Səfir: "Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən vacib ticarət tərəfdaşıdır"

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq

© APA | Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq

# 02 oktyabr 2021 15:11 (UTC +04:00)

"Əfqanıstandan təxliyə uçuşlarının həlledici günlərində Azərbaycanın Almaniyanın hərbi uçuşlarına göstərdiyi böyük dəstəyi heç vaxt unutmayacağıq".

APA-nın xəbərinə görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Alman Birliyi Günü ilə bağlı müraciətində deyib.

Səfir bildirib ki, növbəti il Azərbaycan və Almaniya arasında diplomatik əlaqələrin yaranmasından 30 il ötür. Azərbaycan müstəqillik qazandıqdan sonra almanlar və azərbaycanlılar uzun tarixi əlaqələrini rəsmiləşdirmək fürsəti əldə ediblər. "30 il əvvəl,1992 -ci il fevralın 20-də Almaniya Federativ Respublikası və Azərbaycan Respublikası qarşılıqlı diplomatik əlaqələr qurmaq barədə razılığa gəldilər.

Hər iki ölkənin taleyində ortaq məqamlar var. Avropanı qırx ildən artıq bir müddətdə parçalayan dəmir pərdə nəhayət düşdüı. Gələcəkdə hər iki ölkə müttəfiqlik edəcək ittifaqları, öz müttəfiqlərini sərbəst və tam suveren şəkildə seçdi. Almaniya və Azərbaycan Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramındadırlar. Hər iki ölkə Avropa Şurasının üzvüdür. Təhlükəsizlik siyasəti çərçivəsində NATO -nun “Sülh naminə ortaqlığı”nda əməkdaşlıq edirik. Bir neçə həftə əvvəl Əfqanıstandan təxliyə uçuşlarının həlledici günlərində Azərbaycanın Almaniyanın hərbi uçuşlarına göstərdiyi böyük dəstəyi heç vaxt unutmayacağıq.

Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən vacib ticarət tərəfdaşıdır. Gələcəkdə də, bərpa olunan enerji mənbələri əhəmiyyət qazandıqca, ölkələrimiz dayanıqlı enerji siyasəti üçün sıx əməkdaşlıq edəcək", -deyə diplomat bildirib.

O vurğulayıb ki, Azərbaycan və Almaniya arasındakı əlaqələrin dərin kökləri var. "200 il əvvəl indiki Göygöl və Şəmkir bölgəsinə gələn almanlar Azərbaycanda almanların davamlı varlığının əsasını qoydular. Azərbaycanın bu alman mədəni irsini qorumaq səylərini çox yüksək qiymətləndiririk. Bu irsin davamı olaraq bu gün 50 mindən çox azərbaycanlının alman dilini öyrəndiyini görmək məni çox sevindirir. Almaniya universitetləri gənc azərbaycanlılar arasında yüksək nüfuza malikdir. Azərbaycana səfər edən və buradakı insanlarla tanış olan almanlar da böyük minnətdarlıqlarını ifadə edirlər. Bir neçə həftə əvvəl Almaniyadan 15 DAAD təqaüdçüsü Azərbaycanda keçirilən yay məktəbində iştirak etdi. Hamısı, gözlədiklərindən çox böyük təəssürat əldə etdiklərini, Azərbaycan, buranın insanları, Bakı şəhəri haqqında yekdilliklə çox müsbət fikirlərini ifadə etdilər", o qeyd edib.

Səfir Maniq bildirib ki, son bir ildə həm Almaniyada, həm də Azərbaycanda əhəmiyyətli hadisələr baş verib.

"Bu yaxınlarda Almaniya Federativ Respublikasında Almaniya Bundestaqına seçkilər keçirildi. Yeni hökumət başçısının kim olacağını hələ bilmirik. Federal Prezident Frank Valter Şteynmeyerə istinad edərək sizi əmin edə bilərəm ki, Almaniyanın xarici siyasəti bundan sonra da çoxtərəflilik, demokratikləşmə və insan haqları üzərində dayanacaq. Biz qayda- qanunlara əsaslanan dünya nizamı üzərində əməkdaşlığa davam edəcək və bunu təmin edən qurumlara, məsələn, Birləşmiş Millətlər Təşkilatı, ATƏT və Avropa Şurasına etibar edəcəyik".

Son bir ildə Azərbaycandakı dəyişikliklərlə bağlı səfir Maniq deyib ki, ötən ilin noyabrın 10-da Azərbaycan üçtərəfli saziş imzalayıb. "Biz hərbi əməliyyatların bitməsini alqışlayırıq. Sənəddə əks olunan qarşılıqlı öhdəliklər də vacibdir: işğal olunmuş ərazilərin qaytarılması, bütün köçkünlərin geri qayıtması və əlaqələrin yenidən qurulması. Üçtərəfli işçi qruplarının yaradılmasının razılaşdırıldığı 2021-ci il 11 yanvar bəyannaməsi bir araya gəlmək və etimad tədbirləri haqqında fikir mübadiləsi aparmaq imkanı təqdim edir.

Almaniya barışıq istiqamətində bütün addımları dəstəkləmək öhdəliyini davam etdirəcək. Bizim tariximiz göstərir ki, bunun üçün zaman və güvən lazımdır. Hər bir tərəfin öz pis davranış və əməllərini vicdanla təhlil etməsi, Cənubi Qafqazdakı bütün insanların gələcəkdə faydalanacağı bir perspektiv təqdim edə bilər", -deyə alman diplomat əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR