Pakistan Senatının sədri: "Ölkəmiz hər zaman Azərbaycanın yanında olacaq"

Pakistan Senatının sədri: "Ölkəmiz hər zaman Azərbaycanın yanında olacaq"
# 28 may 2021 16:49 (UTC +04:00)

Azərbaycanın Pakistandakı Səfirliyində ölkəmizin milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Sancraninin ali qonaq qismində iştirak etdiyi rəsmi qəbulda senatorlar, ölkənin nüfuzlu ictimai-siyasi xadimləri, eləcə də xarici ölkələrin Pakistandakı bir sıra səfirləri iştirak edib.

Azərbaycan və Pakistan dövlət himnlərinin səsləndirilməsindən sonra Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə ölkəmizin bu il müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Demokratik Respublikasının (ADR) 103-cü ildönümünü Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 30 ilə yaxın qanunsuz erməni işğalından azad olunmasından sonra ikiqat və xüsusi əhəmiyyətlə qeyd etdiyini bildirib.

Əli Əlizadə qeyd edib ki, ADR-nin 1918-ci il mayın 28-də yaradılması Azərbaycan xalqı üçün tarixi bir hadisə idisə, 2020-ci ildə müasir və müstəqil Azərbaycanın ərazi bütövlüyünün bərpası Azərbaycan və xalqı üçün növbəti şərəfli qələbə və tarixi nailiyyətdir.

Vətən müharibəsi zamanı daima ölkəmizlə çiyin-çiyinə dayanan və Azərbaycanın özünümüdafiə hüququnu dəstəkləyən qardaş Pakistana təşəkkürünü çatdıran diplomat, iqtisadi, siyasi, hərbi, müdafiə, təhlükəsizlik, eləcə də enerji sahələrində Azərbaycan-Pakistan əlaqələrinin koronavirus pandemiyasına baxmayaraq, yüksələn xətlə davam etdiyini diqqətə çatdırıb.

Heydər Əliyev Fondunun humanitar-sosial tədbirlərinin pandemiya dövründə də Pakistanda həyata keçirildiyini bildirən səfir, yaxın zamanda ölkələr arasında birbaşa uçuşların da başlayacağını qeyd edib.

Daha sonra səfir Əli Əlizadə Azərbaycan-Pakistan əlaqələrinin inkişafında və gücləndirilməsində göstərdiyi xidmətlərinə görə Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancraninin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən 2019-cu ildə "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi" yubiley medalı ilə təltif olunduğunu bildirib və həmin medalı Senatın sədrinə təqdim edib.

Tədbirdə çıxış edən ali qonaq, Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani bildirib ki, ölkələr arasındakı strateji əlaqələrin bütün sahələrdə inkişaf etməsindən məmnundur: “Pakistan hər zaman Azərbaycanın yanında olacaq. Azərbaycanın Kəşmir məsələsində Pakistana göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm”.

O, bu yaxınlarda Azərbaycan Respublikası Milli Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətinin Pakistana səfər edəcəyini xatırladıb.

Məhəmməd Sadiq Sancrani "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi" medalı ilə təltif olunmasından fəxr hissi duyduğunu ifadə edib, Azərbaycan-Pakistan əlaqələrinin daha da inkişaf etdirilməsində öz fəal rolunu davam etdirəcəyini qeyd edərək dəyərli təltifə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Tədbir boyu Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı, eləcə də Vətən Müharibəsindəki qələbəsini əks etdirən müxtəlif videoçarxlar nümayiş etdirilib, Azərbaycan milli musiqisi və xalq mahnıları səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR