Pakistan səfiri: “Azərbaycan Kəşmir xalqının istəyini anlayır”

Bilal Hayee

© APA | Bilal Hayee

# 16 sentyabr 2021 12:59 (UTC +04:00)

“Beynəlxalq ictimaiyyət yeni bir soyqırımın yaşanmasına icazə verməməlidir”.

APA-nın xəbərinə görə, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Kəşmirdəki vəziyyətlə bağlı keçirilən brifinqdə deyib.

Diplomat bildirib ki, soyqırımıları bəşər tarixinin qara ləkəsidir.

"Bu, sistemli şəkildə insanların dininə və ya milliyyətinə görə məhv edilməsidir. Nasistlər tərəfindən İkinci Dünya müharibəsində yəhudilərin öldürülməsi, Ruanda soyqırımı, Bosniyada müsəlmanların soyqırımı baş verdi. Bu gün Hindistanın işğalında olan Cəmmu və Kəşmirdə insanlar təzyiqə, repressiyaya məruz qalır. Bu sistemli şəkildə həyata keçirilir. Dünya ictimaiyyəti bunu duymalı, buna etiraz etməlidir.
Lakin biz görürük ki, dünya ictimaiyyəti iqtisadi maraqlara daha çox önəm verir. Bəzi ölkələr demokratiya, insan haqları, dəyərlər barədə bizə məruzələr edir, dərs verir. Amma Hindistanın işğalında olan Cəmmu və Kəşmirdəki vəziyyətlə bağlı susqunluq nümayiş etdirir. Bu ikili standartdır", - deyə səfir vurğulayıb.

Pakistanlı diplomat qeyd edib ki, Hindistan tərəfi beynəlxalq təşkilatların, müşahidəçilərin bu regiona girişinə imkan vermir, Kəşmirlə bağlı yanlış xəbərlər yayır, bunun üçün Hindistan milyonlar xərcləyir: "Hindistan yanlış xəbər yayır ki, guya kəşmirlilər şiddətə meyllidir, cihadçılardır və dünya guya Hindistana kömək etməlidir. Azərbaycan dost ölkədir. Azərbaycan Kəşmir xalqının istəyini anlayır və bunu cihaddan fərqləndirir."

Səfir Hayee deyib ki, Pakistan Kəşmirin öz müqəddəratını təyin etmə hüququnu dəstəkləyir. "Öz müqəddəratını təyin etmə repressiyaya məruz qalan kəşmirlilərin legitim hüququdur. Kəşmirdə insanlar repressiyaya, təqiblərə məruz qalır, insan haqları pozulur. Hindistan onlara qarşı qadağan olunmuş silahlardan istifadə edir, insanlar oğurlanır, qətl edilir. Yeni bir soyqırımı törədilməməsi üçün dünya ölkələri səsini ucaltmalıdır".

Səfir bildirib ki, 1989-cu ildən bəri Kəşmirdə 96 min insan mühakiməsiz-məhkəməsiz öldürülüb, 162 min insan həbs olunub, onlara qarşı şiddət tətbiq olunub, 25 mindən çox insan yaralanıb, 11 250 qadın təcavüzə məruz qalıb, 23 min qadın dul, yüz minlərlə uşaq yetim qalıb.

"Modi hökuməti orduya tam səlahiyyət verib, onlar əməllərinə görə məsuliyyətə cəlb olunmur", - səfir vurğulayıb.

Səfir deyib ki, Hindistan hökuməti Cenevrə Konvensiyasını pozaraq Cəmmu və Kəşmirin demoqrafik tərkibini dəyişməyə çalışır: "Bu məsələ ilə Azərbaycan da üzləşib. Ermənistan işğal etdiyi ərazilərdə demoqrafik tərkibi dəyişməyə cəhd edib. Buna görə də Azərbaycan Pakistanı anlayır, dəstəkləyir. Biz beynəlxalq ictimaiyyətdən, BMT və onun insan haqları ilə bağlı müvafiq orqanlarından nə gözləyirik?!. Beynəlxalq təşkilatlar öz öhdəliklərini yerinə yetirməlidir. Beynəlxalq ictimaiyyət Hindistana təzyiq göstərməlidir ki, beynəlxalq müşahidəçilərin bu regiona girişinə, vəziyyəti təhlil etmələrinə icazə versin. BMT müharibə cinayətləri törədən individual şəxslərə, bu əməlləri törətməyə cəlb olunmuş təşkilatlara sanksiya tətbiq etməlidir. Həmçinin Aİ, Britaniya və digərləri Hindistana sanksiyalar tətbiq etməlidir. Beynəlxalq ictimaiyyət kəşmirlilərə dəstək verməlidir. Hindistan kəşmirlilərin hüquqlarını pozmağı dayandırmalıdır. Bu ölkə regionda demoqrafik tərkibin dəyişməsi ilə bağlı əməllərini dayandırmalıdır. Bütün siyasi məhbuslar azad edilməli, Kəşmirin mühasirəsinə son verilməlidir", - Bilal Hayee vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR