Səfir: “Əfqanıstanda uzun müddətdir, davam edən qarşıdurmalardan ən çox əziyyət çəkən ölkə Pakistandır” - MÜSAHİBƏ

Səfir Bilal Hayee

© APA | Səfir Bilal Hayee

# 27 avqust 2021 15:47 (UTC +04:00)

Pakistan İslam Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Bilal Hayeenin APA-ya müsahibəsi

- Cənab səfir, dünən Kabil hava limanında dəhşətli terror aktı törədildi. Öncə bu hadisəyə münasibət bildirməyinizi istərdik...

- Pakistan Kabil hava limanında uşaqlar da daxil olmaqla, xeyli sayda insanın ölümü ilə nəticələnən xain terror aktını şiddətlə pisləyir. Pakistan, ümumiyyətlə, hər zaman terrorizmin bütün formala və təzahürlərinə qarşıdır və onları pisləyir. Həlak olanların ailələrinə başsağlığı verir, onların kədərini bölüşür, yaralıların tezliklə sağalması üçün dua edirik.

- 1990-cı illərin ortalarında yalnız üç ölkə - Pakistan, Səudiyyə Ərəbistanı və BƏƏ "Taliban"ın Əfqanıstan üzərində nəzarətini rəsmən tanıdı. Amma indi gördüyümüz budur ki, Pakistan Kabilin yeni idarəçilərini tanımağa tələsmir. Hər kəs üçün maraqlıdır ki, bu dəfə İslamabad qonşu ölkədəki dəyişikliyə necə reaksiya verəcək? Ümumilikdə Pakistan da daxil olmaqla regional ölkələr Əfqanıstanda davamlı sülh və sabitliyə necə töhfə verə bilər?

- Əfqanıstan xalqının qırx il davam edən münaqişə nəticəsində çox böyük əziyyətlər çəkdiyini unutmuruq. Uzun müddətdir, davam edən qarşıdurmalardan Əfqanıstandan sonra ən çox əziyyət çəkən ölkənin Pakistan olduğu da bir həqiqətdir. Pakistan 80 mindən çox itkiyə və 150 milyard dollardan çox iqtisadi ziyana məruz qalıb. Bu səbəbdən Pakistanın Əfqanıstanın sabitliyində böyük marağı var.

Pakistanın Əfqanıstandakı hədəfləri beynəlxalq ictimaiyyətinki ilə üst-üstə düşür. Biz bu ölkədə Əfqanıstanın bütün çalarlarının təmsil olunduğu, öz ölkələrinin inkişafı və sülhün bərqərar olması üçün rol oynaya biləcəyi inklüziv hökumət görmək istəyirik.

Əfqanıstanda uzun müddət davam edən münaqişənin əfqanlar arasında siyasi həll yolu ilə bitməsini təmin etmək üçün regional ölkələr də daxil olmaqla beynəlxalq ictimaiyyətlə işləyirik.

Pakistanın xarici işlər naziri Əfqanıstan məsələsini regional ölkələrin liderləri ilə müzakirə etmək üçün Tacikistan, Özbəkistan, Türkmənistan və İrana səfərini bir müddət əvvəl tamamlayıb.

- Bildiyimiz kimi, "Taliban" Əfqanıstana nəzarəti ələ keçirdikdən sonra minlərlə insan ölkəni tərk etməyə çalışır. Qaçqın axını ilə üzləşən ölkələrdən biri də Pakistandır. Pakistan hökuməti bu vəziyyətin öhdəsindən necə gəlməyi planlaşdırır?

- Əfqanıstanla uzun sərhədə malik və bu ölkənin yaxın qonşusu olan Pakistan Əfqanıstanda qeyri-sabitliyin yayılmasının təsirlərinə həmişə məruz qalıb. Biz artıq 4 milyondan çox əfqan qaçqına ev sahibliyi edirik və digər ölkələrlə yanaşı, Pakistana da daha çox qaçqının gəlməsi ehtimalı var. İdeal həll qaçqınların kütləvi köçünü azaldacaq şəraiti yaratmaq üçün beynəlxalq birliyin Əfqanıstan daxilindəki əfqanlarla birlikdə çalışmasını təmin etməkdir. Təbii ki, sığınacaq üçün sərhədlərimizə gələnlərə kömək istiqamətində Pakistan əlindən gələni edəcək.

- Siyasi ekspertlər arasında belə bir fikir var ki, Əfqanıstanda millətçi quruluşun hakimiyyəti nəzarət altına alması Pakistan üçün də problemdir. Çünki Əfqanıstandakı "Taliban" "Dürand Xətti"nə qarşıdır. Beləliklə, Əfqanıstanla Pakistan arasında yeni bir qarşıdurma yarana bilərmi?

- Mənim fikrimcə, bu mərhələdə həll edilmiş məsələ olan "Dürand Xətti"nin hüquqi və tarixi tərəfləri barədə danışmaq o qədər də aktual deyil. Pakistan həmişə Pakistan və Əfqanıstan arasında insanların və ya malların hərəkətinin digər beynəlxalq sərhəd keçidlərində olduğu kimi tənzimlənməli olduğunu vurğulayıb.

- Əfqanıstanın bir daha terrorçular üçün sığınacaq olmayacağına dair heç bir zəmanət yoxdur. Bunun qarşısını almaq üçü regional ölkə olaraq Pakistan beynəlxalq birliklə necə əməkdaşlıq edə bilər?

- Son bir neçə ildir, Pakistanın ən böyük narahatlığı idarə edilməyən, nəzarətsiz yerlərlə bağlı olub, hansı ki, bu yerlərdən bir çox terror təşkilatları Pakistanın daxilində terror aktları təşkil etmək üçün istifadə ediblər. Pakistan bu narahatlıqlarını BMT də daxil olmaqla beynəlxalq ictimaiyyətə çatdırmaqda rekorda imza atıb. İndi xarici qüvvələrin getməsi ilə Əfqanıstan ərazisindən başqa bir ölkəyə qarşı istifadə edilməməsini təmin etmək Əfqanıstana nəzarəti ələ alanların məsuliyyəti daxilində olmalıdır.

Bununla əlaqədar "Taliban"dan bəzi açıqlamalarını qeydə almışıq. Gəlin, hamımız bu cür bəyanatların həyata keçiriləcəyinə ümid edək. Beynəlxalq toplumun da Əfqanıstanda nəzarəti əlində saxlayanların bu vədləri yetirməsinə kömək etməkdə oynayacağı bir rolu var.

Mühüm addımlardan biri Əfqanıstana müharibə iqtisadiyyatından qanuni iqtisadiyyata keçmək üçün lazımı maliyyə yardımı göstərmək ola bilər. Son 20 ildə insan inkişafı indeksindəki qazancların tərsinə dönməsinə icazə verilməməlidir.

- Belə bir fərziyyə var ki, Əfqanıstanda radikal dini qrupların yüksəlişi qonşu ölkə olan Pakistanda da radikalları cəsarətləndirəcək. Bu təqdirdə, Pakistan bununla necə mübarizə aparacaq, bunun qarşısını necə alacaq?

- Bununla bağlı narahatlıq, qorxu Pakistanın bir çox dairələri tərəfindən də ifadə edilib. Hadisələrin necə inkişaf edəcəyini yalnız zaman göstərəcək. Pakistan son bir neçə ildə Əfqanıstan istiqamətindən Pakistan Taliban Hərəkatı və İŞİD-in törətdiyi terror hücumlarından əziyyət çəkib. Bu hücumlar Pakistanın düşmənləri tərəfindən dəstəklənib. Bu illər ərzində Pakistan Əfqanıstanla sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün bir sıra addımlar atıb ki, bura sərhədə hasar çəkilməsi və hərəkətin daha yaxşı izlənməsi, monitorinqi daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR