Sergey Markov: “Erməni icmasının tədricən Azərbaycan cəmiyyətinə inteqrasiyasına nail olmaq lazımdır”

Sergey Markov, İqor Korotçenko

© APA | Sergey Markov, İqor Korotçenko

# 15 noyabr 2021 13:19 (UTC +04:00)

“Erməni icmasının tədricən Azərbaycan cəmiyyətinə inteqrasiyasına nail olmaq lazımdır”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov bildirib.

S. Markov deyib ki, qonşuluqda azərbaycanlılar yaşayan yaşayış məntəqələri ilə ticarət əlaqələrinin başlaması, Azərbaycan manatının ödəniş vasitəsi kimi istifadə edilməsi inteqrasiya istiqamətində ilk addım olar: “Heç bir addım atılmasa, 4 ildən sonra Rusiya sülhməramlıları çıxıb getsə, Azərbaycan Ordusu müqavimətlə qarşılaşmadan həmin ərazilərə daxil olacaq, Azərbaycan strukturları o ərazilərdə fəaliyyətə başlayacaq. Bu halda oradakı erməni icmasının bir hissəsi Laçın dəhlizi vasitəsi ilə həmin ərazini tərk edəcək, müəyyən bir qismi, tutaq ki, yaşlılar qala bilər. Ona görə də inteqrasiya prosesinin başlaması yaxşı olar”.

Rusiya “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko isə vurğulayıb ki, Rusiya sülhməramlılarının əsas vəzifəsi sülh və təhlükəsizliyi təmin etməkdir: “Bu vəzifə uğurla yerinə yetirilir. Bunu Azərbaycan və Rusiya prezidentləri də bildiriblər”.

İqor Korotçenko qeyd edib ki, Rusiya sülhməramlıları bu vəzifəni yüksək peşəkarlıq və dəqiqliklə yerinə yetirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR