Parisdə Fransanın Qarabağla bağlı roluna həsr olunmuş dəyirmi masa keçiriləcək

Soltan Məmmədov

© APA | Soltan Məmmədov

# 04 noyabr 2021 09:53 (UTC +04:00)

Azərbaycanın Fransadakı səfirliyi və Fransada Azərbaycan Dostları Assosiasiyasının təşkilatçılığı ilə Parisdə “Qarabağ sülh dövründə: ümid və çağırışlar. Fransanın rolu nədir?” mövzusunda dəyirmi masa keçiriləcək. Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Soltan Məmmədov və deputat Eldar Quliyev tədbirdə iştirak edəcək.

Soltan Məmmədov APA-ya açıqlamasında bildirib ki, dəyirmi masada Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqlar, Avropa ölkələrinin, o cümlədən Fransanın regionda sülh, sabitlik və əməkdaşlığın təşviq olunmasına verə biləcəyi töhfələr müzakirə ediləcək.

Deputat qeyd edib ki, səfər çərçivəsində Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Milli Assambleyasında Fransa-Azərbaycan Dostluq qrupunun vitse-prezidenti Jerom Lamberlə də görüşəcək: “Bundan başqa, Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Alen Uper ilə görüş də nəzərdə tutulur. Hər iki görüşdə parlamentlərarası əlaqələrin inkişafı, Azərbaycan həqiqətlərinin Fransa ictimaiyyətinə çatdırılması ilə bağlı bəzi ideya və təkliflərin müzakirəsi planlaşdırılır.

Həmçinin, Fransadakı Azərbaycan diaspor təşkilatlarının, o cümlədən, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının üzvləri ilə də görüşəcəm. Diaspor nümayəndələri ilə Azərbaycan dövlətinin diaspor siyasəti, Fransada yaşayan azərbaycanlıların ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılacaq”.

Milli Məclisin deputatları Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan görkəmli siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun məzarını da ziyarət edəcəklər.

Səfər çərçivəsində Fransanın bəzi media orqanları ilə görüşlər də planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR