Nazir ATƏT sədrini Ermənistanın üçtərəfli bəyanata zidd davranışı barədə məlumatlandırıb

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 23 sentyabr 2021 14:49 (UTC +04:00)

BMT Baş Assambleyasının 76-ci sessiyası çərçivəsində 22 sentyabrda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin bir sıra istiqamətlər üzrə inkişaf etdiyini və bu əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcud olduğu qeyd edilib.

Nazir Ceyhun Bayramov bölgədə olan cari təhlükəsizlik vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına zidd davranış və digər məsələlər barədə həmkarına məlumat verib. Eyni zamanda, münaqişədən sonrakı bərpa və yenidənqurma mərhələsi ətrafında fikir mübadiləsi aparılıb.

Nazirlər, Azərbaycanın ATƏT ilə əməkdaşlığı məsələləri, habelə ATƏT-in Nazirlər Şurasının toplantısına hazırlıq məsələlərini müzakirə ediblər.

Görüş zamanı tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər üzrə fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR