Səfir Qross: “Azərbaycan-Fransa münasibətlərində soyuqluq olduğuna əmin deyiləm” - MÜSAHİBƏ

Fransanın Azərbaycandakı səfiri Zakari Qross

© APA | Fransanın Azərbaycandakı səfiri Zakari Qross

# 09 iyun 2021 11:13 (UTC +04:00)

Fransanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Zakari Qrossun (Zakari Gross) APA-ya müsahibəsi

- Son vaxtlar Fransa və Azərbaycan arasında münasibətlərin soyuduğunun şahidiyik. Bu barədə, cənab səfir, Sizin fikrinizi soruşmaq istərdim, iki ölkə arasında münasibətlərin vəziyyəti necədir?

- Siz deyirsiniz ki, Azərbaycanla Fransa arasında münasibətlərdə soyuqluq var. Bunun belə olduğuna əmin deyiləm. Son müharibə zamanı və sonra bir az gərginlik ola bilərdi, lakin təməl olaraq Fransa hökumətinin mövqeyi dəyişməz olaraq qalır. Yəni Fransa sabit və etibarlı Cənubi Qafqaza nail olmaq üçün Azərbaycanın müstəqilliyinin və çiçəklənməsinin vacibliyinə inanır.

Konstruktiv ikitərəfli dialoq son aylarda davam edib. Prezident Makron yanvar ayında Prezident Əliyevə zəng etdi. Nazir Lemoyne yanvarın sonunda Bakıda səfərdə idi. Bir qrup fransız senator və millət vəkili fevral ayında Bakıya səfər etdi. May ayında senator Nathalie Qule Azərbaycanı ziyarət etdi və 1-ci vitse-prezidentin diplomatik məsləhətçisi, səfir Elçin Əmirbəyov cəmi bir neçə gün əvvəl Parisdə bir sıra məsləhətləşmələr keçirdi.

İkitərəfli gərginliyə gəlincə, bu, təəccüblü deyil. Çünki münaqişə zamanı və münaqişədən sonrakı dövrdə ortaya qoyulan məqsədlər mühümdür. Lakin müşahidə edirəm ki, Azərbaycanın Rusiya Federasiyası, ABŞ, İran və bir sıra Avropa ölkələri kimi digər vacib iştirakçılarla münasibətlərində gərginlik əlamətləri olub. Ancaq hər iki tərəfin bu gərginliyi aradan qaldırmağa çalışması Fransa ilə Azərbaycan arasında münasibətlərin möhkəmliyinə işarədir.

- Bu, bir faktdır ki, Fransa ermənipərəst olmaqda ittiham olunur. Münaqişə tərəfləri arasında vasitəçi olaraq daha balanslı mövqe tutmaq Fransanın marağında olmazdımı?

- Ermənistanla əsrlərdən bəri davam edən münaqişədə Azərbaycan tərəfdir. Fransa bu münaqişədə tərəf deyil və bu münaqişənin kökləri ilə heç bir əlaqəsi yoxdur. Ancaq bunun sonunu görəcəyimizə ümid edirik.

Fransa Cənubi Qafqazın hər üç ölkəsi ilə dostluq əlaqələrinə sahib olmaq istəyir. Niyə də biz bunu etməməliyik? Bu regionda gizli gündəmimiz yoxdur. Ancaq Ermənistan və Azərbaycan hələ də qarşılıqlı antipatiya vəziyyətində olduğu üçün hər iki tərəfdən də Fransaya qarşı tənqid var - Fransa ermənilərin acınacaqlı vəziyyətinə simpatiyasını ifadə etdikdə Azərbaycanın, azərbaycanlıların iztirablarına simpatiya bildirəndə Ermənistanın tənqidini eşidirik.

2020-ci il noyabrın 9-da və 2021-ci il yanvarın 11-də imzalanmış Bəyanatların həyata keçirilməsi ilə bağlı hələ də həll edilməli bir çox məsələ var - bura saxlanılanların sərbəst buraxılması, BMT təşkilatlarının əraziyə girişi, regional əlaqə və nəqliyyat marşrutlarının blokdan çıxarılması və s. daxildir. Daha geniş olaraq qeyd edim ki, bölgənin minalardan təmizlənməsi kimi təhlükəsizlik məsələləri də mövcuddur, həmçinin siyasi proses tələb edən barışıqla bağlı məsələlər yerində qalır. Fransa və Almaniyanın bu sahədə əhəmiyyətli tarixi təcrübəsi var.

Maraqlıdır ki, bəzi insanlar Fransanın mövqeyini beynəlxalq ictimaiyyətin əksəriyyətinin geniş paylaşılan mövqeyinə aid etməkdən məmnundurlar. Məsələn, saxlanılan ermənilərin azad edilməsi tələbi Minsk qrupu həmsədr ölkələrin hamısının və Aİ-yə bir sıra üzv dövlətlərin səsləndirdiyi bir müraciətdir. Eyni şey həmsədrlər və BMT-nin humanitar qurumlarının Rusiya sülhməramlılarının nəzarətindəki Qarabağ bölgəsinə giriş xahişi bu qəbildəndir. Bunlar yalnız Fransanın deyil, beynəlxalq müraciətlərdir.

Beləliklə, sualınıza cavab olaraq, düşünürəm ki, Fransa balanslı mövqe tutur və ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə beynəlxalq vasitəçi kimi səylərini davam etdirməyə hazırdır, bunun yalnız Azərbaycan və Ermənistan üçün faydalı ola biləcəyini düşünürəm. Bu gün bu, bütün azərbaycanlılar üçün tam aydın ola bilməz, amma zaman keçdikcə çoxunun bunu görəcəyinə inanıram.

- Dəyişən geosiyasi vəziyyəti və bölgədəki yeni dinamikanı nəzərə alaraq gələcəkdə Fransanın Cənubi Qafqaza yönəlik xarici siyasətində yeni elementlər görəcəyikmi?

- Fransa Cənubi Qafqazda fəal olub və bu belə olaraq qalacaq. Biz Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkəyik. Azərbaycanla güclü siyasi əlaqələrimiz var - mən düşünmürəm ki, son bir ildə Prezident Makrondan daha çox Prezident Əliyevlə dialoqa girən bir Avropa və ya Qərb lideri var. O, bunu hər zaman dost ruhunda və xoş niyyətlə, müsbət gündəmlə edib. İnanıram ki, Azərbaycan rəhbərliyi bunu başa düşür və qəbul edir.

Şübhəsiz ki, Azərbaycan Ermənistanla münaqişənin bitdiyini hesab edir və Azərbaycanın regionda fəaliyyət göstərməyə hazır olduğunu göstərən yeni mühitin perspektivlər vəd etdiyini düşünürəm.

Eyni zamanda, düşünürəm, aydındır ki, bölgədə həll ediləcək məsələlər hələ də var - siyasi, humanitar, iqtisadi və mədəni... Və Fransa bu sahələrin hamısında inteqrasiya olunmuş Cənubi Qafqaz siyasətini inkişaf etdirmək üçün yaxşı mövqedədir. Fransa Ermənistan və Gürcüstan kimi, Azərbaycanın da əhəmiyyətli siyasi, mədəni, biznes tərəfdaşıdır və belə olaraq qalacaq. Ümid edirəm və düşünürəm ki, bu, ölkələrimiz üçün ən faydalısı olacaq.

Fransanın İnkişaf Agentliyi - AFD Azərbaycanın dəmiryollarının Bakıdan Tbilisiyə və Astaradan Rusiya sərhədinə qədər xətlərinin modernləşdirilməsi və Azərbaycan Dəmir Yollarının səmərəli fəaliyyəti üçün 288 milyon avro investisiya qoyub.

Sadəcə, bir nümunə götürək, Fransa onsuz da Azərbaycanın infrastruktur və əlaqələnmə proqramının əsas investorudur. AFD nəqliyyat, su, yaşıl enerji və s. sahələrindəki sərmayələrini iki dəfə artıraraq 600 milyon avroya çatdırmağa hazırdır. Fransa Avropa İttifaqı və digər beynəlxalq investorlarla birlikdə bu sahələrdə çalışmaq istəyərdi və bu, Azərbaycanın və regionun gələcəyi üçün müsbət dəyişiklik yarada bilər.

- Yanvar ayında Fransanın Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Baptist Lemoyne Azərbaycana səfərində bildirdi ki, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi müharibədən sonrakı fəaliyyətə töhfə verə bilər. Bu açıqlamadan 4 ay keçib, bu istiqamətdə Fransa hər hansı addımlar atıb?

- Azərbaycanla danışıqlar apardığımız sahələrdən biri də minalardan təmizləmədir. Qarşılıqlı əməkdaşlıq proqramını müəyyənləşdirmək üçün ANAMA-nın rəhbəri ilə dəfələrlə görüşmüşəm. Fransa minalardan zərər çəkənlərə yardım və mina təmizləyənlər üçün qoruma-müdafiə vasitələri də daxil olmaqla bu sahədə yardım göstərməyə hazırdır.

Görüləcək iş çoxdur. Minadan təmizlənəcək ərazi Şimali və Cənubi Koreya arasında minadan təmizlənmiş ərazidən daha böyükdür.

Qurbanların sayı artıq onsuz da çoxdur. Bu yaxınlarda yerli hökumət nümayəndəsi və iki jurnalistin ölümü də daxil olmaqla 100-dən çox ölən və yaralanan var. Bu, çox kədərlidir, mən onların ailələrinə baş sağlığı verirəm.

Düşünürəm ki, bu əməkdaşlıq layihəsi insanların həyatını xilas etmək, məcburi köçkünlərin geri qayıtması üçün çox vacibdir.

Bu bizim ilk qarşılıqlı humanitar layihə deyil. Məsələn, səfirlik ötən ilin noyabrında 4 fransalı cərrahdan ibarət komandanın Azərbaycana səfərini təşkil etdi, onlar müharibədə yaralananları Bakıda müalicə etdilər və özlərinin ixtisaslaşmış təcrübəsini bölüşdülər. Çünki 2015-ci ilin fevralında Fransadakı terror hücumlarından sonra bu sahədə təcrübəmizi daha da inkişaf etdirmişik, hər iki tərəf üçün çox müsbət layihə idi.

- Azərbaycanın azad edilmiş torpaqlarında yenidənqurma prosesində iştirak etmək üçün istəklərini bildirmiş ölkələr var. Quruculuq prosesinə cəlb olunmaq istəyən bu ölkələrin şirkətləri, imkanlarla ilə tanış olmaq və bacarıqlarını təklif etmək üçün Azərbaycan hökuməti ilə danışıqlar aparır. Fransız şirkətləri bu istiqamətdə maraq və təkliflərini ifadə edibmi?

- Biznes siyasətə bağlı deyil, çünki bazar iqtisadiyyatı hər zaman "ən münasib qiymətə ən yaxşı təklif" prinsipinə əsaslanır. Bir çox fransız şirkəti artıq Azərbaycanda mövcuddur və onlar yalnız lüks mallar deyil, su ehtiyatlarının idarəçiliyi, bərpa olunan enerji, yerli nəqliyyat, elektrik istehsalı, kənd təsərrüfatı və ağıllı şəhərlər sahəsində yerli - azərbaycanlı müştərilərlə öz işlərini davam etdirməyə həvəslidir.

Sizin suala cavab olaraq isə Fransanın Xarici İşlər Nazirliyinin dövlət katibi Lemoyne yanvar ayında bura səfər edərkən aydın şəkildə bildirdi ki, Fransız biznesinin yenidənqurma prosesində iştirakına siyasi maneə yoxdur.

- Azərbaycanla Fransa arasında təhsil sahəsində də əməkdaşlıq mövcuddur, UFAZ, Fransız liseyi, tələbə mübadiləsi və s. Gələcək üçün bu sahədə yeni layihələr varmı?

- Keçən ilin sentyabr ayından UFAZ-da mövcud bakalavr kurslarına əlavə olaraq kimya, neft-qaz mühəndisliyi və kompüter elmləri üzrə üç magistr proqramı açıldığına görə çox xoşbəxtəm. UFAZ-ın artıq 600-dən çox tələbəsi var və bunun böyüməyə davam etməsini istəyirik.

Bundan savayı, gələn sentyabr ayında Bakı Dövlət Universitetində II Lion Universiteti ilə birgə əqli mülkiyyətin qorunması sahəsində yeni magistr proqramı açılacaq və əminəm ki, həm Azərbaycan, həm də beynəlxalq əmək bazarında cəlbedici olacaq ikili diplom veriləcək. Proqram ingilis və fransız dillərində tədris ediləcək ki, bu da əla bir kombinasiyadır.

Daha çox azərbaycanlı tələbənin də ali təhsil layihələri üçün Fransanı seçməsini görməyi istərdim. Fransada ingilis dilində 1000-dən çox universitet proqramı mövcuddur, belə ki, fransız dilini bilmədən belə, seçim çox genişdir. Fransa səfirliyi Azərbaycanın hər yerindən gələn tələbələrə təqaüd verməyə davam edir və tələbələrə viza verməyi heç vaxt dayandırmayıb.

Beləliklə, Fransız ali təhsilinin əla keyfiyyətini və Fransa Universitetləri tərəfindən tətbiq olunan olduqca münasib təhsil haqlarını nəzərə alaraq, bu sahədə ikitərəfli əməkdaşlığımızın böyüməsini görmək üçün bütün səbəblərin olduğunu düşünürəm.

Maraqlanan hər kəs Fransanın Bakıdakı səfirliyi ilə əlaqə saxlaya bilər.

- Və son sual... Fransa ilə Azərbaycan arasında münasibətləri daha da gücləndirmək üçün nə edilməli, hansı səylər göstərilməlidir?

- Düşünürəm ki, gələn il Fransa-Azərbaycan diplomatik münasibətlərinin 30-cu ildönümünü qeyd etmək üçün xüsusi mədəni tədbir keçirməliyik. Hazırda gizli saxladığım, lakin tezliklə açıqlayacağıma ümid etdiyim bir neçə xüsusi ideyam da var!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR