Parisdə “Qarabağda sülh: ümid və çağırışlar. Fransanın rolu nədir?” mövzusunda debat keçirilib

Soltan Məmmədov, Parisdə “Qarabağda sülh: ümid və çağırışlar. Fransanın rolu nədir?” mövzusunda debat

© APA | Soltan Məmmədov, Parisdə “Qarabağda sülh: ümid və çağırışlar. Fransanın rolu nədir?” mövzusunda debat

# 10 noyabr 2021 21:29 (UTC +04:00)

Parisdə Azərbaycanın Fransadakı səfirliyi və Azərbaycanın Dostları Assosiasiyasını birgə təşkilatçılığı ilə münaqişədən sonrakı mərhələyə həsr edilmiş “Qarabağda sülh: ümid və çağırışlar. Fransanın rolu nədir?” mövzusunda debat keçirilib.
APA-nın məlumatına görə, tədbirdə Azərbaycanın Qələbəsi ilə başa çatmış Vətən müharibəsindən sonra regionda sülh, təhlükəsizlik və əməkdaşlıq perspektivləri, Fransanın bu istiqamətdə görə biləcəyi işlərə dair fikir mübadiləsi və müzakirələr aparılıb.
Tədbirdə Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov, deputat Eldar Quliyev, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jerom Lamber, eləcə də Fransa Milli Assosiasiyasında Fransa-Azərbaycan dostluq qrupunun üzvləri, digər deputat və senatorlar, KİV rəhbərləri, Fransa Milli Assambleyası administrasiyasının üzvü, mədəniyyət xadimləri iştirak ediblər.
Tədbirin moderatoru, “Conflits” və “Causeur” jurnallarının nəşr direktoru Jil Mihaeli mövzu ilə bağlı məlumat verib.
Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, deputat Jerom Lamber Qarabağ müharibəsinə, Fransa-Azərbaycan münasibətlərinə toxunub. Bildirib ki, Azərbaycanın yaratdığı sülhün davamlı olmasına beynəlxalq ictimaiyyət də töhfə verməlidir. O, bu gün azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıda bilmədiyini, onların erməni minaları ilə üzləşdiklərini xatırladıb: “Biz Azərbaycanın dostlarıyıq, dostu olaraq qalacağıq. Çalışacağıq ki, fransız şirkətləri də azad olunmuş torpaqlarda quruculuq işlərinə töhfə versinlər”.
J. Lamber azərbaycanlı deputatlara ölkəmizin sadiq dostları olduqlarını bildirib, bir il sonra müharibənin başa çatması və yeni mərhələnin başlanması ilə bağlı müzakirələrin təşkilinin əhəmiyyətinə toxunub.
Səfir Rəhman Mustafayev çıxışında münaqişənin həll edildiyini, münaqişədən sonrakı dövrdə bəzi çətinliklərin olduğunu deyərək, məcburi köçkünlərimizin erməni minalarına görə hələ də doğma evlərinə qayıda bilmədiklərini vurğulayıb və münaqişədən sonrakı dövrdə qarşıda duran prioritetlərdən danışıb.
Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov ötən il erməni hərbi təxribatlarına cavab olaraq Ordumuzun əks-hücum əməliyyatına başlamalı olduğunu deyib. Bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz sayəsində ərazi bütövlüyümüz bərpa olunub. Ordumuzun Qələbəsi tarixi ədaləti bərpa edib. Ermənistanın işğal etdiyi ərazilərimizi 30 il ərzində yerlə-yeksan etməsindən, bütün infrastrukturu, evləri dağıtmasından, azad edilmiş ərazilərimizdə dövlətimiz tərəfindən aparılan quruculuq işlərindən danışıb. Bildirib ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində əksini tapıb. Ermənilərin heç bir həyat əlaməti qoymadıqları torpaqlarımızda yenidənqurma işlərinin başladığını nəzərə çatdıran S. Məmmədov Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması, “Araz vadisi iqtisadi zona” Sənaye Parkı, Zəngəzur dəhlizinin təməlinin qoyulması haqqında məlumat verib. Vurğulayıb ki, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə ekspertlər qrupu işğaldan azad edilmiş ərazilərimizdə ermənilər tərəfindən dağıdılan tarixi, dini və mədəniyyət abidələrinin bərpası ilə bağlı işlərə başlayıb. O, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada aparılan bərpa işlərindən danışıb. Deputat regionda sülhün, sabitliyin bərqərar olmasında Fransanın roluna toxunub. O, ermənilərin törətdiyi dağıntıları öz gözləri ilə görmələri üçün fransız deputatları ölkəmizə dəvət edib.
Ağdama, Füzuliyə, eləcə də bir neçə gün əvvəl Şuşaya səfər etmiş fransız deputatlar azad olunmuş ərazilərimizdə işğal illərində ermənilər tərəfindən törədilmiş vəhşiliklərlə bağlı gördüklərini, təəssüratlarını bölüşüblər.
Bildirilib ki, Ermənistan hökuməti, eləcə də digər aidiyyəti ölkələr, xüsusilə də ATƏT-in Minsk qrupuna üzv dövlətlər regionda yaranmış reallığı qəbul etməli və öz fəaliyyətlərini bu reallığa uyğunlaşdırmalıdırlar.
Milli Məclisin deputatı Eldar Quliyev çıxışında Azərbaycan-Fransa münasibətlərindən danışıb, Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin hər iki ölkənin maraqlarına cavab verdiyini vurğulayıb. Deputat Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları Əlimərdan bəy Topçubaşov və Ceyhun Hacıbəylinin Sen Klu şəhər qəbiristanlığında yerləşən məzarlarını ziyarət etdikləri barədə məlumat verərək, Azərbaycan xalqının Şərqdə ilk parlamentli respublika qurduğunu qeyd edib.
Qeyd edək ki, Fransaya səfər çərçivəsində Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri Soltan Məmmədov Fransa Milli Assambleyasında Fransa-Azərbaycan Dostluq qrupunun vitse-prezidenti Jerom Lamber və Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri Alen Uperlə də görüşüb. Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin də iştirak etdiyi görüşdə Milli Məclislə Fransa Milli Assambleyası və Senatı arasında əməkdaşlığın mümkün inkişaf istiqamətləri ilə bağlı müzakirələr aparılıb. Gələcəkdə hər iki ölkənin parlament üzvlərinin qarşılıqlı səfərlərinin təşkili haqqında fikir mübadiləsi olub. Soltan Məmmədov Milli Assambleya və Senat üzvlərinin işğaldan azad olunmuş ərazilərə səfərlərinin təşkil olunmasının bölgədə vəziyyət haqqında tam aydın təsəvvür əldə etmək baxımından vacib olduğunu qeyd edib. Görüş zamanı Fransa Milli Assambleyasında Fransa-Azərbaycan Dostluq qrupunun fəaliyyəti ilə bağlı ideya və təkliflər səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR