməsinin zəruriliyini diqqətə çatdırıb.

Bundan əlavə, görüş zamanı ölkəmizdə rus dilinin geniş şəkildə tədris olunmasına və bu məsələdə ölkə rəhbərliyinin verdiyi dəstəyə görə Azərbaycan tərəfinə dərin minnətdarlıq ifadə olunub, iki ölkə arasında təhsil sahəsində mövcud olan uğurlu əməkdaşlıqdan bəhs edilib.

Eyni zamanda bəzi rusiyalı deputatların ölkəmizə münasibətdə əsassız və qərəzli mövqe tutması, Rusiya ilə sərhəddə yükdaşımalarla bağlı yaranan çətinliklər, Dağıstan Respublikası ərazisində Azərbaycan dilinin tədrisi və dərsliklərin latın qrafikası ilə dərc edilməsi məsələlərinə dair Azərbaycan tərəfinin narahatlığı qarşı tərəfin diqqətinə çatdırılıb.

İclasın sonunda Azərbaycan Respublikasının Milli Məclisi və Rusiya Federasiyasının Federal Şurasının arasında İş Planı imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR