Qlobal Bakı Forumu çərçivəsində Şərq Tərəfdaşlığı Proqramının perspektivləri müzakirə olunub

Qlobal Bakı Forumu çərçivəsində Şərq Tərəfdaşlığı Proqramının perspektivləri müzakirə olunub
# 06 noyabr 2021 13:58 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumu çərçivəsində bu gün “Şərq Tərəfdaşlığı Proqramı: potensialı nədir?” mövzusunda panel keçirilib.

APA-nın məlumatına görə, panelin moderatoru, Gürcüstanın keçmiş Baş nazirinin müavini Eka Tkeşelaşvili deyib ki, Şərq Tərəfdaşlığı proqramının məqsədi ölkələrə Avropa İttifaqına (Aİ) inteqrasiya üçün kömək etməkdir”.

Rumıniyanın keçmiş Baş nazirinin müavini (2018-2019-cu illər) Ana Birçall qeyd edib ki, Avropa İttifaqının bu il dekabrın 15 keçirəcəyi sammitdə Aİ-nin gələcəyi, Şərq Tərəfdaşlığı müzakirə olunmalıdır: “Şərq Tərəfdaşlığına daxil olan ölkələrin Avropa İttifaqına üzvlüyü xəyal olmamalıdır, bu, sammitin Bəyannaməsində də əksini tapmalıdır. Şərq Tərəfdaşlığı ölkələri Avropa İttifaqının tərəfdaşlarıdır. Avropa İttifaqının qonşuluğunda sülh olmazsa, münaqişələr olarsa, bu, Avropa İttifaqı üçün də problem deməkdir”.

Sözü Ukraynanın keçmiş Prezidenti (2005-2010-cu illər) Viktor Yuşşenkoya verən Gürcüstanın keçmiş Baş nazirinin müavini Eka Tkeşelaşvili Ukraynanın Avropa İttifaqına üzvlüyünün nə dərəcə real olması ilə maraqlanıb.

Viktor Yuşşenko 2014-cü ildə inqilab zamanı Kiyev küçələrində Avropa İttifaqı bayraqlarının dalğalandığını xatırladıb: “Ukraynada bəzi siyasi liderlər Ukraynanın yenidən Rusiyanın təsiri altına qayıtmasını istəyirdi. Avropa İttifaqına inteqrasiyaya zidd addımlar atılacaqsa, biz buna qarşı çıxmağa hazır idik. Ukrayna çoxsaylı çağırışla qarşılaşıb. Ukraynanın Rusiya ilə böyük sərhədləri var. Rusiya ölkə olaraq 21-ci əsrdə yox, 19-cu əsr dövlətinin feodal dəyərləri ilə yaşayır. Təəssüflər olsun ki, Avropada siyasətçilər ölkələrində vəzifələrini başa vurduqdan sonra Rusiyanın “Qazprom” şirkətində vəzifə alırlar. Rusiyaya qarşı təsirli addımlar atılmır. Rusiya Krıma, Donbasa təcavüz edəndə Avropadan reaksiya doğurmadı. Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinə münasibəti aydın deyil. Gürcülər, moldovanlar, ukraynalılar Avropa İttifaqına üzvlüyü dəstəkləyir. Ancaq Ukrayna Avropa İttifaqından hansı güzəştlər alıb?”

Viktor Yuşşenko postsovet ölkələrində qondarma separatçı rejimlərin milyard dollarlarla dəyəri olan texnika və silahların necə peyda olmasının da bir sual olduğunu vurğulayıb.

Belarusun Şərq Tərəfdaşlığı Proqramından çıxdığını xatırladan Latviyanın keçmiş Prezidenti (2007-2011-ci illər) Valdis Zatlers Şərq Tərəfdaşlığı Proqramı ilə bağlı nikbin olduğunu vurğulayıb: “Belarus başqa yol seçib, biz də buna hörmətlə yanaşmalıyıq”.

Eka Tkeşelaşvili isə Belarus xalqının Avropanın bir hissəsi olduğunu, belarusların özünü avropalı hesab etdiklərini söyləyib.

Sözü Moldovanın keçmiş Prezidenti (1997-2001-ci illər) Petru Lucinsçiyə verən moderator Rusiyanın qaz məsələsindən Moldovanı Avropaya inteqrasiyadan yayındırmaq üçün istifadə etdiyini bildirib və bunun müqabilində Moldovanın nə edə biləcəyini soruşub.

P. Lucinsçi Şərq Tərəfdaşlığı Proqramını dəstəklədiyini nəzərə çatdırıb: “Hər bir dövlətin özünəməxsus xüsusiyyətləri var. Bizə deyirdilər ki, siz Avropa Şurasına üzv olmalısınız. Bu, bizə nə verdi? Biz demokratik, çoxpartiyalı ölkəyik. Şərq Tərəfdaşlığı Proqramına 6 ölkə daxil ediləndə insanlarımız düşündü ki, Avropa İttifaqına daxil olmaq üçün dəvət verilib. Bu, baş vermədi, ehtimallarımız özünü doğrultmadı. İnsanlar artıq inanmırlar, cəmiyyət iki yerə parçalanıb. Bir hissəsi gələcəyi Avropa İttifaqında, bir hissə isə Rusiyada görür. Avropa İttifaqına üzvlük üçün bir çox ziddiyyətli tələblər də var”.

Ana Birçall isə Rumıniya və Moldova arasında strateji tərəfdaşlıq mövcud olduğunu vurğulayıb: “Moldova xalqı Avropa İttifaqına inteqrasiya etmək istəyir. Enerjiyə gəlincə, mən baş nazirin müavini olduğum dövrdə Rumıniya enerji təhlükəsizliyi ilə bağlı Moldovaya yardım etməyə çalışırdı”.

Eka Tkeşelaşvili bildirib ki, Rusiya bir vaxtlar Gürcüstana da qaz təchizatını dayandırmışdı: “Biz donacaqdıq. Ancaq Azərbaycan kimi strateji tərəfdaşımız vardı və biz bu problemlə üzləşmədik”.

Panel müzakirələrlə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR