Rusiya Soçi görüşündə Bakı ilə İrəvanın münasibətlərinin normallaşacağına ümidlidir - VİDEO

Prezident İlham Əliyev, Vladimir Putin, Nikol Paşinyan

© APA | Prezident İlham Əliyev, Vladimir Putin, Nikol Paşinyan

# 26 noyabr 2021 15:16 (UTC +04:00)

Rusiya liderlərin Soçi görüşündə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün perspektivli istiqamətlərin müəyyən olunacağına ümid edir.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Bizim gözləntilərimiz bu iki ölkədə, Rusiyada yaşayan bütün insanlar kimi, Cənubi Qafqaz regionunda çoxdan gözlənilən sülh və sabitliyin daha tez gəlməsinə bağlıdır. Görüş bütövlükdə 9 noyabr (10 noyabr-red.) 2020-ci il tarixində üçtərəfli atəşkəs bəyanatının imzalanmasından sonra ötən ilin müəyyən nəticələrinə yekun vurmaq, sülh prosesinin irəliləməsi üçün nələrin edildiyini və bundan sonra nələrin edilə biləcəyini görmək məqsədi daşıyır. Bütövlükdə ölkələr arasında normallaşma prosesini necə irəlilətmək olar? Ümid edirik ki, görüşdə bəyanatı imzalayan üç ölkənin liderləri bu perspektivli istiqamətləri açıqlayacaqlar”, - rusiyalı diplomat vurğulayıb.

A. Rudenko əlavə edib ki, Dağlıq Qarabağ regionunda nizamlanma prosesində hələ də hamıya məlum olan problemlər var: “Bunlar həm nəqliyyat kommunikasiyalarının bloklanmasına, həm də Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına aiddir. Burada təəssüf ki, biz zaman-zaman müəyyən silahlı insidentlərin şahidi oluruq, hətta insanlar ölür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR