Sahibə Qafarova Polşa səfiri ilə görüşüb

Sahibə Qafarova Polşa səfiri ilə görüşüb
# 05 oktyabr 2021 17:35 (UTC +04:00)

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafal Poborskini qəbul edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, spiker Polşanın Azərbaycan üçün dost ölkə olduğunu bildirərək, iki ölkə arasında siyasi sahədə olduğu kimi, iqtisadi və humanitar sahələrdə də geniş əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edib.
S. Qafarova ölkələrimiz və xalqlarımız arasında münasibətlərin dərinləşməsində dövlət başçıları və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin, tərəflər arasında imzalanan sənədlərin əhəmiyyətini vurğulayıb. Milli Məclisin sədri ötən ay Polşa Senatının sədri Tomas Qrodzki ilə Avstriyanın paytaxtı Vyanada keçirdiyi görüşü xatırlayaraq, görüşdə bir çox məsələlər ətrafında müzakirələr aparıldığını bildirib. Qanunverici orqanlar arasında münasibətlərin mövcud səviyyəsindən danışan Milli Məclisin sədri dostluq qruplarının uğurlu fəaliyyətinin, qarşılıqlı səfərlərin və təmasların əhəmiyyətini qeyd edib.
Görüşdə 44 günlük Vətən müharibəsindən və ötən ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanatdan sonra bölgədə yaranmış yeni reallıqlardan söz açan Sahibə Qafarova diqqətə çatdırıb ki, 2020-ci ildə Azərbaycan öz gücü hesabına torpaqlarını Ermənistanın işğalından azad edərək ərazi bütövlüyünü bərpa edib. Azərbaycan bölgədə daimi sülhün və sabitliyin təmin edilməsində maraqlı olduğunu bildirən Milli Məclisin sədri Ermənistanın hələ də təxribatlarını davam etdirdiyini və sabitliyə mane olduğunu nəzərə çatdırıb, işğalçı ölkə tərəfindən törədilən təxribatlar haqqında məlumat verib.
Rafal Poborski isə ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib. O deyib ki, Azərbaycan və Polşa arasında bir çox sahələri əhatə edən əlaqələr möhkəm əsaslara malikdir. Siyasi sahədə mövcud olan müsbət dialoqun iqtisadi, humanitar sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını söyləyən Rafal Poborski ölkəmizdə diplomatik fəaliyyəti dövründə dost ölkələrimiz arasında münasibətlərin daha da inkişafına töhfə vermək üçün çalışacağını bildirib.
Səfir qanunverici orqanlar arasında əməkdaşlığın dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynadığını qeyd edərək, bu əlaqələrin uğurlu inkişaf yolu keçdiyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR