Musa Quliyev QDİƏT PM-in komitə sədri seçilib

Musa Quliyev, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri

© APA | Musa Quliyev, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri

# 12 oktyabr 2021 18:10 (UTC +04:00)

Bu gün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin onlayn formatda 57-ci iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirə QDİƏT PM-də Azərbaycan nümayəndə heyətinin üzvləri Musa Quliyev və Ramin Məmmədov qatılıblar.
Onlayn iclası açan QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin sədr müavini Nikolay Skorik (Ukrayna) gündəliyi təqdim edib. Gündəliyin qəbulundan sonra parlamentarilər komitənin 56-cı iclasının protokolunu təsdiqləyiblər.
Sonra Xarula Kefalidu (Yunanıstan) “Pandemiyadan sonra Qara dəniz regionunda təhsil sahəsində əməkdaşlığın məqsəd və vəzifələri” mövzusunda komitənin məruzəsini təqdim edib. Sonra milli nümayəndə heyətlərinin təmsilçiləri də öz ölkələrinin təhsil sisteminin pandemiya şərtlərinə uyğunlaşma prosesi barədə danışıblar.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qlobal pandemiya dövründə Azərbaycanda teledərslərə start verilməsi, Virtual Məktəb platformasının tətbiqi kimi təhsil sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Müzakirələrdən sonra parlamentarilər həm məruzəni, həm də məruzə üzrə komitənin tövsiyələrini təsdiqləyiblər. İclasda həmçinin Azərbaycan nümayəndə heyətinin üzvü Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin yeni sədri seçilib.
Sonda komitənin növbəti 58-ci iclasının tarixi, yeri və gündəliyi aydınlaşdırılıb. “Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrində qaçqın axınları nəticəsində yaranan böhranların sosial təsirləri” növbəti iclasın əsas mövzusu kimi müəyyənləşdirilib. Mövzu üzrə məruzəçi Milli Məclisin deputatı Ramin Məmmədov təsdiq edilib.
Onlayn iclasın yekununda QDİƏT PM-in Baş katibi Asəf Hacıyev təşkilatın qarşıdakı tədbirləri ilə bağlı bəzi məsələləri komitə üzvlərinin diqqətinə çatdırıb, indiyədək komitəyə sədrlik edən Mətin Gündoğduya (Türkiyə) məhsuldar fəaliyyətinə görə təşəkkürünü bildirib, yeni seçilən komitə sədrinə uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR