Rusiyalı ekspert: “Ermənistanın inkişaf etmiş demokratiyaya malik ölkələr sırasında yer alması təəccüb doğurur”

Vitali Arkov

© APA | Vitali Arkov

# 24 noyabr 2021 10:38 (UTC +04:00)

“Amerika Birləşmiş Ştatları tərəfindən çağırılan “Demokratiya uğrunda sammit”də iştirak edəcək ölkələrin siyahısı bir çox beynəlxalq strukturlarda dominant mövqeyini itirdiyini dərk edən Vaşinqtonun yeni strukturlar formalaşdırmağa başlaması ilə bağlı bəzi dünya siyasətçilərinin və ekspertlərinin proqnozlarını təsdiqləmiş oldu. ABŞ dominant mövqeyini itirmiş strukturlara alternativ və yenidən tamamilə öz nəzarətində olan strukturlar formalaşdırmağa başlayıb”.

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında rusiyalı siyasi ekspert Vitali Arkov bildirib.

Onun sözlərinə görə, daha əvvəl meydana gələn AUKUS da (Avstraliya, Böyük Britaniya və ABŞ təhlükəsizlik paktı - red.) bu prosesin tərkib hissəsidir: “İndi növbə “Demokratiya uğrunda sammit”dədir, ondan sonra gözlənildiyi kimi, BMT-yə alternativ strukturun yaradılması elan ediləcək”.

Rusiyalı ekspert “Demokratiya uğrunda sammit”in iştirakçılarının siyahısından da danışıb: “Siyahıda Afrika qitəsində demokratiyanın az qala söyüş olduğu, hərbi çevrilişlərin məhsul yığımından daha çox baş verdiyi xeyli sayda dövlətə rast gəlinir. 2018-ci ilin yazında Nikol Paşinyanın hakimiyyəti ələ keçirdiyi Ermənistanın inkişaf etmiş demokratiyaya malik ölkələr sırasında yer alması da təəccüb doğurur. Paşinyanın dövründə keçirilən bütün seçkilər heç bir tənqidə tab gətirməyib. Ölkədə keçmiş prezidentlərin və digər müxalif siyasətçilərin cinayət təqibi gizlədilmir. Sammitə dəvət olunan ölkələr Gürcüstanda keçmiş prezident Saakaşvilinin həbsxanada aclıq elan etməsinə görə indiki rəhbərliyi birmənalı başa düşməyəcəklər. Nəzərinizə çatdırım ki, həmin Co Bayden Administrasiyasının nümayəndələri Saakaşvilinin azad olunmasını tələb edir. “Demokratiya ABŞ-ın Demokrat Partiyasının diktaturasıdır” zarafatını xatırlamamaq mümkün deyil. ABŞ-ın keçmiş Prezidenti Donald Trampa və respublikaçılara qarşı bu günə qədər müşahidə olunan repressiyalar Ağ Evin yeni sahibi Co Baydenin və komandasının yeni versiya demokratiya anlayışını aydın göstərdi. Belə çıxır ki, “Demokratiya uğrunda sammit”ə dəvət olunan ölkələr ABŞ-ın “demokratik dəyərləri”ni bölüşən ölkələrdir. Klassik demokratiya tərəfdarı olan ölkələr isə dəvətə layiq görülməyib”.

Qeyd edək ki, C. Baydenin təşəbbüsü ilə dekabrın 9-10-da “Demokratiya uğrunda sammit” keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR