Rezident nümayəndə: “İqlim dəyişikliyi, onun təsirlərini aradan qaldırmaq üçün Azərbaycan hökuməti ilə işləyirik”

Alessandro Frakassetti

© APA | Alessandro Frakassetti

# 02 iyul 2021 13:55 (UTC +04:00)

“Artıq beş ildir Azərbaycandayam. Əminliklə deyə bilərəm ki, bu illər ərzində inkişafın, tərəqqinin şahidiyəm. Daha çox insanın biznes qurmaq üçün istəkli olmasını, yeni təşəbbüslərlə çıxış etməsini gördüm. Həmçinin ölkə səlahiyyətlilərinin bu sahəyə artan dəstəyinin şahidi oldum. Belə layihələr o zaman uğurlu olur ki, rəhbərlik də onu dəstəkləyir. Biz işlədiyimiz yerlərdə bu dəstəyi gördük”.

APA-nın məlumatına görə, bunu BMT İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti deyib.

A. Frakassetti BMT İP-nin yeni inkişaf proqramının 2021-ci ilin əvvəlində qəbul olunduğunu bildirib: “Bu proqram BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında təsdiqlənib və Azərbaycan hökuməti ilə razılaşdırılıb. Bu proqram bütün Azərbaycan ərazilərini əhatə edir. Biz ölkələrin milli prioritetlərinə uyğun şəkildə işləyirik və ölkənin bütün ərazilərində ehtiyac olan dəstəyi veririk”.

İnklüziv və dayanıqlı inkişafı dəstəklədiklərini qeyd edən Frakassetti təlimlər vasitəsilə bacarıqların artırılması, iş yerlərinin yaradılmasının diqqət mərkəzində olduğunu vurğulayıb: “Biz spesifik qrupları, qadınları dəstəkləyirik. Azərbaycanda qadınlar üçün 9 resurs mərkəzimiz var. Bu yaxınlarda Ağcabədi, Füzuli və Tərtərdə icma resurs mərkəzləri açdıq. Sosial, hüquqi dəstək xidmətləri təklif edirik. Azərbaycan hökumətinin peşə təhsili ilə bağlı strategiyasını Aİ ilə birgə dəstəkləyirik. Çalışırıq ki, Azərbaycanın peşə məktəblərində şagirdlər əmək bazarında lazım olan bacarıqları öyrənsinlər.

İqlim dəyişikliyi, onun təsirlərini aradan qaldırmaq üçün Azərbaycan hökuməti ilə işləyirik. Azərbaycanda 15 dövlət agentliyi və nazirliklərlə tərəfdaşlıq edirik. Həmçinin, digər beynəlxalq qurumlarla, ölkələrlə əməkdaşlıq edirik və bütün bunların hamısı Azərbaycanda sosial-iqtisadi inkişafa dəstək verir.

BMTİP-in dəstəklədiyi, reallaşdırdığı layihələrin nəticələrinin davamlılığı ilə bağlı APA-nın sualını cavablandıran A. Frakassetti deyib ki, regionların inkişafı, kiçik ailə bizneslərinin dəstəklənməsi ilə bağlı layihələrdə beynəlxalq qurumların edə biləcəyi əsas iş ilkin maliyyə dəstəyinin verilməsi, təlimlərin keçirilməsi, biznesə başlayanlar üçün tərəfdaşların tapılmasıdır: "Dəstək alan bu ailələr milli institutlarla razılaşma imzalayıblar. Həmçinin biz bu ailələrə dəstək verilməsi üçün yerli orqanlar, səlahiyyətlilərlə işləyirik.

Beynəlxalq təşkilat olaraq biz ilkin dəstəyin göstərilməsinə çalışırıq. Artıq bu kiçik biznes sahibləri təlimlərdə iştirak edib, bilik və bacarıqlar qazanıblar, onlara maliyyə dəstəyi göstərilib, eləcə də tərəfdaşlarla əlaqə yaradıblar. Bu kimi layihələrin uğurunu davam etdirmək və dayanıqlılığını təmin etmək məqsədilə kiçik biznes sahiblərinə gələcəkdə də dəstək göstərilməsi vacibdir. Bütün təşəbbüslərimizdə bizim üçün dayanıqlılıq önəmlidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR