Qazaxıstan Parlament Məclisinin sədri: "Azərbaycan və Qazaxıstan strateji müttəfiqdirlər"

Milli Məclisin sədri Sahibə Qafarova, Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşımbayevlə görüş

© APA | Milli Məclisin sədri Sahibə Qafarova, Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşımbayevlə görüş

# 29 sentyabr 2021 17:49 (UTC +04:00)

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana rəsmi səfəri çərçivəsində sentyabrın 29-da Qazaxıstan Parlament Məclisinin sədri Nurlan Niqmatulinlə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Qazaxıstan Parlament Məclisinin sədri ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiyini bildirib.
Nurlan Niqmatulin Azərbaycanı Vətən müharibəsində qazandığı qələbə münasibətilə təbrik edib və ölkəmizə uğurlar arzulayıb. Bildirib ki, müharibədən sonra regionda yaranmış yeni situasiya iqtisadi inkişafa öz təsirini göstərəcək, nəqliyyat və kommunikasiyaların bərpa olunması bölgə dövlətlərinin və xalqlarının xeyrinə olacaq.
İki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini deyən Nurlan Niqmatulin ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığını yüksək qiymətləndirib. Spiker Azərbaycanın TÜRK PA -ya sədrliyi dövründə görülən işlərdən danışıb və Qazaxıstanın sədrliyi dövründə iki ölkə arasında əməkdaşlığın daha da güclənəcəyinə inamını ifadə edib. Ölkələrimizin strateji müttəfiq olduğunu qeyd edən Nurlan Niqmatulin siyasi, iqtisadi, mədəni, humanitar və parlamentlərarası əlaqələrimizin daha yüksək səviyyəyə çatacağına əminliyini bildirib.
Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan və Qazaxıstan arasında münasibətlər çoxəsrlik tarixə malikdir. Milli Məclisin sədri Türküstan şəhərində TÜRKPA-nın 10-cu plenar iclasında Azərbaycanın 27 sentyabr – Anım Gününün yad edilməsinə və bu təşəbbüslə çıxış etdiyinə görə qazaxıstanlı həmkarına təşəkkürünü bildirib.
Milli Məclis sədri iki ölkənin parlamentləri arasındakı əlaqələrdən danışıb. Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə haqqında qazaxıstanlı həmkarına məlumat verib.
Sonra Milli Məclisin sədri bildirib ki, qarşıdan Xocalı soyqırımının 30 illiyi gəlir. Spiker bu faciə barədə ətraflı məlumat verərək diqqətə çatdırıb ki, dünyanın bir çox ölkələrinin parlamentləri bu faciəni soyqırım kimi tanımışlar: "İstərdik ki, Qazaxıstan parlamenti də insanlığa qarşı böyük cinayət olan bu faciəyə öz münasibətini bildirsin".
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Milli Məclisin sədri qazaxıstanlı həmkarına “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab hədiyyə edib.
Milli Məclisin sədri Sahibə Qafarova həmçinin, Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşımbayev ilə də görüşüb.
Azərbaycanı və Qazaxıstanı birləşdirən ortaq dəyərlərdən danışan Senatın sədri qarşılıqlı əlaqələri genişləndirmək üçün böyük potensialın olduğunu deyib, əməkdaşlığın intensivləşdirilməsinin vacibliyindən danışıb. O, Azərbaycanın TÜRK PA çərçivəsində əməkdaşlığa verdiyi töhfələri yüksək qiymətləndirib.
Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə haqqında məlumat verib və qeyd edib ki, Ermənistan işğal dövründə şəhər və kəndlərimizi vəhşicəsinə dağıdıb və talan edib: “Bugünlərdə ölkəmizdə səfərdə olan Qazaxıstan parlament nümayəndə heyətinin üzvləri həmin ərazilərə gedərək reallıqla tanış oldular”.
Sonra Milli Məclisin Qazaxıstan parlamentinin də Xocalı soyqırımına münasibət bildirməsini istəyib.
Görüşdə digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova və nümayəndə heyətinin üzvləri Nursultandakı “Astana-Bayterek” abidəsini ziyarət ediblər. Burada nümayəndə heyətimizin üzvlərinə abidə haqqında geniş məlumat verilib.
Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygul Kuspan nümayəndə heyətini müşayiət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR