Politoloq: “İranın Azərbaycan sərhədlərindəki təlimləri qeyri-dost addımdır”

Qabil Hüseynli

© APA | Qabil Hüseynli

# 20 sentyabr 2021 18:50 (UTC +04:00)

“Mövcud beynəlxalq təcrübəyə görə, hər hansı ölkə sərhədyanı ərazilərdə hərbi təlimlər keçirməzdən öncə, qonşu dövlətləri Xarici İşlər Nazirliyi vasitəsilə məlumatlandırır. İran da təlimlərlə bağlı Azərbaycanı məlumatlandırıb və bildirilib ki, bu təlimlər Azərbaycana qarşı deyil. Amma İranın təlimləri ilə bağlı suallar var”.

Bunu APA-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Politoloq deyib ki, illərlə Ermənistana nəfəslik rolunu oynayan, Azərbaycan torpaqlarının işğal altında olduğu dönəmdə işğalçı ölkəni hər şeylə, eləcə də hərbi təyinatlı materiallarla təchiz edən İran indi də şantaj və psixoloji təzyiq xarakterli metod seçib: “Bu təlimlərin keçirilməsində məqsəd nədir? İran kimə əzələ nümayiş etdirir? Niyə bu təlimlər məhz indi keçirilir? Bu, Azərbaycan və Türkiyənin birgə keçirdiyi təlimlərə cavabdır, yoxsa Azərbaycanın Gorus-Qafan yoluna nəzarəti gücləndirməsinə əsəbi reaksiyadır? İran Azərbaycan torpaqları işğal altında olan illərdə çox vurğuladığı müsəlman həmrəyliyi, İslam təəssübkeşliyini rəhbər tutaraq bu əzələ nümayişini Ermənistana qarşı niyə etməyib? Yəqin ki, İrandan Azərbaycanın işğal altında olan ərazilərindən gedən narkotrafik maraqları buna mane olub. Görəsən, bu təlimlər Ermənistanla sərhədi niyə əhatə etmir? Yoxsa İranda Ermənistana xüsusi rəğbəti ilə seçilən hakimiyyət dairələri buna imkan vermir? Bu təlimlər qeyri-dost addımdır, burada heç bir xoş niyyətdən söhbət gedə bilməz. Təlimlərin Azərbaycan sərhədlərində keçirilməsi belə düşünməyə əsas verir ki, bu təlimlər Azərbaycana qarşıdır”.

Q. Hüseynli qeyd edib ki, İran həqiqətən özünü bu bölgədə “qoluzorlu dövlət” hesab edirsə, çox ciddi şəkildə yanılır: “İran bütün dünyadan təcrid edilmiş vəziyyətdədir, onun başı üzərindəki qara buludlar hər gün bir az da qatılaşmaqdadır. Məsələ Tehranın küçələrində “İsrail ölüm!”, “ABŞ-a ölüm!” deməklə bitmir. Bu sözləri deyən adamlar həm də dünya qarşısında bir hesabat vermək məqamının da gələcəyini düşünməlidirlər. İndi Azərbaycanla sərhədlərdə əzələ nümayiş etdirmək onsuz da heç kimin işinə yaramayacaq. Biz qonşumuzla ərazi bütövlüyünə hörmət, mehriban münasibətlərin bərqərar olmasını istəyirik. Biz İrana səmimi münasibət bəsləyirik, amma İrandan heç vaxt səmimi münasibət görmürük. Özünü İslam aləminin lideri kimi qələmə verən İran bu gün xristian dünyasının ən amansız dairələrindən olan Erməni Qriqoryan Kilsəsi ilə qol-qola gəzirsə, Azərbaycan torpaqlarını işğal edərək etnik təmizləmə aparan, 1 milyona qədər insanı torpaqlarından çıxaran, Xocalı, Qaradağlı, Bağanis-Ayrım kimi soyqırımları törədən Ermənistana gözün üstə qaşın var deməyibsə, demək istəməyibsə, həm işğal dövründə, həm də indi Ermənistana hər cür yardım göstərirsə, İran hansı İslama xidmətdən, İslam dəyərlərindən söz aça bilər? Bu gün İranda dini-teokratik rejim mövcuddur, amma bu, fars millətçiliyini özündə ehtiva edən, İslam dəyərləri ilə cüzi miqdarda süslənmiş bir rejimdir. Əgər bu rejim özünü şiə dünyasının lideri hesab edirsə, onda Azərbaycandakı şiə qardaşlarının, üstəlik də öz ölkəsində 2,5 dəfə çox olan azərbaycanlıları görmürsə, İranın İslama səmimiyyətindən, İslam inancına hörmətindən danışmaq mümkün deyil. İran bilməlidir ki, Azərbaycan və o taydakı soydaşlarımız ayağa qalxsa, bu teokratik rejimin axırı necə olacaq, onu bir Allah bilir”.

Politoloq İranın Azərbaycan sərhədlərində əzələ nümayiş etdirməsinə heç bir ehtiyac olmadığını vurğulayıb: “Biz lazım gəlsə, o əzələni İrana nümayiş etdirərik. Ermənilərə dərs vermişik, amma sizə yalnız sözümüz vasitəsilə, aparacağımız təbliğatla cavab verə bilərik. İran bu məsələlərə son qoymalı, Ermənistana yardımı dayandırmalı, səmimi islami dəyərlər mövqeyində dayanmalıdır. Başqa cür olacaqsa, Azərbaycan da bunun üçün lazım olan cavab tədbirlərini görəcək. Bir daha vurğulayıram ki, Azərbaycan dövləti yaxın qonşuları, o cümlədən İranla xoş münasibətlərin tərəfdarıdır. Amma İran özü problemlər yaratmaq istəyirsə, ciddi surətdə yanılır. Çünki çox çəkməz ki, İrana qarşı beynəlxalq koalisiyanın, onu təcrid vəziyyətinə gətirmiş, sanksiyalarla boğazını üzən beynəlxalq güclərin təzyiqinə məruz qalanda bəlkə də İranı müdafiə edən birinci dövlət Azərbaycan olacaq. Amma İran bunun üçün üz yeri, Azərbaycan xalqı ilə barışığa yer qoymalıdır. Reallıqları görməli, reallıqlarla barışmalı, haqq yoluna qayıtmalıdırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR