Müstəqilliyimizin bərpasının ildönümü ilə əlaqədar Sofiya şəhərində sərgi təşkil olunub - FOTO

Müstəqilliyimizin bərpasının ildönümü ilə əlaqədar Sofiya şəhərində sərgi təşkil olunub - FOTO
# 18 oktyabr 2021 20:51 (UTC +04:00)

Zəfər Gününün 1-ci ildönümü və Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə əlaqədar 18 oktyabr tarixində Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikası: çoxmədəniyyətliliyin gözəl diyarı” başlığı ilə sərgi təşkil olunub.

APA-nın məlumatına görə, sərginin açılışında Bolqarıstanın dövlət qurumları və Bolqarıstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, həmçinin Azərbaycan diasporunun üzvləri və KİV nümayəndələri iştirak edib.

Sərgidə çıxış edən Azərbaycan Respublikasının Bolqarıstandakı səfiri Hüseyn Hüseynov dövlət istiqlaliyyətini 1991-ci ildə bərpa etmiş Azərbaycan Respublikasının müstəqilliyin ilk dövründən milli təhlükəsizliyinə ciddi təhdid və çağırışlarla üzləşdiyini və onların sırasında ən başlıcasını qonşu Ermənistanın hərbi təcavüzü və bunun nəticəsində Azərbaycanın 20% ərazisinin işğal etməsinin təşkil etdiyini vurğulayıb.

Daxili siyasi sabitliyin təmin edilməsi, uğurlu xarici siyasət və bütün sahələrdə genişmiqyaslı islahatların aparılması sayəsində dövlətçiliyin əsasları tədricən möhkəmlənmiş, ordu güclənmiş və iqtisadiyyat vüsətlə inkişaf edib.

Səfir Azərbaycanın 30 ilə yaxın davam edən işğaldan sonra 2020-ci ildə ərazi bütövlüyünü bərpa etdiyini və noyabrın 8-də Zəfər Gününün 1-ci ildönümünün qeyd ediləcəyini xüsusi olaraq qeyd edib.

Səfir H.Hüseynov əlavə edib ki, ərazi bütövlüyünü bərpa etmiş ölkəmizdə multikultural cəmiyyətin inkişafı kursu davam etdirilmiş və Azərbaycan bütün dünyaya sübut edib ki, müsəlmanlar, xristianlar və yəhudilərin çox mədəniyyətlilik damı altında çiyin-çiyinə birgə yaşaya, döyüşə və Vətəni – Azərbaycan uğrunda canlarından keçə bilərlər.

Sərginin Azərbaycanın qədim tarixi və zəngin mədəniyyətini nümayiş etdirdiyini qeyd edən səfir, Azərbaycanda müxtəlif etnik qrupların və dini təriqətlərin sülh və əmin-amanlıq şəraitində birgə yaşadığını, tolerant və multikultural mühitin formalaşdırıldığını bildirib.

Bir neçə həftə ərzində Sofiya şəhərinin mərkəzində nümayiş etdiriləcək sərgidə Azərbaycan təbiətinin füsunkar gözəllikləri, qədim və əsrarəngiz adət-ənənələri, həmçinin mədəni müxtəlifliyinin əks olunması ilə yanaşı, ölkəmizin müasir memarlığı və tarixi abidələri də yüksək ustalıqla sərgilənib.

Sərgi şəhər sakinləri və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR