Rusiyalı politoloq: “Həqiqəti göstərmək istəyən jurnalistlərin həlak olması dəhşətlidir”

Aleksey Naumov

© APA | Aleksey Naumov

# 08 iyun 2021 11:38 (UTC +04:00)

“Cənubi Qafqazda baş verən son hadisələr dünya ictimaiyyətinin bu regiona yaxından diqqət göstərməsinin lazım olduğunu göstərir. Azərbaycanın öz torpaqlarını qaytarması ilə tarixin bitdiyini düşünmək olmaz. Aydındır ki, bir çox dövlətlərin diplomatik səyləri tələb olunur. Dövlətlərarası təşkilatların, o cümlədən Minsk Qrupunun işə başlaması yaxşı olardı”.

Bunu APA-nın Moskva müxbirinə Rusiyanın “Kommersant” qəzetinin şərhçisi, politoloq Aleksey Naumov deyib.

Kəlbəcər rayonunda azərbaycanlı jurnalistlərin ermənilərin basdırdığı minaya düşərək həlak olmasına münasibət bildirən rusiyalı siyasi ekspert media nümayəndələrinin həlak olmasını dəhşətli hadisə adlandırıb: “Həqiqəti göstərmək, obyektiv informasiyanı çatdırmaq istəyən jurnalistlərin həlak olması hər zaman dəhşətlidir. Ermənistan ya minalanmış ərazilərin xəritələrinin olmadığını etiraf etməlidir, ya da bu vəziyyəti düzəltmək üçün konstruktiv işə başlamalıdır. İctimaiyyətin, dövlətlərin və dövlətlərarası təşkilatların diqqətini buna pərçimləmək lazımdır. Dünya xəritəsində Cənubi Qafqaz yarasının qanının axmağa davam etdiyini unutmağa imkan verilməməlidir”.

A. Naumov müəyyən vaxtdan sonra regionun yenidən çiçəklənəcəyinə ümid etdiyini söyləyib: “İstərdim ki, Qarabağ müharibə, dağıntılar və problemlər deyil, yenidən dağ bülbülləri diyarı olsun”.

10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının gedişatına toxunan rusiyalı ekspert siyasi nizamlanmanın hər zaman iqtisadi əməkdaşlıqla sıx bağlı olduğunu qeyd edib: “İqtisadiyyat bu gün Qafqazda sülhü bərpa edə biləcək əsas komponentdir. İqtisadi əməkdaşlığı təşviq etmək lazımdır. Bəzən tərəflərdən birinin siyasətçiləri bunu tormozlayırsa, xarici oyunçular, məsələn Rusiya tərəfdaşlarına təsir edə bilər. Çünki iqtisadi əməkdaşlıq hər kəs üçün faydalıdır. Cənubi Qafqazdakı iqtisadi əlaqələrin bərpası Ermənistana, Azərbaycana, Rusiyaya və eləcə də bütün xarici oyunçulara sərfəlidir. İndiki vaxtda əldə olunan sülhə qarşı ən qorxunc sabotaj məhz iqtisadi inteqrasiya təxribatıdır. Ona görə ki, iqtisadi inteqrasiya hər zaman xalqları barışmağa, ölkələri sülhə gəlməyə məcbur edir. Cənubi Qafqazda sülhün bərqərar olması sülhə əsaslanır və bu, bir çox cəhətdən Rusiya üçün də sərfəlidir. Ümid edirəm ki, Rusiya iqtisadi sülhə ehtiyac duyan ölkənin buna məcbur olunmasında iştirak edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR