Səfir: “Digər Britaniya şirkətlərinin də Azərbaycanın geri qaytarılmış ərazilərində fəaliyyətə cəlb olunmasını gözləyirik” - MÜSAHİBƏ

Səfir Ceyms Şarp

© APA | Səfir Ceyms Şarp

# 01 iyul 2021 11:41 (UTC +04:00)

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarpın (James Sharp) APA-ya müsahibəsi

- Bu yaxınlarda Britaniyanın İxracat naziri cənab Qraham Styuart Azərbaycana səfər etdi. Səfər barədə fikirlərinizi bilmək istərdik...

- Bu, çox əla bir səfər idi. Nazirin səfərinin əsas məqsədi Birgə Hökumətlərarası Komissiya kimi tanınan yüksək səviyyəli ticarət-iqtisadi dialoqumuzun keçirilməsiydi. Britaniya Azərbaycanın neft və qaz sektorunda əsas sərmayəçi kimi tanınsa da, biz bu səfəri və onun çərçivəsində keçirilən görüşləri Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsini dəstəkləmək üçün qeyri-neft iqtisadiyyatı ətrafında hazırladıq. Beləliklə, nazirin səfəri zamanı bərpa olunan enerji, təhsil və rəqəmsal hökumət kimi sahələrdə əməkdaşlığı gücləndirmək üçün bir sıra müqavilələr imzalandı, dialoqumuz, həmçinin, səhiyyə, maliyyə xidmətləri, yaradıcı sənaye və İKT sahələrini də əhatə edirdi.

Müzakirələrdən aydın oldu ki, ikitərəfli ticarət əlaqələrimizin daha da genişləndirilməsi üçün hər iki tərəfdə böyük maraq var. Nazir səfər zamanı ikitərəfli ticarət və sərmayələri dəstəkləmək və artırmaq məqsədilə yeni yaradılmış Britaniya Ticarət və Sənaye Palatasının açılışında iştirak etdi. Beləliklə, düşünürük ki, nazirin səfəri dünya iqtisadiyyatı neft və qazdan uzaqlaşdıqca daha geniş ticarət əlaqələri qurmaq üçün əla bir platforma yaratdı. Onu da əlavə etməliyəm ki, nazir Styuart işgüzar görüşləri ilə yanaşı, İçərişəhər, Atəşgah və Qala Qoruğunu gəzərək Azərbaycanın irsi və mədəniyyəti haqqında daha çox məlumat əldə etməkdən çox məmnun oldu. Həm də bulvarda velosiped gəzintisinə çıxaraq bir az idman da etdi.

- Britaniya kapitalının Azərbaycanın azad edilmiş ərazilərində iştirakı perspektivlərini necə qiymətləndirirsiniz?

- Britaniya şirkətlərinin artıq bu ərazilərin minalardan təmizlənməsində fəal rol oynadığını və insanların həyatını xilas etməyə kömək etdiyini görmək çox xoşdur. Məsələn, bir Britaniya şirkəti yeni tikilən Füzuli hava limanının ərazisini təmizləmək üçün mina təmizlənməsi avadanlığı təqdim edir və bununla bağlı təlimlər keçir. Digər Britaniya şirkətlərinin də cəlb olunmasını gözləyirik.

Daha geniş şəkildə geri qaytarılmış ərazilərdə bərpa olunan enerji, mədən sənayesi, turizm və kənd təsərrüfatı daxil olmaqla, müxtəlif sahələrdə imkanları reallaşdırmaq üçün birgə çalışacağımıza ümid edirik. Prezidentin yaşıl enerji və ağıllı şəhərləri diqqət mərkəzinə almasını alqışlayıram və ümid edirəm ki, daha çox Britaniya firmaları Azərbaycan üçün bir nümunə və hamı üçün səmərəli olan yaşıl, inklüziv icmaların qurulması prosesini dəstəkləyə bilər.

- Keçən ay yerli KİV Britaniyanın "Chapman Taylor" şirkətinin Şuşanın əsas planını yaratmaq üçün tenderi qazandığı barədə yazırdı. Cənab səfir, bu barədə məlumat verə bilərsinizmi?

- Bəli, mən o xəbərləri görmüşəm. "Chapman Taylor" Azərbaycanda bir çox memarlıq, dizayn işləri reallaşdırıb və onların gördükləri iş burada səlahiyyətli şəxslər tərəfindən kifayət qədər təqdir edilir. Şuşa ilə bağlı onların planlarını hələ görməmişəm, amma səbirsizliklə bunu gözləyirəm.

- Azərbaycan hökuməti bərpa olunan enerji mənbələrini inkişaf etdirməyi və Qarabağ bölgəsini “yaşıl enerji zonası”na çevirməyi hədəfləyir. Ötən ay ölkənin Energetika Nazirliyi və BP arasında bu bölgədə günəş elektrik stansiyası inşası ilə bağlı İcra Sazişi imzalanıb. Beləliklə, Britaniyanın Azərbaycanın bərpa olunan enerji sənayesi, xüsusən də azad edilmiş ərazilərdə bu sahə ilə bağlı planları nələrdir?

- Bəli, qlobal istiləşmə ilə üzləşdiyimiz dövrdə hökumətin yalnız Azərbaycanın deyil, bütün planetin gələcəyi üçün vacib olan daha çox bərpa olunan enerjinin inkişafına dair öhdəliyini görməkdən həqiqətən məmnunam. Britaniya iqlim dəyişikliyi ilə mübarizədə dünya lideridir. Məsələn, bu yaxınlarda dünyanın ən iddialı iqlim dəyişikliyi hədəfini - 1990-cı illə müqayisədə 2035-ci ilədək emissiyaların 78% azaldılması qanuniləşdirdik. Və bu ilin sonunda iqlim dəyişikliyi ilə mübarizədə həlledici olacaq növbəti böyük qlobal zirvə görüşünə (COP26) ev sahibliyi edirik. Prezident Əliyevi orada qarşılamağı səbirsizliklə gözləyirik və Azərbaycandan emissiyaların azaldılması ilə bağlı daha iddialı hədəf gözləyirik.

Burada bərpa olunan enerji imkanlarına gəlincə, dediyim kimi, Prezidentin geri qaytarılan ərazilərdə yaşıl enerjiyə diqqət yetirməsini çox alqışlayırıq. BP ilə razılaşma vacib addımdır və əminəm ki, BP daha çox imkanlar axtaracaq. Britaniya hökuməti kimi, BP də 2050-ci ilə qədər istixana qazı tullantılarının sıfır səviyyəsində qalmasına dair öhdəlik götürüb və bərpa olunan enerji bu strategiyanın əsas elementidir. Səfirlik olaraq Azərbaycanın nəhəng görünən dəniz külək enerjisi potensialı ilə bağlı araşdırmanı maliyyələşdirmişik. Britaniya dənizdə külək enerjisi istehsalında dünyanın aparıcı ölkəsidir, buna görə şirkətlərimizin bu sahədə Azərbaycana təklif edəcəyi təcrübəsi çoxdur.

- Son sualım isə ölkənizin NATO müttəfiqi olan Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi ilə bağlıdır. Britaniya hökumətinin bu pakta yanaşması necədir?

- Həm Türkiyə, həm də Azərbaycan Britaniyanın dostudur və Türkiyə Sizin də qeyd etdiyiniz kimi, NATO müttəfiqidir. Azərbaycanın NATO Alyansı ilə Sülh Naminə Tərəfdaşlıq proqramını və ölkənizin Əfqanıstandakı kimi çoxmillətli NATO missiyalarına verdiyi töhfələri çox yüksək qiymətləndiririk, hansı ki, qlobal təhlükəsizliyə dəyərli töhfədir.

Şuşa Bəyannaməsi ilk növbədə Azərbaycan və Türkiyənin işidir. Daha geniş şəkildə deyərdim ki, - keçən il Azərbaycan və Ermənistan arasındakı münaqişədən sonra - mənim üçün vacib görünən budur ki, tərəflər dialoq və konkret etimad tədbirləri vasitəsi ilə öz aralarında etimad yaratsın. Bu yaxınlarda mina xəritələri və saxlanılanların mübadiləsi vacib bir addım idi və mən ümid edirəm ki, biz daha çox belə razılaşmalar görəcəyik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR