Parlamentin komitə sədri: “Ermənilər və təəssübkeşlərinin 25 min insan üçün status istəməsi qeyri-ciddidir”

Parlamentin komitə sədri: “Ermənilər və təəssübkeşlərinin 25 min insan üçün status istəməsi qeyri-ciddidir”

© APA | Ziyafət Əsgərov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri

# 23 iyul 2021 16:39 (UTC +04:00)

“Zəngəzur dəhlizi ilə əlaqədar Rusiya və Azərbaycanın mövqeyinin üst-üstə düşməsi strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyev son müsahibəsində də bildirib ki, Rusiyaya işgüzar səfər zamanı rusiyalı həmkarı Vladimir Putinlə Zəngəzur dəhlizini və postmünaqişə dövrünü müzakirə ediblər, yanaşmalarında fikir ayrılığı yoxdur”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Parlamentin komitə sədri deyib ki, Zəngəzur dəhlizi mütləq açılacaq və Ermənistan bunu nə qədər tez dərk etsə, bir o qədər də xeyrinə olacaq. Onun sözlərinə görə, Prezident İlham Əliyevin qətiyyətli, prinsipial siyasət yürütməsi, əzm və iradə nümayiş etdirməsi, ölçülmüş, düzgün addımlar atması tarixi qələbənin əldə olunmasını şərtləndirib və Ermənistan əvvəlki səhvləri buraxmaması üçün yersiz və qəbuledilməz addımlardan, bəyanatlardan çəkinməlidir: “Bu gün Azərbaycanın dünyanın aparıcı gücləri ilə münasibətləri inkişaf edir, regionda gündəliyi formalaşdırır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycana səfər edib, münasibətlər inkişafdadır. Türkiyə ilə Azərbaycan iyun ayında müttəfiqlik haqqında Bəyannamə imzalayıb, əlaqələr daha da yüksək səviyyəyə qaldırılıb. Digər qonşu ölkələrlə - İran və Gürcüstanla dostluq əlaqələrimiz güclənir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin üzv dövlətlərin xahişi ilə daha bir il uzadılması Vətən müharibəsindən sonra Azərbaycanın nüfuzunun daha da yüksəlməsinin, Azərbaycan Prezidentinin nüfuzu və liderliyinin beynəlxalq səviyyədə qəbul olunmasının bariz nümunəsidir. İslam Əməkdaşlıq Təşkilatı da daim Azərbaycanı dəstəkləyir. Dövlət başçısının qeyd etdiyi kimi, bunun səbəbi bizim düzgün siyasətimiz, dürüstlüyümüz və sözlə imza arasındakı vəhdətdir, bizim daxili gücümüzdür. Çünki bütün tərəfmüqabillər çox yaxşı bilirlər ki, Azərbaycanın çox güclü daxili potensialı var. Biz onu müharibə dövründə, postmüharibə dövründə göstərdik. Bilirlər ki, Azərbaycanda milli həmrəylik var, xalq-iqtidar birliyi var və biz ləyaqətli ölkə kimi bütün tərəfdaşlarla bərabərhüquqlu, dostluq və əməkdaşlıq əsasında münasibətlər qura bilmişik. Bu, Azərbaycanın böyük nailiyyətidir”.

Z. Əsgərov bu aspektdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistana səfəri zamanı “status”, “Dağlıq Qarabağ” sözlərini dilə gətirməməsinə diqqət çəkib. Bu, Avropa İttifaqının 44 günlük müharibədən sonra regionda yaranmış yeni geosiyasi reallığı nəzərə almasını göstərir: “Azərbaycan yeni reallıq yaradıb. Yaranmış yeni reallıq fonunda ermənilərin və onların xaricdəki təəssübkeşlərinin Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə 25 min insan üçün status istəməsi də qeyri-ciddidir”.

Parlamentin komitə sədri Avropa ittifaqının Ermənistana 2,6 milyard avro, Gürcüstana 2,3 milyard avro vəsait ayırmağa hazırlaşması, Azərbaycana isə heç bir vəsait ayırmamasını isə ədalətsiz yanaşma sayır: “Azərbaycanın ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərdə sürətlə bərpa və yenidənqurma işləri apardığı göz önündədir və bu, xalq tərəfindən təqdir edilir. Artıq Ağdam rayonunun baş planı icra olunur, yaxın aylarda Füzuli və Cəbrayıl şəhərlərinin baş planı ictimaiyyətə təqdim ediləcək, ardınca digər rayonların da baş planları hazırlanacaq. Bütün bunlar işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin planlı şəkildə, sürətlə və yüksək standartlara uyğun həyata keçirilməsinin daha bir göstəricisidir. Genişmiqyaslı quruculuq işlərinin aparılmasına, Qarabağ və Şərqi Zəngəzurun sürətlə bərpa edilməsinə baxmayaraq, ölkənin valyuta ehtiyatlarının daha da artması, xaricdən hər hansı kreditin alınması üçün müraciət edilməməsi Azərbaycanın iqtisadi qüdrətinin, aparılan islahatların nəticəsində əldə olunmuş uğurların bariz nümunəsidir. Ancaq Avropa İttifaqı da Ermənistana deyil, müharibədən ən çox əziyyət çəkən ölkə olan Azərbaycana bərpa və quruculuq işlərində dəstək verməlidir”.

Z. Əsgərov torpaqlarımızın işğal altında olduğu dövrdə uzun illər xarici şirkətlərin qanunsuz olaraq qızıl və digər mədənlərimizi istismar etdiklərini də xatırladıb: “Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu, cinayətdir, ya bu şirkətlər Azərbaycana təzminat ödəyəcəklər, ya da bu məsələ hüquqi müstəvidə həll olunacaq. Bu istiqamətdə bütün hazırlıq işləri artıq tamamlanmaq üzrədir, həm Zəngilan, həm də Kəlbəcər rayonlarında xarici şirkətlər tərəfindən qanunsuz istismar edilən qızıl yataqlarımızın bütün təhlili aparılıb, beynəlxalq məsləhətçilər dəvət olunub. Azərbaycan dövlətinin bu şirkətlərin məsuliyyətə cəlb edilməsini təmin edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR